Bu Qanun Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir.


I fəsil. Ümumi müddəalar

Maddə 1. Dini etiqad azadlığı

Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.

Maddə 2. Dini etiqad azadlığı haqqında qanunvericilik

Dini etiqad azadlığı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Dini etiqad azadlığı haqqında Qanunun vəzifələri

Bu Qanun:

  • Azərbaycan Respublikasında hər bir şəxsin dinə öz münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qəbul etdiyi beynəlxalq hüquq normalarına müvafiq surətdə sosial ədaləti, bərabərliyi, vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir;
  • dini qurumlara münasibətdə dövlətin vəzifələrini müəyyənləşdirir;
  • dini qurumların dövlət və cəmiyyət qarşısında vəzifələrini müəyyən edir;
  • adamların dünyagörüşündən və dini əqidəsindən asılı olmayaraq milli əxlaqın və humanizmin təzahürü, vətəndaşların əmin-amanlığı və əməkdaşlığı üçün əlverişli şəraiti himayə edir;
  • dini qurumların fəaliyyəti ilə əlaqədar münasibətləri nizama salır.

Maddə 4. Dini mənsubiyyətindən asılı olmayaraq şəxslərin hüquq bərabərliyi

Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir.

Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir.

Maddə 5. Dövlət və dini qurumlar

Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır.

Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.

Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.

Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər.

Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.

Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.

Dini qurumlar Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edir və onları pozduqda məsuliyyət daşıyırlar.

Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.

Maddə 6. Dinin məktəblə münasibəti

Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır.

Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər.

Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər.

Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər.


II fəsil. Azərbaycan Respublikasında dini qurumlar

Maddə 7. Dini qurumlar

Dini icmalar, idarələr və mərkəz, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar.

Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır.

Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə fəaliyyət göstərirlər.

Maddə 8. Dini icma

Dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini qurumudur.

Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır.

İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafliq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir.

Maddə 9. Dini mərkəzlər və idarələr

Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində — Qafqaz Müsəlmanları İdarəsində birləşirlər.

Təşkilati mərkəzlərin xaricdə olan qeyri-islam dini qurumları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta bilərlər.

Dövlətin dini mərkəzlə və idarələrlə, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dini mərkəzlərlə və idarələrlə qanunla tənzimlənməyən münasibətləri onların öz aralarında və dövlət orqanları ilə razılaşmalara müvafiq surətdə nizamlanır.

Dini mərkəz və idarələr öz nizamnamələrində (əsasnamələrində) nəzərdə tutulmuş qaydada ibadətgahlar, ziyarətgahlar, dini tədris müəssisələri və dini qardaşlıqlar yarada bilərlər.

Maddə 10. Dini tədris müəssisələri

Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini tədris müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris müəssisəsi yarada bilməz. Dini tədris müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər tə`sis sənədləri ilə müəyyən edilir.

Dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər.

Dini tədris müəssisələrində təhsil alanlar dövlət tədris müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər.

Maddə 11. Dini qurumların nizamnamələri (əsasnamələri)

Dini qurumun hüquq qabiliyyətini mülki qanunvericiliyə müvafiq surətdə müəyyən edən nizamnaməsi (əsasnaməsi) olur.

Dini qurumun Nizamnaməsi (əsasnaməsi) dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultaylarda, konfranslarda qəbul olunur.

Dini qurumun nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir:

1) dini qurumun adı, növü, dini mənsubiyyəti və yeri;

2) dini qurumun dini birliyin təşkilat quruluşunda yeri;

3) dini qurumun məqsəd və vəzifələri, habelə fəaliyyətinin əsas formaları;

4) dini qurumun strukturu, idarəetmə orqanları və onların təşkili qaydası, habelə həmin orqanların səlahiyyətləri;

5) dini qurumun əmlak vəziyyəti;

6) dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri, digər dini qurumlar, tədris müəssisələri təsis etmək hüquqları;

7) dini qurumun nizamnaməsinə (əsasnaməsinə) dəyişikliklər və əlavələr etmək qaydası;

8) dini qurumun ləğvi qaydası;

9) dini qurumun fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa məsələlərin həlli qaydası.

Dini qurumun adı onun hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir.

