Azərbaycan Respublikası «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına və beynəlxalq hüquq normalarına əsaslanaraq bütün dövlətlərlə dinc yanaşı yaşamaq prinsiplərini əsas tutur və öz müdafiə qabiliyyətini təcavüzdən qorunmaq üçün müdafiə yetərliyi səviyyəsində saxlayır.

Bu Qanun Azərbaycan Respublikası müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirir.


I. Ümumi müddəalar

Maddə 1. Azərbaycan Respublikasının müdafiəsinin əsasları

Azərbaycan Respublikasının müdafiəsi dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və əhalinin təcavüzdən qorunmasının təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemidir.

Azərbaycan Respublikasının müdafiəsinin məqsədi hər hansı bir vaxtda və şəraitdə Azərbaycan Respublikasına qarşı hərbi basqının qarşısını almağın və mümkün təcavüzü silahla dəf etməyin təmin olunması üçün bütün zəruri şərtlərin yaradılmasıdır.

Azərbaycan Respublikasının müdafiəsi Silahlı Qüvvələrin, iqtisadiyyatın, əhalinin, ərazinin müdafiəyə daim hazır olmasına əsaslanır və dövlətin hərbi doktrinasına uyğun olaraq təşkil edilir.

Azərbaycan Respublikasının hərbi doktrinası Silahlı Qüvvələrin quruculuğunda müdafiə yetərliyi prinsipi ilə müəyyənləşdirilir və Azərbaycan Respublikasının heç bir dövlətə qarşı ərazi iddiasının olmamasına və əgər təcavüz obyekti olmasa beynəlxalq hüquqa əsaslanan öhdəliklərdən başqa heç vaxt heç bir dövlətə qarşı birinci hərbi əməliyyatlara başlamayacağına əsaslanır.

Maddə 2. Azərbaycan Respublikasının müdafiəsinin təşkili

Azərbaycan Respublikasının müdafiəsinin təşkili aşağıdakılardan ibarətdir:

  • dövlətin hərbi siyasətinin və doktrinasının formalaşdırılması;
  • təcavüzün qarşısının alınması üçün beynəlxalq aləmdə müvafiq tədbirlərin görülməsi;
  • hərb elminin inkişafı;
  • müdafiə və hərbi quruculuq məsələlərinin hüquqi tənzimlənməsi;
  • Silahlı Qüvvələrin strukturunun hazırlanması, formalaşdırılması və təkmilləşdirilməsi, zəruri sayının təmin olunması, onların yüksək döyüş qabiliyyətinin, döyüş və səfərbərlik hazırlığının saxlanması;
  • dövlətin hərbi-texniki siyasətinin hazırlanması və həyata keçirilməsi, Silahlı Qüvvələrin silah, hərbi texnika, ərzaq, geyim və digər material ehtiyatları ilə təmin olunması;
  • dövlət orqanlarının, iqtisadiyyatın, əhalinin və ölkə ərazisinin müharibə dövründə fəaliyyət göstərməsi üçün səfərbərlik hazırlığı;
  • dövlət sərhədinin mühafizəsi;
  • ölkənin əhalisinin və ərazisinin müdafiəyə, habelə hərbi əməliyyatlarla bağlı mülki müdafiəyə hazırlığı;
  • dövlət sirrinin və hərbi sirrin qorunmasının təmin edilməsi.

Maddə 3. Azərbaycan Respublikasının müdafiə məsələləri haqqında qanunvericiliyi

Azərbaycan Respublikasının müdafiə məsələləri haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktından, bu Qanundan və Azərbaycan Respublikasının müdafiəyə aid digər qanunvericilik aktlarından ibarətdir.


II. Dövlət orqanlarının müdafiə sahəsində səlahiyyətləri

Maddə 4. Azərbaycan Respublikasının Milli Məclisi

Müdafiə və hərbi quruculuq məsələlərinin qanunvericiliklə nizama salınması Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətinə aiddir.

Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları təsdiq edir:

  • hərbi doktrinanı və hərbi quruculuğun konsepsiyasını;
  • büdcədən müdafiə üçün ayrılan məbləği, Silahlı Qüvvələrin ümumi strukturunu və sayını;
  • Azərbaycan Respublikasının hərbi sahədə digər dövlətlərlə əməkdaşlığının əsas istiqamətlərini, hərbi məsələlərə dair beynəlxalq və dövlətlərarası müqavilələri;
  • Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin tətbiq edilməsi və ləğv olunması barədə Azərbaycan Respublikası Prezidentinin fərmanlarını;
  • ali zabitlər tərəfindən tutulmalı olan vəzifələrin vahid siyahısını;
  • hərbi prokurorluqda hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələrini və bu vəzifələrə uyğun hərbi rütbələrin siyahısını;
  • hərbi andın mətnini və ümumqoşun nizamnamələrini;
  • Silahlı Qüvvələrin döyüş bayraqlarını və bayraqlarını;
  • hərbi qulluqçuların hərbi geyim formasını və fərqlənmə nişanlarını;
  • silahların və hərbi texnikanın dövlət inkişaf proqramını.

Azərbaycan Respublikasının Milli Məclisi:

  • Azərbaycan Respublikası prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verir;
  • Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən istifadə haqqında qərar qəbul edir;
  • Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin onun təyinatı ilə bağlı olmayan vəzifələrə cəlb edilməsi barədə qərar qəbul edir;
  • müdafiə nazirinin təyin olunmasına və vəzifəsindən azad edilməsinə razılıq verir;
  • müdafiə məsələləri üzrə Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsinə nəzarət edir;
  • hərbi rütbələri müəyyən edir;
  • Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə «ordu generalı» hərbi rütbəsini fərdi qaydada verir.

Maddə 5. Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi:

  • Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə hərbi doktrinanın layihəsini, silahların və hərbi texnikanın dövlət inkişaf proqramını Silahlı Qüvvələrin ümumi strukturu və sayı haqqında təkliflərini təqdim edir;
  • Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
  • ali hərbi rütbələr verir;
  • hərbi quruculuğun konsepsiyasını, Silahlı Qüvvələrin ümumi strukturunu və sayını təsdiq edir;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradır və ləğv edir;
  • Azərbaycan Respublikasının Konstitusiyası və qanunları hüdudlarında müvafiq orqanların müdafiə sahəsində səlahiyyətlərini, təşkilini və fəaliyyət qaydasını müəyyənləşdirir və onların fəaliyyətinə rəhbərlik edir;
  • birgə müdafiə və hərbi əməkdaşlıq, kollektiv təhlükəsizlik və tərksilah məsələləri barəsində danışıqlar aparır və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişaf, səfərbərlik, yerləşdirilmə və tətbiq planlarını, iqtisadiyyatın və idarəetmənin səfərbərlik planlarını, Azərbaycan Respublikasının mülki müdafiə planını və ərazi müdafiəsi haqqında Əsasnaməni təsdiq edir;
  • Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir; ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
  • hərbi vəziyyət haqqında Qanuna müvafiq olaraq hərbi dövrün dövlət idarəçilik orqanlarını yaradır və ləğv edir;
  • hərbi əməliyyatlar aparılması barədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə əmr verir;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin onun təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
  • Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə fərmanlar verir;
  • hərbi qulluqçuların hərbi geyim formasının geyilməsi və fərqlənmə nişanlarının sancılması qaydasını təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti müdafiə sahəsində dövlət siyasətinin formalaşdırılması üçün məşvərətçi orqan yarada bilər. Belə orqanın səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.

