Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu (9 iyun 1992)
I. Ümumi müddəalar
Maddə 1. hərbi xidmətə çağırışın əsasları haqqında qanun-vericiliyin məqsədi və vəzifələri
Azərbaycan Respublikasında hərbi vəzifə müəyyən edilməsinin məqsədi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün onları komplektləşdirməkdir.
Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında qanunvericiliyin vəzifələri hərbi vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək və həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaqdır.
Maddə 2. Azərbaycan Respublikasında hərbi vəzifə
Azərbaycan Respublikasının Konstitusiyasına və «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və hərbi xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.
Bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir.
Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərilən şəxslərdən başqa Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Qanunla müəyyən edilmiş hallarda öz əqidəsinə və başqa əsaslara görə həqiqi hərbi xidmətə qəbul edilə bilməyən Azərbaycan Respublikası vətəndaşları 24 ay müddətində alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməlidirlər.
Azərbaycan Respublikasının tibbi və ya başqa ixtisas təhsili olan 19 yaşından 40 yaşınadək qadın vətəndaşları özlərinin razılığı ilə hərbi uçota götürülə bilər və müqavilə əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin köməkçi və ya başqa bölmələrində xidmət edə bilər.
II. Gənclərin hərbi xidmətə hazırlanması və vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi
Maddə 3. Çağırışqabağı hazırlıq
Çağırışaqədər yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılanadək onları hərbi xidmət keçməyə hərtərəfli hazırlamaq məqsədilə istehsalatdan və təhsildən ayrılmamaqla hər yerdə çağırışqabağı hazırlıq aparılır.
Gənclərin çağırışqabağı hazırlığı, o cümlədən mülki müdafiə üzrə hazırlığı ümumtəhsil, texniki peşə, orta ixtisas məktəblərində buraxılışdan əvvəlki sinifdən başlayaraq çağırışqabağı hazırlıq rəhbərləri, müəllimləri tərəfindən həyata keçirilir.
Maddə 4. Çağırışçıların hərbi-texniki ixtisaslar üzrə hazırlanması
17 yaşına çatmış çağırışçılar könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətinin təhsil təşkilatlarında və texniki-peşə məktəblərində hər il istehsalatdan ayrılmaqla hərbi-texniki ixtisaslara yaxın olan peşələr üzrə hazırlıq keçə bilər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi ilə hərbi-texniki ixtisaslar üzrə hazırlanmalı olan çağırışçıların sayını Azərbaycan Respublikasının Nazirlər Kabineti, ixtisasların siyahısını və hazırlıq proqramlarını isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edir.
İstehsalatdan ayrılmaqla çağırışqabağı hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi saxlanılır və əsas iş yeri üzrə orta əmək haqqı, habelə təhsil yerinə gedib-gəlmək haqqı ödənilir.
hərbi komissarlıqların çağırışqabağı hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə kəlməsi məcburidir.
Maddə 5. Ali tədris müəssisələri tələbələrinin (kursantların) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı
Gündüz (əyani) ali tədris müəssisələri tələbələrinin (kursantlarının) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ali məktəblərin struktur bölmələri olan hərbi (hərbi-dəniz) kafedralarda təşkil edilir və aparılır. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı səhhətinə görə hərbi xidmətə yarayan 35 yaşınadək kişi tələbələr, hərbi tibbi hazırlığı isə həm də orta ixtisas və ali tibb məktəblərinin qadın tələbələri keçirlər.
Hərbi (hərbi-dəniz) kafedralarda zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığın aparıldığı hərbi ixtisasların siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.
Tam hərbi hazırlıq kursu keçib zabit rütbəsi almış və hərbi qulluqda olan şəxslərə ali məktəbdə hərbi hazırlıq keçdiyi dövr müddətli həqiqi hərbi xidmətin hesabına daxil edilir.
Ali məktəbə daxil olanadək müddətli hərbi və ya alternativ xidmət, yaxud toplanış hazırlığı keçməmiş və ali məktəbdə tədris nəticəsində zabit rütbəsi almamış şəxslər ali məktəbi bitirdik-dən sonra bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə və ya toplanışda hazırlığa çağırılırlar.
Tələbələrin (kursantların) hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birlikdə lazımi tədris-material bazasını yaradır, hərbi kafedraların müəllim heyətinin seçilməsini və hazırlanmasını təmin edir, bunun həyata keçirilməsinə nəzarət edir.