Nizamnamədə (əsasnamədə) həmin dini qurumun fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar digər məsələlər də əhatə oluna bilər.

Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydə alınmalı deyildir.

Dini qurumun nizamnaməsi (əsasnaməsi) öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun olmalıdır.

Dini qurum onun nizamnaməsi (əsasnaməsi) dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsdir.

Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması

Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurum yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatda göstərilən hüquqi ünvanda fəaliyyət göstərə bilər.

Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on nəfər yetkin yaşlı şəxs icmanın təsis protokolu və nizamnaməsi (əsasnaməsi) əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən həmin dinin və icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Dini mərkəz və ya idarə 15 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına göndərir.

Dini mərkəzin, dini idarələrin, dini tədris müəssisələrinin, dini qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir.

Müvafiq icra hakimiyyəti orqanı dini qurumların dövlət qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirir.

Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri təqdim etməlidir.

Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:

1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;

2) yaradılan qurum dini qurum qismində tanınmadıqda;

3) təqdim olunmuş nizamnamə (əsasnamə) və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.

Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.

Maddə 12-1. Dini qurumun ləğv edilməsi

Dini qurumlar aşağıdakı hallarda ləğv edilə bilər:

1) təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın qərarı ilə;

2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.

Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:

1) dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, bu Qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi;

2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi;

3) ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması;

4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;

5) dünyəvi təhsil alınmasına mane olma;

6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə;

7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma;

8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə;

9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi tələbinə təkrarən əməl olunmaması.


III fəsil. Dini qurumların əmlak vəziyyəti

Maddə 16. Dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə

Dini qurumlar dövlət təşkilatlarının, ictimai təşkilatların və ya vətəndaşların müqavilə əsasında onlara verdikləri binalardan və əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər.

Yerli icra hakimiyyəti orqanları və dövlət idarələri dövlətin mülkiyyətində olan dini təyinatlı binaları və digər əmlakı dini qurumların əvəzsiz istifadəsinə verə bilərlər.

Dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə birlikdə onlara verilməsində üstünlük hüququna malikdirlər.

Dinə mənsub binaların və əmlakın dini qurumlara verilməsi barədə qərarlar müvafiq vəsatətin alındığı gündən etibarən ən geci bir ay müddətində qəbul edilir və bu barədə müraciət edənə yazılı şəkildə məlumat verilir.

Dini qurumlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qayda ilə torpaq götürür və ondan istifadə edirlər.

Maddə 17. Tarix və mədəniyyət abidələri olan əmlakın verilməsi və ondan istifadə

Tarix və mədəniyyət abidələri olan tikililər və əşyalar dini qurumlara qanunvericiliyə müvafiq qaydada verilə və onlar tərəfindən istifadə oluna bilər.

Maddə 18. Dini qurumların mülkiyyəti

Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər.

Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Xaricdə olan əmlak da dini qurumların mülkiyyətində ola bilər.

Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilərlər.

Dini qurumların mülkiyyət hüququ qanunla qorunur.

Maddə 19. Dini qurumların istehsal və təsərrüfat fəaliyyəti

Dini qurumlar qanunvericiliyə və öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəstəxanalar və sair təsis edə bilərlər.

Dini qurumların müəssisələrinin istehsal fəaliyyətindən götürülən mənfəət və onların digər gəlirləri üzərinə ictimai təşkilatların müəssisələri üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən edilmiş qaydada və məbləğdə vergilər qoyulur.

Maddə 20. Fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində sərəncam

Dövlət təşkilatının, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak onların fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qaytarılır.

Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində olmuş əmlak barəsində onun nizamnaməsinə (əsasnaməsinə) və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərəncam verilir.

Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorların iddiaları üzrə haqq tutula bilməz.

Hüquqi varis olmadıqda, əmlak dövlət mülkiyyətinə keçir.


IV fəsil. Dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hyquqları

Maddə 21. Dini ayinlər və mərasimlər

Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər.

Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir.

İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.

Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.

Xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərinin müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur.

Dini qurumlar xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, cəzaçəkmə müəssisələrində olan vətəndaşlara ibadətlər keçirilməsi üzrə təkliflərlə müraciət etmək hüququna malikdirlər.

