Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (15 iyul 1992)
Azərbaycan Respublikasında əmtəə-pul dövriyyəsini sabitləşdirmək və nağd pula olan tələbatı tam ödəmək məqsədilə və «Respublikada iqtisadi və ictimai-siyasi həyatı sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alır:
- 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası — manat dövriyyəyə buraxılsın.
- Müəyyən edilsin ki, rublla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyə vasitəsidir.
- Bütün hesablaşmalarda 1 manat: 10 rubl nisbəti müəyyən edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə bu fərmanın həyata keçirilməsini təmin edən müvafiq qərar qəbul etsin.
- Azərbaycan Respublikasının Baş naziri R.Hüseynova və Azərbaycan Respublikasının Dövlət katibi P.Hüseynova tapşırılsın ki, 10 gün müddətinə Azərbaycan Respublikasının pul vahidlərinin paralel tətbiqi ilə əlaqədar bütün məsələlər barəsində Rusiya ilə, MDB-nin Banklararası Əlaqələndirmə Şurası ilə danışıq aparsınlar və nəticəsi barədə müvafiq saziş layihəsi təqdim etsinlər.
Əbülfəz ELÇİBƏY
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 1992-ci il
№ 48