Hərbi hazırlıq ali məktəblərin dərs planlarına müstəqil tədris fənni kimi daxil edilir.
Maddə 6. Hərbi tədris müəssisələrinə daxil olmağa hazırlıq
Hərbi tədris müəssisələrinə daxil olmaq arzusunu bildirən gənclərin yaşayış yeri üzrə hərbi komissarlıqlarda daxil olmadan əvvəlki ildə onlarla müəyyənedici toplanışlar və ya məşğələlər keçilir.
Hərbi, hərbi-dəniz məktəblərində, hərbi-bədən tərbiyəsi hazırlığının gücləndirildiyi və ya ilkin uçuş hazırlığı keçilən xüsusi internat məktəblərində də hərbi tədris müəssisələrinə daxil olmağa hazırlıq aparılır.
Maddə 7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi
Kişi cinsli vətəndaşlar 16 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər.
Vətəndaşlar çağırış məntəqələrinə hər il, yanvar—mart ayları ərzində daimi və ya müvəqqəti yaşayış yeri üzrə təhkim edilirlər.
Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər.
Bu Qanunun 23-cü maddəsində göstərilmiş şəxslər, habelə hərbi vəzifələrin ilkin uçotunu aparmağın tapşırıldığı yerli icra hakimiyyəti orqanları, müəssisələr, idarələr, təşkilatlar və təhsil ocaqları hər il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddətdə çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahılarını müvafiq rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına təqdim edirlər.
Çağırış məntəqəsinə təhkim edilməli olan vətəndaşlar təhkim edilmək üçün hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə çağırış məntəqəsinə kəlməli və lazımi sənədləri təqdim etməlidirlər. Çağırışaqədər yaşlı vətəndaşların təqdim etdikləri sənədlərin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən olunur və hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilir.
Çağırış məntəqələrinə təhkim edilmiş vətəndaşlara çağırış komissiyasının qərarı elan edilir, çağırış məntəqəsinə təhkim edilmək haqqında vəsiqə verilir, onların hüquq və vəzifələri, hərbi uçotun qaydaları və hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur.
III. Həqiqi hərbi xidmətə çağırış və bağlaşma üzrə hərbi xidmətə daxil olma
Maddə 8. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması
Lazımi sayda vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında hər yerdə ildə dörd dəfə, yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılır.
Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı elan olunduqdan sonra 20 gün müddətində qanunla müəyyən olunmuş muddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə uçotda olduğu hərbi komissarlığa, hərbi uçotda olmayan çağırışçılar isə yaşayış yeri üzrə hərbi komissarlığa gəlməlidirlər.
Müəssisələrin, idarələrin və təşkilatların, kolxozların və təhsil ocaqlarının rəhbərləri çağırışçıları ezamiyyətlərdən geri çağırmalı və çağırış məntəqəsinə onların vaxtında kəlməsinə köməklik etməlidirlər.
18 yaşına çatmış və daha yuxarı yaşlı çağırışçıların çağırış məntəqəsinin dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər hərbi komissarlığa təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:
- müdiriyyət tərəfindən başqa yerdə işə keçirilmiş olsun;
- ailənin tərkibində, yaxud mənzil alması ilə əlaqədar yeni yaşayış yerinə köçmüş olsun;
- tədris müəssisəsinə qəbul edilmiş olsun və təhsil almağa getsin və ya tədris müəssisəsini bitirmiş olsun və ya tə’yinat üzrə işə göndərilsin;
Aşağıdakılar müəyyən edilmiş müddətdə çağırış məntəqələrinə gəlməməyin üzürlü səbəbləri sayılır:
- çağırışçının xəstəliyi tibbi müayinəyə görə onu çağırış məntəqəsinə şəxsən gəlmək imkanından məhrum etmişdir;
- kortəbii xarakterli maneə; bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı və ya daxili işlər orqanı tərəfindən təsdiq edilməlidir.