Maddə 22. Dini ədəbiyyat və dini təyinatlı əşyalar

Vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan istifadə edə bilərlər.

Dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.

Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.

Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti

Dini qurumlar həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə və ya digər formada mədəni-maarif fəaliyyəti göstərirlər.

Maddə 24. Dindarların və dini qurumların beynəlxalq əlaqələri və ünsiyyəti

Vətəndaşlar və dini qurumlar tək və ya qrup halında beynəlxalq dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə iştirak edə, ziyarətlərə gedə bilərlər.

Vətəndaşların dini tədris müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, qəbulu və din xadimlərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.

V fəsil. Dini qurumlarda və onların müəssisələrində əmək fəaliyyəti

Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri

Dini qurumlarda əmək şərtləri dini qurumla işçi arasında saziş üzrə müəyyən edilir və yazılı şəkildə bağlanan əmək müqaviləsində göstərilir.

Dini qurum müəyyən edilmiş qaydada əmək müqaviləsini, ruhanilərin əmək haqqı şərtlərini müəyyən edən sənədləri qeydə alır.

Əmək müqaviləsi üzrə dini qurumda işləyən vətəndaşlar həmkarlar ittifaqının üzvü ola bilərlər.

Maddə 26. Dini qurumlarda işləyən vətəndaşların əmək hüququ

Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara əmək qanunvericiliyinin tələbləri istisnasız tətbiq olunur.

Vətəndaşların, o cümlədən ruhanilərin dini qurumlarda işdən əldə etdikləri gəlirdən ümumi qaydada vergi tutulur.

Maddə 27. Dini qurumlarda işləyən vətəndaşların sosial təminatı və sosial sığortası

Dini qurumlar, onların idarə və müəssisələri Dövlət Sosial Müdafiə Fonduna müəyyən edilən qaydada və məbləğdə ayırmalar verirlər.

Dini qurumlarda işləyən bütün vətəndaşlara pensiya qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla təyin edilir.

VI fəsil. Dövlət orqanları və dini qurumlar

Maddə 28. Dini etiqad azadlığı haqqında qanunvericilik üzərində nəzarət

Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında qanunvericiliyinin icrası üzərində nəzarət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir.

Maddə 29. Müvafiq icra hakimiyyəti orqanı

Müvafiq icra hakimiyyəti orqanı:

  • dini qurumların xahişi üzrə dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə onlara lazımi yardım göstərir;
  • müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətin möhkəmlənməsinə kömək edir;
  • dini qurumların bu Qanunla nəzərdə tutulmuş qaydada nizamnamələrinin (əsasnamələrinin) qeydə alınmasını, habelə onlara dəyişiklik və əlavələr edilməsini həyata keçirir;
  • xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır;
  • Azərbaycan Respublikasında dini qurumlar, dini etiqad azadlığı haqqında qanunvericiliyin icrası üzrə məlumat bankı yaradır;
  • dini təşkilatların beynəlxalq dini hərəkatlarla, forumlarla, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edir;
  • dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan zəruri məlumatlar alır;
  • dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, bu işə dini qurumların nümayəndələrini və müvafiq mütəxəssislərini cəlb edir;
  • dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verir;
  • müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini tədris müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir.

Maddə 30. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər, digər fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 31. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədə dini etiqad azadlığı haqqında daxili qanunvericilikdə olduğundan fərqli qaydalar olduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.


Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY


Bakı şəhəri, 20 avqust 1992-ci il

№ 281


«Həyat» qəzetində dərc edilmişdir (19 sentyabr 1992-ci il, № 185) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 16, maddə 694) («VES Consultancy» LLC).

7 iyun 1996-cı il tarixli, 117-IQD nömrəli; 5 noyabr 1996-cı il tarixli, 188-IQD nömrəli; 27 dekabr 1996-cı il tarixli, 222-IQD nömrəli; 10 oktyabr 1997-ci il tarixli, 380-IQD nömrəli; 23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli; 4 iyun 2002-ci il tarixli, 339-IIQD nömrəli; 3 dekabr 2002-ci tarixli, 398-IIQD nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 8 may 2009-cu il tarixli, 812-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 841-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 856-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə («VES Consultancy» LLC).