Maddə 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • Silahlı Qüvvələrin vəziyyətinə görə məsuliyyət daşıyır;
  • Silahlı Qüvvələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchiz olunmasını təşkil edir;
  • müdafiə və Silahlı Qüvvələrin ehtiyacları üçün maddi-texniki, ərzaq, geyim və digər ehtiyatların həcmini, həqiqi hərbi xidmətə çağırılmalı olan Azərbaycan Respublikası vətəndaşlarının sayını, hərbi vəzifəlilərin və çağırışçıların uçotunun aparılması və səfərbərlik elan edilərkən hərbi vəzifələrin ölkə iqtisadiyyatının ehtiyacları üçün səfərbərlik üzrə hərbi çağırışına və müharibə dövründən sonrakı çağırışlarına möhlət verilməsi qaydalarını müəyyənləşdirir;
  • səfərbərlik ehtiyatlarına maddi sərvətlərin toplanması planını təsdiq edir;
  • ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlamasına, onun hərbi vəziyyət şəraiti rejiminə keçirilməsinə rəhbərlik edir, bu məsələlərə aid müvafiq qərarlar qəbul edir;
  • mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir və onun yerinə yetirilməsinə nəzarət edir;
  • hərbi komissarlıqların fəaliyyət və maddi-texniki təchizat qaydasını müəyyən edir;
  • silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir;
  • vətəndaşların hərbi uçot ixtisasları üzrə və zabit kadrlarının hazırlanması qaydasını, sənaye və başqa müəssisə və təşkilatlarda hərbi nümayəndəliklərin yaradılması və fəaliyyəti qaydasını müəyyənləşdirir;
  • hərbi qulluqçuların, hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin, onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir.

Maddə 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olarat fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

  • hərbi-siyasi vəziyyəti qiymətləndirir və hərbi təhlükənin dərəcəsini müəyyənləşdirir;
  • Silahlı Qüvvələrin, silahların və hərbi texnikanın quruculuğunun və inkişafının dövlət proqramlarının layihələrini, Silahlı Qüvvələrin səfərbərlik, yerləşdirilmə və tətbiq planlarını, büdcədən müdafiə üçün ayrılan məbləğlər haqqında təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
  • qoşunların döyüş, əməliyyat-taktiki və mənəvi-psixoloji hazırlığına rəhbərlik edir;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini təşkil edir;
  • hərb elminin inkişafına rəhbərlik edir, hərbi-elmi tədqiqatları təşkil edir və keçirir;
  • hərbi texnikanın və digər hərbi əmlakın yaradılması, istehsalı və təmiri barədə dövlət sifarişini verir, onların hazırlanmasına, sınaqdan keçirilməsinə, istehsalına və keyfiyyətinə nəzarətin həyata keçirilməsində iştirak edir;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qismlərinin, növlərinin, birliklərinin, birləşmələrinin və hərbi hissələrinin şəxsi heyətinin sayını müəyyənləşdirir, öz səlahiyyəti daxilində hərbi kadrları hazırlayır və yerləşdirir, hərbi rütbələr verir;
  • vətəndaşların hərbi xidmətə hazırlanması məsələlərinə dair qüvvədə olan qanunvericiliyin icrasında iştirak edir;
  • hərbi vəzifəlilərin hazırlanmasını və təkmilləşdirilməsini, vətəndaşların həqiqi müddətli hərbi xidmətə çağırılmasını və müəyyən olunmuş xidmət müddətlərini çəkib qurtarmış hərbi qulluqçuların ehtiyata buraxılmasının, hərbi qulluqçuların toplanışa çağırılmasını, həmçinin səfərbərliyi və səfərbərlikdən tərxisetməni planlaşdırır və təşkil edir;
  • başqa dövlətlərin silahlı qüvvələri ilə əməkdaşlıq edir;
  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müdafiə məsələlərinə aid normativ aktlar qəbul edir və onların icrasına nəzarət edir;
  • qüvvədə olan qanunvericiliyə müvafiq surətdə hərbi xidmət keçilməsini təşkil edir və Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının, mülki heyətinin, hərbi xidmətdən buraxılmış şəxslərin və onların ailə üzvlərinin sosial və hüquqi təminatlarını təmin edir;
  • hərbi qurumların və təşkilatların fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təşkil edir.