Aşağıdakılar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:
- çağırışdan azad edilənlər;
- islah-əmək müəssisələrində azadlıqdan məhrumetmə növündə cəza çəkən və ağır cinayətlər üstündə məhkum olunmuş vətəndaşlar;
- islah işləri şəklində cinayət cəzası çəkmiş və ya çəkən, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş yuxarıda göstərilən cəza tədbirlərindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, şərti məhkum edilmiş vətəndaşlar, habelə azadlıqdan məhrumetmə şəklində cəzasının icrası təxirə salınmış şəxslər—məhkumluq müəyyən edilmiş qaydada götürülənədək və ya ödənilənədək;
- barəsində təhqiqat və ya istintaq aparılan, yaxud cinayət işinə məhkəmə tərəfindən baxılan vətəndaşlar .
Həqiqi hərbi xidmətdən buraxılma Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.
Azərbaycan Respublikasının xaricdə yaşayan kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla müəyyən edilmiş qaydada çağırılırlar.
Üzrlü səbəblər olmadan qanunla müəyyən olunmuş müddətdə çağırış məntəqələrinə gəlməyən şəxslər, habelə üzrsüz səbəblərə görə hərbi xidmətə çağırış və hərbi hissələrə göndərilmək üçün hərbi komissarlıqlara gəlməyən vətəndaşlar və ya vətəndaşların hərbi komissarlıqlara və ya toplanış məntəqəsinə vaxtında gəlmələrinə maneçilik törədən idarə, təşkilat və təhsil müəssisələrinin rəhbərləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
Maddə 9. Çağırış komissiyaları
Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonlarda, şəhərlərdə, şəhər rayonlarında aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır:
- komissiyanın sədri — rayon (şəhər) hərbi komissarı;
- komissiyanın sədr müavini — rayon (şəhər) icra hakimiyyəti başçısının müavini;
- komissiyanın üzvləri—rayon, şəhər, şəhərdə rayon daxili işlər şöbəsinin nümayəndəsi, həkimlər, deputatlar.
Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının fərdi tərkibini müvafiq yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.
Maddə 10.Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri
Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır:
- çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək;
- hərbi tədris müəssisəsinə göndərilmək üçün namizədləri aşkara çıxarmaq və ilkin qaydada seçmək;
- tibbi, psixoloji və başqa göstərişlərə görə könüllü hərbi vətənpərvərlik idman-texniki cəmiyyətinin tədris müəssisələrində və texniki peşə məktəblərində çağırışçıların hərbi-texniki ixtisaslar üzrə hazırlanması proqramları əsasında təhsil almağa yarayan şəxsləri səmərəli bölüşdürmək;
- çağırışçıların tibbi müayinəsini təşkil etmək;
- vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və onların həqiqi hərbi xidmətdə istifadəyə təyin edilməsi haqqında qərar qəbul etmək;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bölgüsü üzrə-müddətli həqiqi hərbi xidmətin keçilməsi yeri haqqında qərar qəbul etmək;
Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək;
müddətli həqiqi hərbi xidmətə çağırılan və hərbi tədris müəssisələrinə daxil olmaq arzusunu bildirən vətəndaşların qəbul imtahanları verməyə göndərilməsi və ya bu şəxsləri imtahanlara göndərməkdən imtina olunması haqqında qərar qəbul etmək.
Maddə 11. Respublika çağırış komissiyası
Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə respublika çağırış komissiyası yaradılır:
- komissiyanın sədri—Azərbaycan Respublikasının hərbi komissarı;
- komissiya sədrinin müavini—Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təyin olunmuş şəxs;
komissiyanın üzvləri—Azərbaycan Respublikasının daxili işlər, səhiyyə və ədliyyə nazirlərinin müavinləri, ictimai birliklərin nümayəndələri, deputatlar.
Respublika çağırış komissiyasının fərdi tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Maddə 12. Respublika çağırış komissiyasının vəzifələri
Respublika çağırış komissiyasına aşağıdakı vəzifələr tapşırılır:
- müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslərin hərbi hissələrə göndərilməzdən əvvəl tibbi müayinəsini və tibbi müayinənin nəticələri və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmadığını bildirən şəxslərin yoxlama tibbi müayinəsini təşkil etmək;
- çağırışçıların həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək;
rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək.
Xüsusi yoxlanış keçirmək zərurəti olmadıqda mübahisəli məsələləri respublika çağırış komissiyası on gün müddətində nəzərdən keçirməlidir.
Respublika çağırış komissiyasının hüququ var ki, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarlarını nəzərdən keçirsin və ləğv etsin.
Respublika çağırış komissiyasının qərarlarından qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.
Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarlarının hüquqa zidd olması barədə çağırışçıların və başqa şəxslərin şikayətləri bu qərarların yerinə yetirilməsini respublika çağırış komissiyası sədrinin qərarı ilə şikayətə baxılan, lakin bir aydan çox olmayan müddətə dayandıra bilər.
Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı
Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir.
Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir:
- həqiqi hərbi xidmətə yararlılıq haqtında;
- səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında;
- dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında;
- həqiqi hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında.
Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda həqiqi hərbi xidmətə çağırılanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
Maddə 14. Çağırış komissiyaları üzvlərinin məsuliyyəti
Çağırış komissiyalarının üzvləri qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Müddətli həqiqi hərbi xidmətə çağırış, çağırışdan azadetmə və ya möhlətvermə məsələlərini vicdansız və ya bilərəkdən qanunsuz həll etmək üstündə çağırış komissiyasının sədri və üzvləri, çağırışçıların tibbi müayinəsində iştirak etmiş həkimlər, habelə belə hüquq pozuntularında təqsiri olan digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə cəlb edilirlər.
Maddə 15. Bağlaşma əsasında hərbi xidmətə qəbul
Hərbi xidmət tələblərinə uyğun kələn aşağıdakı şəxslər sırasından Azərbaycan Respublikasının və başqa dövlətlərin 19 yaşından 45 yaşınadək vətəndaşları və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında hərb xidmətə qəbul edilirlər:
- Azərbaycan Respublikasının və ya başqa dövlətlərin silahlı qüvvələrində xidmət edən və 12 aydan çox xidmət etmiş serjantlar və starşinalar, habelə bunlara bərabər tutulan şəxslər;
- sıravi heyətə daxil olan şəxslər, habelə ehtiyat hissələrdə toplanış hazırlığı keçmiş şəxslər — xüsusi hazırlıq keçdikdən və serjant rütbəsi aldıqdan sonra;
- ehtiyatda olan serjantlar və starşinalar;
- hərbi tədris müəssisələrinin kursantları və ehtiyatda olan zabitlər;
- başqa dövlətlərin silahlı qüvvələrində xidmət edən zabitlər.
Bağlaşma əsasında hərbi xidmətə daxil olan və əvvəllər Azərbaycan Respublikasına sədaqət andı içməmiş Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasına sadiq olacaqları barədə əsgəri and qəbul edirlər.
Azərbaycan Respublikasının vətəndaşları olmayan və əvvəllər başqa dövlətlərin silahlı qüvvələrində xidmət zamanı and içmiş şəxslər bağlaşma üzrə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə daxil olarkən and içmir, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına riayət edəcəkləri barədə yazılı öhdəlik imzalayırlar.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər arasında bağlanan, tərəflərin qarşılıqlı vəzifələrinin və məsuliyyətinin, pul ödəncləri məbləğinin, ləğvetmə şərtlərinin müəyyən olunduğu bağlaşma hərbi xidmətə bağlaşma əsasında qəbul üçün əsasdır.
IV. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azadetmə
Maddə 16. Çağırışa möhlət verilməsi
Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir.
Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. həmin məsələdə-komissiya yalnız bu Qanunu rəhbər tutur.
Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə çağırılmalıdırlar.
Maddə 17. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi
Ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:
1) birinci və ya ikinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda;
Qocalığa görə pensiya yaşına çatmış və ya yaşlarından asılı olmayaraq birinci və ya ikinci qrup əlil olan ata və ana əmək qabiliyyəti olmayan valideynlər hesab olunurlar;
2) hərbi xidmətə çağırılanadək doğulmuş üç və ya daha çox uşağı olan, yaxud birinci və ya ikinci qrup əlil olan arvad;
3) səkkiz yaşınadək üç və ya daha çox uşağı olan ana;
4) 18 yaşınadək və yaxud yaşları 18-dən yuxarı, lakin birinci və ya ikinci qrup əlil olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa şəxslər olmadıqda.
Əgər çağırışçı valideynlərinin vəfat etməsi, uzun sürən xəstəlik keçirməsi və ya başqa üzürlü səbəblərə görə beş ildən az olmayan müddətdə başqa şəxslərin himayəsində olmuşsa, bu halda həmin çağırışçıya bu maddədə nəzərdə tutulmuş qaydada hərbi xidmətə çağırışdan möhlət verilir.
Çağırışçılara ailə vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Maddə 18. Səhhətə görə çağırışa möhlət verilməsi
Tibbi müayinə zamanı həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə çağırışdan səhhətə görə möhlət verilir.
Səhhətə görə çağırışdan möhlət üç il müddətinədək, hər dəfə bir ildən artıq olmamaq şərti ilə verilə bilər. Üç ildən sonra, səhhətinin vəziyyətindən asılı olaraq, möhlət almış çağırışçılar ya həqiqi hərbi xidmətə çağırılırlar, ya da hərbi xidmətə tam yararsız hesab olunaraq hərbi uçotdan çıxarılırlar, yaxud da 27 yaşına çatana qədər müntəzəm ardıcıllıqla təkrarən tibbi müayinədən keçərək ehtiyata keçirilirlər. Bu yaşa çatmamış ehtiyatda olan şəxslər, təkrar ciddi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunarlarsa, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar
Maddə 19. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi
Ümumtəhsil məktəblərini bitirdikdən sonra mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
a) orta ümumtəhsil məktəblərində əyani və ya axşam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
b) peşə təhsili müəssisələrində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
v) orta ixtisas məktəblərində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
q) dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrinin əyani formada ali təhsilin birinci—bakalavr (ali tibbi təhsil üçün, o cümlədən internatura) pilləsində təhsil alan tələbələrinə və xarici ölkələrdə əyani formada ali təhsil alan tələbələrə — təhsilini bitirənədək. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar;
ğ) dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrini bitirəndən sonra əyani formada magistraturada, aspiranturada davam etdirən şəxslərə — təhsilini bitirənədək.
Təhsilini davam etdirmək üçün çağırışdan möhlət almış, həmçinin müxtəlif səbəblərə görə qanunvericiliklə müəyyən edilmiş müddətdə həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək həqiqi hərbi xidmətə çağırılırlar.
Maddə 20. Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq çağırışa möhlət verilməsi
Xalq deputatları sırasından çağırışçıların deputatlıq səlahiyyəti dövründə deputatlıq fəaliyyəti ilə əlaqədar çağırışına möhlət verilir.
Maddə 21. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə və müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar
Dinc dövrdə aşağıdakı çağırışçılar sırasından vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:
a) elmlər namizədi, elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
b) səhhətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsız sayılmış çağırışçılar;
v) alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməyə göndərilmiş çağırışçılar;
q) 35 yaşı tamam olanadək müxtəlif səbəblər üzündən müddətli həqiqi hərbi və ya alternativ xidmət keçməmiş çağırışçılar;
ğ) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar;
d) Azərbaycan Respublikasında (habelə keçmiş SSRİ-də) həqiqi hərbi xidmət keçmiş vətəndaşlar.
e) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:
a) ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşlar;
b) əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
v) barəsində olan cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar.
Bu maddənin «q» bəndində nəzərdə tutulmuş əsasa görə müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetməyə o halda yol verilir ki, həmin əsas şəxsin ağır olmayan cinayətə görə məhkum edilməsi və ya hərbi uçotdan yayınması ilə əlaqədar olmasın.
V. Hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçotu
Maddə 22. Hərbi uçota qəbul və hərbi uçotdan çıxarma
Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün hərbi vəzifəlilər və çağırışçılar rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarında aparılan hərbi uçota alınmalıdırlar.
Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqlaehtiyata buraxılmış bütün hərbi qulluqçular və çağırışla xidmət edənlər yaşayış yerinə gələn kimi, habelə həqiqi hərbi xidmətdən azad edilmiş və ehtiyata daxil edilmiş şəxslər hərbi uçota qəbulun rəsmiləşdirilməsi üçün müvafiq hərbi komissarlıqlara gəlməlidirlər.
Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini üç aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi uçotdan çıxmalı, yeni və ya müvəqqəti yaşayış yerinə gəldikdə isə hərbi uçota durmalıdırlar.
Maddə 23. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və hərbi vəzifəlilərin hərbi uçot qaydalarına əməl etmək vəzifələri
Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri hərbi komissarlıqların tələbi üzrə hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında kəlməsinə kömək göstərməlidirlər.