Maddə 8. Digər nazirliklər və mərkəzi dövlət icra orqanları

İstehsalat bazasında hərbi sifarişlər yerləşdirilmiş digər nazirliklər və mərkəzi dövlət icra orqanları silahların və hərbi texnikanın yaradılmasının və hazırlanmasının keyfiyyətinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri və müdafiə ehtiyacları üçün zəruri malların tədarükünə görə və müharibə dövründə müdafiənin təmin olunması üçün tədbirlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyırlar.

Maddə 9. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları

Naxçıvan Muxtar Respublikasının Ali Məclisimüvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları:

  • Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericiliyinin müdafiə məsələlərinə aid tələblərinin bütün vəzifəli şəxslər, vətəndaşlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən yerinə yetirilməsini təmin edirlər;
  • müdafiə tələblərinin və səfərbərlik hazırlığının təmin edilməsi ilə əlaqədar məsələləri həll edir, tabeliklərində olan müəssisələr tərəfindən müqavilə əsasında qoşunların sifariş olunmuş məhsullarla, su, elektrik enerjisi ilə təchiz olunmasını təşkil edir, müdafiə tələbləri üçün torpaq sahələri ayırır və onlardan istifadəyə nəzarəti həyata keçirirlər;
  • Azərbaycan Respublikası Silahlı Quvvələrinin hərbi hissələrinə, təşkilatlarına, təhsil müəssisələrinə xidməti və yaşayış sahələri ayırır, kommunal-məişət və başqa xidmətləri göstərirlər;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılmasını təşkil edir, hərbi vəzifəlilərin toplanış hazırlığı keçməsinin, çağırışqabağı gənclərin hərbi hazırlığının və əhalinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin təmin olunmasına köməklik edirlər;
  • hərbi qulluqçuların, çağırışçıların, hərbi vəzifəlilərin, hərbi xidmətdən buraxılmış şəxslərin və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsi haqqında qanunvericiliyin icrasını təmin edirlər.

Maddə 10. Müəssisələrin, idarələrin və təşkilatların, yerli özünüidarəetmə orqanlarının müdafiə ehtiyaclarının təmin olunması sahəsində vəzifələri

Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar silahların, hərbi texnikanın və digər hərbi əmlakın istehsalı, təmiri və tədarükü, elmi tədqiqatların və araşdırmaların aparılması üzrə dövlət sifarişlərini və müqavilə öhdəliklərini yerinə yetirir, zəruri səfərbərlik qüvvələrini və ehtiyatlarını yaradır və hazırlıqda saxlayır, yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar hərbi-nəqliyyat vəzifəsini və səfərbərlik planlarında nəzərdə tutulan digər tapşırıqları yerinə yetirir, müdafiə ehtiyacları üçün qanunvericiliklə müəyyənləşdirilmiş xərcləri çəkirlər.

Maddə 11. Vətəndaşların vəzifələri

Azərbaycan Respublikasının müdafiəsi Azərbaycan Respublikası vətəndaşının Konstitusiya hüququ və borcudur. Bu məqsədlə hərbi vəzifə müəyyən edilir və həmin vəzifənin həyata keçirilməməsi qanunvericiliyə müvafiq qaydada məsuliyyət doğurur.

Azərbaycan Respublikasının vətəndaşları qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi-nəqliyyat vəzifəsini yerinə yetirirlər.


III. Azərbaycan Respublikasının Silahlı Qüvvələri

Maddə 12. Azərbaycan Respublikasının Silahlı Qüvvələri

Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur.

Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq prinsipləri, sayı və tərkibi, komplektləşdirmə, yerləşdirmə və səfərbərlik qaydası «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən olunur.


IV. Müharibə vəziyyəti. Müharibə dövrü. Hərbi vəziyyət. Səfərbərlik. Mülki müdafiə. Ərazi müdafiəsi

Maddə 13. Müharibə vəziyyəti. Müharibə dövrü

Müharibə vəziyyəti Azərbaycan Respublikası silahlı hücüma və ya təcavüzə məruz qaldıqda elan olunur və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv olunur.