Daxili işlər orqanları:
- Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi vəzifəliləri və çağırışçıları yaşayış yeri üzrə yalnız o halda pasport qeydiyyatına almalı və qeydiyyatdan çıxarmalıdırlar ki, onların uçot-hərbi sənədlərində hərbi uçota qəbul və hərbi uçotdan çıxarma barədə hərbi komissarlıqların qeydləri olsun;
- vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi uçot qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi uçot qaydalarını pozan şəxslərin aşkara çıxarılmasında hərbi komissarlıqlara kömək göstərməlidirlər;
- hərbi vəzifəsinin icrasından, habelə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməkdən boyun qaçıran şəxsləri aşkar etməlidirlər.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar hərbi vəzifəlilərin və çağırışçıların öz adını, atasının adını, familiyasını dəyişdirməsi barədə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi barədə, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər.
Təhqiqat və ibtidai istintaq orqanları—barəsində cinayət işi qaldırılmış çağırışçılara dair, cəzanı icra edən orqanlar —hərbi vəzifəlilər və çağırışçılar barəsində qanuni qüvvəyə minmiş hökmlərə dair onların uçotda durduğu rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər.
Cəzanı icra edən orqanlar ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə şərti məhkum edilmiş hərbi vəzifəlilərin hərbi biletlərini və çağırışçıların təhkim edilməsi barədə vəsiqələri müvafiq hərbi komissarlıqlara göndərməlidirlər.
Tibbi-sosial ekspert komissiyaları 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş və əlil sayılmış bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində onların uçotda durduğu rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər.
Mənzil-istismar təşkilatlarının və evləri istismar edən başqa təşkilatların, müəssisələrin, idarələrin rəhbərləri, habelə ev sahibləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlərin ev dəftərlərini, qeydiyyat vərəqələrini və uçot-hərbi sənədlərini onların hərbi uçota qəbulunun, uçotdan çıxarılmasının rəsmiləşdirilməsi və ya uçot məlumatının tutuşdurulması üçün müvafiq hərbi komissarlıqlara vaxtında təqdim etməli, habelə hərbi komissarlıqlara çağırılmaları barədə hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.
hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerinin ünvanını, iş yerini dəyişdirərkən hərbi uçotda olduqları müvafiq hərbi komissarlıqlara məlumat verməlidirlər.
VI. Səfərbərlik üzrə çağırış və tərxis olunma
Maddə 24. Səfərbərlik üzrə hərbi xidmətə çağırış və müharibə dövründə hərbi xidmətə sonrakı çağırış
Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanı dərhal ümumi və ya qismən səfərbərlik elan edir. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi bu müddəti daha 3 ay uzada bilər.
Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır, həm də qanunvericiliyə uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət istisna olmaqla bu Qanunun IV fəslində müəyyən edilmiş möhlətin və çağırışdan azadetmənin tətbiqi dayandırılır.
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı, müharibə dövründə sonrakı çağırışlar zamanı hərbi vəzifəlilərin sayını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifəsində işləmək üçün göndərilə bilərlər.
Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışının təşkili «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Səfərbərlik elan edilərkən respublika iqtisadiyyatını plana-uyğun surətdə müharibə dövründə iş şəraitinə keçirmək və nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin fasiləsiz işini təmin etmək məqsədilə orada işləyən hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışına və müharibə dövründə sonrakı çağırışlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada möhlət verilə bilər.
Maddə 25. Səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar ilə əlaqədar tədbirlərin icrasında dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların vəzifələri və məsuliyyəti
Azərbaycan Respublikasının hərbi vəzifəli vətəndaşları səfərbərlik elan edilərkən və müharibə dövründə hərbi xidmətə sonrakı çağırışlar zamanı səfərbərlik sərəncamlarında, hərbi komissarlıqların çağırış vərəqələrində və ya rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarının əmrlərində göstərilmiş məntəqələrə və müddətlərdə kəlməlidirlər.
Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları , müəssisələrin, idarələrin və təşkilatların rəhbərləri səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməsini və onların toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsini təmin etməlidirlər.
Müharibə dövründə səfərbərlik çağırışı və ya sonrakı çağırışlar üzrə toplanış məntəqələrinə vaxtında gəlməmiş şəxslər, habelə vətəndaşların bu çağırışlar üzrə vaxtında kəlməsinə mane olan dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, tədris müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Maddə 26. Səfərbərlikdən tərxisetmə
Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.
Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular mövsümə uyğun bir dəst paltar və ayaqqabı ilə təmin edilir. Bu hərbi qulluqçular dövlət hesabına yaşayış yerinə aparılır və yolda yeməklə təmin edilirlər.
VII. Yekun müddəaları
Maddə 27. Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmağa görə vətəndaşların məsuliyyəti
Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmağa görə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
Maddə 28. Həqiqi hərbi xidmətə çağırılmaq və ya qəbul olunmaqla əlaqədar vətəndaşların maddi təminatı
Həqiqi hərbi xidmətə çağırılmış və ya bağlaşma əsasında hərbi xidmətə qəbul olunmuş vətəndaşlara iş (təhsil) yerində orta əmək haqqının ən azı iki misli məbləğində müavinət ödənilir.
Vətəndaşlar hərbi uçotla, çağırış məntəqələrinə təhkim edilməklə, hərbi xidmətə çağırılmaq və ya qəbul olunmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər. Həqiqi hərbi xidmətə çağırılanadək (daxil olanadək) onlara illik məzuniyyət əmək qanunvericiliyində müəyyən edilmiş qaydada verilir.
Hərbi tədris müəssisələrinə qəbul imtahanlarını vermək üçün vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənişsiz məzuniyyətlər verilir.
Həqiqihərbi xidmətə çağırılmış və ya qəbul olunmuş vətəndaşların xidmət yerinə aparılması və yolda yeməklə təmin edilməsi, vətəndaşların hərbi tədris müəssisələrində qəbul imtahanları yerinə aparılıb-gətirilməsi dövlət hesabına həyata keçirilir.
Maddə 29. Hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı
Hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının dövlət büdcəsindən, yerli hakimiyyət orqanlarının büdcələrindən təxsisat hesabına, habelə nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların vəsaiti hesabına, bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası hərbi Komissarlığının sifarişi ilə vətəndaşların tibbi müayinəsinin keçirilməsi, hərbi hissələrə çağırılanların göndərilməsi üçün hərbi qulluqçuları çağırış (toplanış) məntəqələri ilə təmin etməli, ictimai qaydanı qorumalı, lazımi sayda mütəxəssis həkimlər və orta tibb heyəti, dava-dərman, alətlər, tibb və təsərrüfat əmlakı, avtomobil nəqliyyatı ayırmalıdırlar.
Çağırış komissiyalarının üzvləri, hərbi komissarlıqlar yanında həkim komissiyalarının üzvləri, çağırış məntəqələrində və toplanış məntəqələrində iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların təhkim edilməsi, hərbi xidmətə və ya toplanışlara çağırılması, vətəndaşların tibbi müayinəsi və yenidən müayinəsi, habelə toplanış məntəqələrinə çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas iş yerində orta əmək haqqı saxlanılır.
Əgər göstərilən şəxslərin öz vəzifələrini yerinə yetirməsi daimi yaşayış yerindən getməsi ilə bağlıdırsa, onda hərbi komissarlıqlar onların daimi yaşayış yerindən iş yerinə gedib-gəlmək və mənzil sahəsi kirayələmək xərclərini ödəyir və xidmət ezamiyyətləri üçün müəyyən edilmiş normalar üzrə gündəlik xərclik verirlər.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV
Bakı şəhəri, 10 iyun 1992-ci il
№ 166
«Həyat» qəzetində dərc edilmişdir (17 iyun 1992-ci il, № 117) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 11, maddə 406) («VES Consultancy» LLC).
26 avqust 1992-ci il tarixli, 293 nömrəli; 12 yanvar 1993-cü il tarixli, 451 nömrəli; 21 aprel 1993-cü il tarixli, 572 nömrəli; 2 may 1995-ci il tarixli, 1030 nömrəli; 7 oktyabr 1997-ci il tarixli, 378-IQD nömrəli; 26 mart 1999-cu il tarixli, 631-IQD nömrəli; 26 mart 1999-cu il tarixli, 632-IQD nömrəli; 2 aprel 1999-cu il tarixli, 650-IQD nömrəli; 27 fevral 2001-ci il tarixli, 93-IIQD nömrəli; 25 dekabr 2001-ci il tarixli, 239-IIQD nömrəli; 24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 18 may 2004-cü il tarixli, 652-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 72-IIIQD nömrəli; 22 dekabr 2006-ci il tarixli, 211-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).