Müharibə vəziyyətinin elan olunduğu və ya hərbi əməliyyatların başlandığı gün və saat müharibə dövrü başlanır və hərbi əməliyyatların qurtardığı gündə və saatda qurtarır.

Azərbaycan Respublikasına qəflətən silahlı hücum və ya təcavüz edildikdə hərbi komandanlıq, dövlət qanunvericilik və icra orqanları müharibənin elan olunmasını gözləmədən silahlı hücumu və ya təcavüzü dəf etmək üçün bütün tədbirləri görməyə borcludurlar.

Maddə 14. Hərbi vəziyyət

Hərbi vəziyyət Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müharibə vəziyyəti elan olunduqda və ya Azərbaycan Respublikasına silahlı hücum və ya təcavüz təhlükəsi olduqda tətbiq edilir.

Hərbi vəziyyətin tətbiq olunması ilə hərbi komandanlığın səlahiyyətləri genişləndirilir, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona müdafiə sahəsində dövlət icra orqanlarının funksiyaları verilə bilər.

Hərbi vəziyyət şəraitində müəssisələrin, idarələrin, təşkilatların və vətəndaşların hüquqları müdafiə ehtiyacları üçün məhdudlaşdırılır, hüquq mühafizə orqanlarının səlahiyyətləri isə genişləndirilir.

Müharibə vəziyyəti ləğv edildikdə və ya silahlı hücum və ya təcavüz təhlükəsi sovuşduqda hərbi vəziyyət ləğv edilir.

Hərbi vəziyyət rejimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

Maddə 15. Səfərbərlik

Müharibə dövrü və ya hərbi vəziyyət elan olunduqda Silahlı Qüvvələrin səfərbərlik planlarına müvafiq olaraq hazırlıq vəziyyətinə gətirilməsi və ölkə iqtisadiyyatının və ya onun müəyyən hissələrinin sülh vəziyyətindən müharibə vəziyyətinə gətirilməsi üçün ümumi və ya qismən səfərbərlik elan olunur.

Səfərbərliyin keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

Maddə 16. Hərbi əməliyyatlarla bağlı mülki müdafiə

Hərbi əməliyyatlarla bağlı mülki müdafiə əhalinin və ərazinin təhlükəsizliyinin tə`min edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Hərbi əməliyyatlarla bağlı mülki müdafiənin təşkili və həyata keçirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilir.

Maddə 17. Ərazi müdafiəsi

Ərazi müdafiəsi dövlət sərhədinin, dəniz sahilinin, adaların, mühüm obyekt və kommunikasiyaların düşmən təcavüzündən qorunması və müdafiəsi, düşmən desantı və kəşfiyyat-təxribatçı qrupları ilə mübarizə və hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə təşkil olunur.

Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər qoşunlarla sıx əlaqədə həyata keçirilir.

Ərazi müdafiəsinin vəzifələri, təşkili, onun iştirakçılarının qarşılıqlı əlaqəsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.


V. Azərbaycan Respublikasının müdafiə haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Maddə 18. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti

Azərbaycan Respublikasının müdafiə haqqında qanunvericiliyinin pozulmasında təqsirli olan dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların vəzifəli şəxsləri və vətəndaşlar qanunvericiliyə müvafiq surətdə məsuliyyətə cəlb olunurlar.


Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV


Bakı şəhəri, 26 noyabr 1993-cü il

№ 744


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 671) («VneshExpertService»).

«Azərbaycan» qəzetində dərc edilmişdir (9 dekabr 1993-cü il, № 238)(«VneshExpertService»).

27 fevral 2001-ci il tarixli, 94-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 30 mart 2004-cü il tarixli, 612-IIQD nömrəli; 20 aprel 2004-cü il tarixli, 640-IIQD nömrəli; 14 iyun 2005-ci il tarixli, 938-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 72-IIIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 73-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 171-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə