Sərhəd qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu (6 yanvar 1994)
I fəsil. Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasının sərhəd qoşunları
Azərbaycan Respublikasının sərhəd qoşunları (bundan sonra — sərhəd qoşunları) Azərbaycan Respublikasının Dövlət sərhədinin (bundan sonra — Dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir.
Maddə 2. Sərhəd qoşunları haqqında qanunvericilik
Sərhəd qoşunları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Sərhəd qoşunları öz fəaliyyətində Azərbaycan Respublikası ümumqoşun nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumqoşun nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd qoşunlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa).
Maddə 3. Sərhəd qoşunlarının fəaliyyətinin əsas prinsipləri
Sərhəd qoşunlarının fəaliyyəti qanunçuluq, aşkarlıq, insan hüquqları və azadlıqlarına riayət edilməsi, dövlət orqanları, ictimai birliklər, əmək kollektivləri və əhali ilə qarşılıqlı əlaqə, Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında həyata keçirilir.
Maddə 4. Sərhəd qoşunlarının vəzifələri
Sərhəd qoşunları:
1) Dövlət sərhədini qanunla müəyyənləşdirilmiş qaydada mühafizə edir;
2) Dövlət sərhədini qanunsuz olaraq dəyişdirmək üçün göstərilən hər cür cəhdlərin qarşısını alır;
3) Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf edir, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qoruyur, onların qarşısını alır;
4) şəxslərin və nəqliyyat vasitələrinin qanunsuz üsullarla Dövlət sərhədini keçməsinin qarşısını alır və buna yol vermir;
5) lazımi qaydada rəsmiləşdirilmiş sənədlər olduqda şəxsləri, nəqliyyat vasitələrini, yükləri və başqa əmlakı müəyyən olunmuş məntəqələrə Dövlət sərhədindən buraxır;
6) Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda əmlakın qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısını alır;
7) öz səlahiyyəti həddində qanunla müəyyən edilmiş Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə əməl olunmasını təmin edir;
8) Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda cinayət işləri üzrə təhqiqat aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir;
9) Azərbaycan Respublikasının ərazi və daxili sərhədboyu sularında üzərkən və ya olarkən hərbi və qeyri-hərbi gəmilərin müəyyən edilmiş rejimə əməl etməsi üzərində nəzarəti həyata keçirir;
10) xidmət rayonlarında Azərbaycan Respublikasının xüsusi vəkil edilmiş dövlət orqanlarına təbii ehtiyatların qorunması, ov qaydalarına əməl edilməsi üzərində nəzarət və təbii mühiti çirklənməkdən mühafizə işində lazımi kömək göstərir.
Yuxarıda göstərilənlərdən başqa sərhəd qoşunları:
1) hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri, Dövlət sərhədində xüsusi nəzarəti həyata keçirən dövlət orqanları tərəfindən Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsinə kömək göstərir;
2) Dövlət sərhədinin mühafizə olunmasında dövlət orqanları, müəssisələri, idarələri və təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir;
3) Azərbaycan Respublikasının təhlükəsizliyini təmin edən digər qüvvələr tərəfindən Dövlət sərhədinin mühafizəsi, dövlət sərhədində şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyət kəsb edən mühüm mənafelərinin xarici və daxili təhlükələrdən qorunması ilə əlaqədar vəzifələrin yerinə yetirilməsinə kömək göstərir.
Dövlət sərhədinə, sərhəd çaylarına, göllərinə, digər sututarlara, dəniz sahilinə və ya Dövlət sərhədinin buraxılış məntəqəsinə bitişik rayonlarda və şəhərlərdə fövqəladə vəziyyətin hüquqi rejimi tətbiq edildikdə sərhəd qoşunlarına müstəsna olaraq Dövlət sərhədinin mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada digər vəzifələr həvalə edilə bilər.
Azərbaycan Respublikasının müdafiəsi sahəsində sərhəd qoşunlarının silahlı döyüş vasitələrinin tətbiqi ilə əlaqədar vəzifələri onların xüsusi hazırlığına, silah və hərbi texnika ilə təminatına, təşkilat-ştat strukturuna uyğun olaraq Azərbaycan Respublikasının hərbi doktrinası əsasında Azərbaycan Respublikasının Ali baş komandanı tərəfindən müəyyən edilir.
Sərhəd qoşunlarının onların təyinatı ilə əlaqədar olmayan vəzifələrin yerinə yetirilməsinə cəlb edilməsinə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir və onlardan hər hansı başqa məqsədlə istifadə olunması qadağandır. Zəruri hallarda sərhəd qoşunları Azərbaycan Respublikası Ali baş komandanının əmri ilə Azərbaycan Respublikasının müdafiəsi işinə cəlb oluna bilər.
Maddə 5. Sərhəd qoşunlarının hüquqları
Dövlət sərhədinin mühafizəsini həyata keçirərkən sərhəd qoşunları aşağıdakı hüquqlara malikdir:
1) xidməti vəzifələri icra edərkən sərhədyanı rayonların ərazisində maneəsiz hərəkət etmək, sənədləri, nəqliyyat vasitələrini, onlarda daşınan yükləri və digər əmlakı yoxlamaq;
2) Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək;
3) Dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərini yoxlamaq, həmin sənədlərdə müvafiq qeydlər etmək və zərurət olduqda bunları müvəqqəti saxlamaq;
Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair etibarlı sənədləri olmayan şəxsləri onlar dövlət sərhədindən keçmək hüququna dair sənədləri lazımınca rəsmiləşdirənədək və ya Azərbaycan Respublikası vətəndaşlarının xaricdə olduqları dövrdə öz sənədlərini itirməsi halları araşdırılanadək və onların şəxsiyyəti müəyyən edilənədək Dövlət sərhədindən buraxmamaq;
4) Dövlət sərhədindən keçən şəxslərin yüklərini və başqa əşyalarını müəyyən edilmiş qaydada müstəqil surətdə və ya gömrük idarələri ilə birlikdə yoxlamaq, zəruri hallarda onları yoxlanış üçün saxlamaq və ya qanunla müəyyən edilmiş qaydada almaq;
5) Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilmiş materialları, əşyaları və sənədləri, habelə qaçaq malı Dövlət sərhədindən keçirməyə cəhd göstərmiş şəxslərin Azərbaycan Respublikasına və ya Azərbaycan Respublikasından buraxılması məsələsini yol verilmiş hüquq pozuntusu hallarını və xarakterini nəzərə almaqla həll etmək;
6) Dövlət sərhədindən keçən xarici nəqliyyat vasitələrini və Azərbaycan Respublikasına məxsus nəqliyyat vasitələrini, bu vasitələrlə daşınan yükləri müəyyən edilmiş qaydada yoxlamaq; zəruri allarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;
7) xaricə gedən nəqliyyat vasitələrinin Dövlət sərhədinin buraxılış məntəqələrində dayanma (dayanacaq) yerlərini və müddətini əlaqədar müəssisələr, idarələr və təşkilatlar ilə birlikdə müəyyən etmək;
8) Azərbaycan Respublikasının ərazi və daxili sərhədboyu sularında üzərkən və olarkən, habelə Azərbaycan Respublikasının limanlarında dayanacaq vaxtı hüquq pozuntusuna yol vermiş xarici gəmilərin heyət üzvlərinin və gəmilərdə olan digər şəxslərin sahilə çıxmasına və sahildə olmasına yol verməmək;
9) Azərbaycan Respublikasının beynəlxalq və dövlətlərarası müqavilələrinə müvafiq surətdə aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər, təbii fəlakətlər, xüsusilə təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər istisna edilməklə, sərhədboyu zolaqda müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda məhdudlaşdırmaq;
10) Azərbaycan Respublikası ərazisinə basqınların dəf edilməsi, Dövlət sərhədində müxtəlif fitnələrin qarşısının alınması, Dövlət sərhədini pozanların axtarılması və tutulması zamanı, habelə şəraitin tələb etdiyi digər zəruri hallarda mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların elektrik, rabitə və nəqliyyat vasitələrindən (xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus vasitələrdən başqa), o cümlədən ictimai birliklərə və vətəndaşlara məxsus nəqliyyat vasitələrindən istifadə etmək;
11) vətəndaşlardan və vəzifəli şəxslərdən ictimai qaydalara əməl olunmasını tələb etmək; onların vəzifələrinin icrasına mane olan hüquq pozuntularının və digər hərəkətlərin qarşısını almaq;
12) sərhədyanı rayonların ərazisində dövlət sərhədini pozanların axtarılması və tutulması, respublika ərazisində isə onların təqib olunması ilə əlaqədar tədbirlər görərkən mülkiyyət formasından asılı olmayaraq (diplomatik toxunulmazlığa malik olanlardan başqa) müəssisə, idarə və təşkilatların yerləşdiyi əraziyə və binalara qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmaq;
13) sərhədyanı rayonların ərazisində dövlət sərhədini pozanların axtarılması və tutulması ilə əlaqədar tədbirlərin görülməsi məqsədi ilə küçələrdə və yaşayış məntəqəsindən kənardakı yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti dayandırmaq və ya məhdudlaşdırmaq;
14) xidməti vəzifələrin icrası üçün zəruri məlumatı mülkiyyət formasından asılı olmayaraq (diplomatik toxunulmazlığa malik olanlardan başqa) müəssisə, idarə və təşkilatlardan əvəzsiz almaq (bu cür məlumatın əldə olunmasının qanunla müəyyən edilmiş digər qaydaları mövcud olan hallardan başqa);
15) Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində fərqlənmiş vətəndaşları mükafatlandırmaq;
16) Azərbaycan Respublikasının qanunlarına, dövlətlərarası müqavilələrinə, habelə hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə Dövlət sərhədinin qorunması sahəsində başqa tədbirləri həyata keçirmək.
Maddə 6. Sərhəd qoşunlarının hüquq və vəzifələrinin həyata keçirilməsi
Sərhəd qoşunlarının hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 7. Sərhəd qoşunlarının fəaliyyəti və vətəndaşların hüquqları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallardan və qaydalardan başqa, vətəndaşların hüquq və azadlıqlarının sərhəd qoşunları tərəfindən məhdudlaşdırılmasına yol verilmir.
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşları hüquq və azadlıqlarının məhdudlaşdırılması barədə sərhəd qoşunlarından məlumat tələb etmək hüququna malikdirlər.
Vətəndaşların hüquq və azadlıqları pozulduqda sərhəd qoşunluqlarının hərəkətlərindən qanunla müəyyən edilmiş qaydada şikayət edilə bilər.
Maddə 8. Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar inzibati xətalar barədə işlər üzrə icraat
Sərhəd qoşunlarının orqanları (vəzifəli şəxsləri) Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir, habelə bu cür işlərə baxır və onlar üzrə çıxarılmış qərarları icra edir.
Maddə 9. Sərhəd qoşunlarının xarici dövlətlərin sərhəd mühafizə orqanları ilə əməkdaşlığı
Sərhəd qoşunları xarici dövlətlərin sərhəd mühafizə orqanları və digər orqanları ilə Dövlət sərhədinin mühafizəsi məsələləri üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən qaydada ikitərəfli münasibətlər əsasında əməkdaşlıq edir.
Sərhəd qoşunları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq olaraq yaradılan sərhəd mühafizəsi üzrə çoxtərəfli əlaqələndirmə orqanlarının fəaliyyətində iştirak edir.
Maddə 10. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən sərhəd qoşunlarına kömək göstərilməsi
Dövlət orqanları və onların vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində:
1) sərhəd qoşunlarına onların qarşısında duran vəzifələrin yerinə yetirilməsində kömək göstərir və lazımi məlumatı əvəzsiz olaraq onlara təqdim edirlər;
2) sərhəd qoşunlarının hərbi qulluqçularına, fəhlə və qulluqçularına, onların ailə üzvlərinə, sərhəd qoşunlarının obyektlərinə münasibətdə hüquqa zidd hərəkətlərin yol verilməməsi üzrə tədbirlər görürlər;
3) sərhəd qoşunlarına kömək göstərilməsi işində vətəndaşların könüllü iştirakına yardım edir və şərait yaradırlar.
Maddə 11. Sərhəd qoşunlarının bayraqları, rəmzləri, emblemləri, tanınma və fərqlənmə nişanları
Sərhəd qoşunlarının hərbi hissələri, bölmələri, sərhəd dəstələri, tədris məktəbləri, sərhəd gəmiləri (katerləri) döyüş bayraqlarına və rəmzlərə; təyyarələri, vertolyotları, avtonəqliyyat vasitələri və döyüş texnikası tanınma nişanlarına; hərbi qulluqçuları isə fərqlənmə nişanlarına və emblemlərə malikdirlər.
Bu maddənin birinci hissəsində göstərilən bayraqlar, rəmzlər, nişanlar və emblemlər haqqında əsasnamələri müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
II fəsil. Sərhəd qoşunlarının fəaliyyətinin təşkili və idarə olunması
Maddə 12. Sərhəd qoşunlarının tərkibi və sayı
Sərhəd qoşunları idarə orqanlarından, sərhəd dəstələrindən, sərhəd nəzarəti hərbi hissələrindən, hərbi aviasiya hissələrindən, hərbi dəniz hissələrindən, sərhəd qoşunlarının fəaliyyətini təmin edən hərbi hissələr, idarələr və müəssisələrdən (təlim, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama, mədəni-maarif və s.) və xüsusi tədris məktəbləri və elmi tədqiqat idarələrindən ibarətdir.
Sərhəd qoşunlarının strukturu və say tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri:
1) sərhəd qoşunlarına ümumi rəhbərliyi həyata keçirir və onlara həvalə edilmiş vəzifələrin icrasına nəzarət edir;
2) sərhəd qoşunlarının fəaliyyətinin təşkili məsələlərinə dair aktlar verir;
3) sərhəd qoşunları komandanını, qərargah rəisini vəzifəyə təyin etmək və ali zabit rütbəsi vermək üçün Azərbaycan Respublikası Prezidentinə təqdimat verir;
4) zabitləri ştatla polkovnik, I dərəcəli kapitan rütbəsinədək (bu rütbələr də daxil olmaqla) hərbi rütbə nəzərdə tutulan vəzifələrə təyin (azad) edir və hərbi xidmətdən ehtiyata buraxır, göstərilən rütbələri və ilkin zabit rütbələri verir;
5) qanunvericilikdə nəzərdə tutulmuş başqa hüquq və vəzifələri həyata keçirir.
Maddə 14. Sərhəd qoşunları komandanı
Sərhəd qoşunlarına» rəhbərliyi Sərhəd Qoşunlarının komandanı həyata keçirir. Sərhəd Qoşunlarının komandanının səlahiyyətləri qanunvericiliklə müəyyən edilir.
Maddə 15. Sərhəd Qoşunlarının Baş İdarəsi
Sərhəd Qoşunlarının Baş İdarəsinə sərhəd qoşunları komandanı başçılıq edir.
Sərhəd Qoşunlarının Baş İdarəsi sərhəd qoşunlarının fəaliyyətini təşkil edən mərkəzi orqan olub, Milli Təhlükəsizlik Nazirliyinin müstəqil struktur bölməsidir. Sərhəd Qoşunlarının Baş İdarəsi haqqında Əsasnaməni Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təsdiq edir.
Sərhəd Qoşunlarının Baş İdarəsi hüquqi şəxsdir; həqiqi və şərti ada, müvafiq möhür və ştamplara, banklarda hesablara, o cümlədən valyuta hesabına malikdir.
Maddə 16. Sərhəd Qoşunları Baş İdarəsinin qərargahı
Sərhəd Qoşunlarının Baş İdarəsinin qərargahı sərhəd qoşunlarının idarəetmə orqanı olub, Dövlət sərhədinin mühafizəsi üzrə xidməti döyüş fəaliyyətini təşkil edir.
Sərhəd Qoşunları Baş İdarəsi qərargahının rəisi — sərhəd qoşunları komandanının birinci müavini sərhəd qoşunları komandanının təklifi və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Maddə 17. Sərhəd qoşunlarının hərbi şurası
Sərhəd Qoşunlarının Baş İdarəsində hərbi şura yaradılır. Hərbi şura Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Hərbi şura haqqında» Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərir.
Hərbi şuranın tərkibinə sərhəd qoşunlarının komandanı — hərbi şuranın sədri, Sərhəd Qoşunları Baş İdarəsinin qərargah rəisi (komandanın birinci müavini), Sərhəd Qoşunları Baş İdarəsinin digər vəzifəli şəxsləri daxildir. Sərhəd qoşunları hərbi şurasının iclaslarında Azərbaycan Respublikası Silahlı qüvvələrinin Ali baş komandanının səlahiyyətli nümayəndəsi iştirak edir.
Maddə 18. Sərhəd qoşunlarında sərhəd mühafizə orqanları
Sərhəd qoşunlarında sərhəd mühafizə orqanları dövlət sərhədinin mühafizəsi ilə əlaqədar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, Azərbaycan Respublikasının Cinayət-prosessual məcəlləsində nəzərdə tutulmuş qaydada dövlət sərhədinin pozulması haqqında işlər üzrə təhqiqat aparır.
Sərhəd mühafizə orqanları sərhəd dəstələrinin, sərhəd nəzarəti hərbi hissələrinin, sərhəd qoşunlarını idarəetmə orqanlarının tərkibinə, onların nümayəndələri isə sərhəd komendantlıqlarının, sərhəd nəzarəti bölmələrinin, hərbi və dəniz hissələrinin tərkibinə daxil edilir.
Maddə 19. Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələr
Sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sərhəd hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd qoşunlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz.
Maddə 20. Sərhəd zastavası
Sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub ərazinin müəyyən sahəsində Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.
Sərhəd zastavası ona təhkim edilmiş sahədə, öz səlahiyyətinə daxil olmayan məsələlərdən başqa, sərhəd qoşunlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil edir.
Sərhəd zastavasının rəisi sərhəd zastavasına təhkim edilmiş sahədə sərhəd qoşunlarının ali vəzifəli şəxsidir.
Sərhəd zastavasına sıra nömrəsi verilir.
Maddə 21. Sərhəd nəzarəti bölməsi
Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi Dövlət sərhədinin bir və ya bir neçə buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin buraxılışını, habelə öz səlahiyyəti həddində ona təhkim edilmiş Dövlət sərhədinin buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə və Dövlət sərhədinin keçilməsi qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirir.
Sərhəd nəzarəti bölməsi ona təhkim edilmiş Dövlət sərhədinin buraxılış məntəqəsində xüsusi nəzarəti həyata keçirən orqanlarla (orqanların nümayəndələri ilə) onların səlahiyyətinə qarışmadan qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Sərhəd nəzarəti bölməsinə həqiqi ad verilir.
Maddə 22. Sərhəd gəmisi (kateri)
Sərhəd qoşunlarının tərkibinə daxil olan sərhəd gəmisi (kateri) Dövlət sərhədinin bilavasitə mühafizəsinə xidmət edir, müəyyən edilmiş bayraq, vımpel, bort fərqlənmə nişanı daşıyır, sərhəd qoşunlarında hərbi xidmətdə olan şəxsin komandanlığı altındadır və hərbi intizama tabe olan heyətə malikdir.
Sərhəd gəmisi ona məxsus olan uçan aparatlar və üzən vasitələr beynəlxalq hüquq normalarına müvafiq olaraq immunitetə malikdirlər.
Sərhəd gəmisinin (katerinin) komandiri, şəxsi heyəti xarici dövlətlər, hərbi və qeyri-hərbi gəmilər, habelə onların nümayəndələri ilə qarşılıqlı münasibətlərdə olarkən Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, beynəlxalq hüququn prinsip və normalarını əsas tuturlar.
Komandirlərin vəzifəyə görə birinciliyini, zabitlərin, miçmanların hüquqi və sosial vəziyyətini, maddi-texniki təminat normalarını müəyyən etmək üçün sərhəd xidmətinin taktiki-texniki elementlərindən və həll edəcəyi vəzifələrdən asılı olaraq sərhəd gəmiləri (katerləri) siniflərə və dərəcələrə bölünür. Siniflərə və dərəcələrə bölmə Sərhəd Qoşunlarının komandanı tərəfindən təsdiq edilmiş sərhəd gəmilərinin təsinifatı haqqında Əsasnamə ilə müəyyən edilir.
Maddə 23. Radiotexniki post
Radiotexniki post sərhəd qoşunlarının hərbi dəniz hissəsinin bölməsi olub ona təhkim edilmiş nəzarət zonasında radiotexniki və digər vasitələrlə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.
Radiotexniki post öz nəzarət zonasında sərhəd qoşunlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil edir.
Radiotexniki posta sıra nömrəsi verilir.
Maddə 24. Sərhəd hava gəmisi
Sərhəd hava gəmisi (sərhəd qoşunlarının aviasiya hissəsinin tərkibinə daxil olan təyyarə, vertolyot və digər uçan aparat) Dövlət sərhədinin bilavasitə mühafizəsinə xidmət edir.
Sərhəd hava gəmisi Azərbaycan Respublikasının hava məkanından istifadə etmək üstünlüyünə, habelə Dövlət sərhədində vəziyyət gərginləşdikdə əvvəlcədən uçuş üçün sifariş vermədən birinci növbədə uçuş hüququna malikdir.
Maddə 25. Əməliyyat-axtarış orqanının bölməsi
Əməliyyat-axtarış orqanının bölməsi bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyət həddində ona təhkim edilmiş sahədə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.
Əməliyyat-axtarış orqanı bölməsinin rəhbəri ona verilmiş səlahiyyət həddində Dövlət sərhədinin mühafizəsi sahəsində bölməyə həvalə edilmiş vəzifələrin tam və vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Maddə 26. Sərhəd qoşunlarının sahə müvəkkili
Sərhəd qoşunlarının sahə müvəkkili və onun köməkçisi sərhəd qoşunlarının hərbi qulluqçuları sırasından təyin edilir və yerli idarəetmə orqanlarına təqdim olunur.
Sərhəd qoşunlarının sahə müvəkkili vətəndaşların köməyi ilə sərhəd rejiminə əməl olunmasına nəzarət edilməsi, aidiyyətinə daxil olan inzibati xətalar haqqında işlər üzrə icraat aparılması, Dövlət sərhədinin mühafizəsi üzrə digər vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanları, ictimai təşkilatlar, müəssisə və idarələr ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsi üçün təyin edilir.
Sərhəd qoşunlarının sahə müvəkkilinə müəyyən ərazi sahəsi və bu sərhədə yerləşən yaşayın məntəqələri təhkim edilir.
Sərhəd qoşunlarının sahə müvəkkili öz vəzifələrini daxili işlər orqanları (orqanların əməkdaşları) ilə qarşılıqlı əlaqədə yerinə yetirir.
Sərhəd qoşunlarının sahə müvəkkili haqqında Əsasnamə sərhəd qoşunlarının komandanı tərəfindən təsdiq olunur.
III fəsil. Sərhəd qoşunlarında hərbi xidmət
Maddə 27. Sərhəd qoşunlarının hərbi qulluqçularla komplektləşdirilməsi
Sərhəd qoşunlarının hərbi qulluqçularla komplektləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
Sərhəd qoşunlarında hərbi xidmət keçmək üçün çağırışçılar milli təhlükəsizlik orqanları, sərhəd dəstələri və sərhəd qoşunlarının hərbi hissələri tərəfindən, hərbi komissarlarla birlikdə seçilir.
Maddə 28. Sərhəd qoşunları kadrlarının hazırlanması
Sərhəd qoşunlarının zabitləri müvafiq icra hakimiyyəti orqanlarının məktəblərində və digər ixtisaslaşdırılmış təhsil müəssisələrində hazırlanır.
Gizirlərin, miçmanların, çavuşların və kiçik mütəxəssislərin hazırlanması gizir, miçman məktəblərində və sərhəd qoşunlarının, Azərbaycan Respublikasının nazirlik və idarələrinin tədris mərkəzlərində həyata keçirilir.
Maddə 29. Sərhəd qoşunlarının elmi-peşəkar ehtiyatı
Sərhəd qoşunlarını yüksək peşəkar səviyyəsində saxlamaq məqsədi ilə elmi və ixtisaslı mütəxəssislər və digər peşəkar hazırlığa malik hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular sırasından elmi-peşəkar ehtiyat yaradılır.
Elmi-peşəkar ehtiyata daxil edilmiş şəxslərdən sərhəd məsələləri üzrə ekspert, məsləhətçi, komissiya və nümayəndə heyətinin üzvü kimi, habelə sərhəd qoşunları komandanının müəyyən etdiyi digər vəzifələrin yerinə yetirilməsində istifadə edilə bilər.
Sərhəd Qoşunlarının komandanı elmi-peşəkar ehtiyatın sayını və onun saxlanması üçün lazım olan pul vəsaitinin limitini müəyyən edir.
Maddə 30. Sərhəd qoşunlarında hərbi xidmət keçmə
Sərhəd qoşunlarının hərbi qulluqçuları «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Qanuna müvafiq olaraq onların vəzifələrinin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.
Sərhəd qoşunlarının hərbi qulluqçuları sərhəd qoşunlarında təsis edilmiş döş nişanları ilə təltif edilə bilərlər. Döş nişanları haqqında Əsasnaməni Sərhəd Qoşunlarının komandanı təsdiq edir.
Maddə 31. Sərhəd qoşunlarının təhlükəsizliyinin təmin edilməsi
Sərhəd qoşunları öz təhlükəsizliyini milli təhlükəsizlik orqanları ilə qarşılıqlı əlaqədə təşkilati, rejim, texniki və digər tədbirləri həyata keçirmək yolu ilə təmin edir. Sərhəd qoşunlarının əməliyyat-axtarış orqanları öz təhlükəsizliyini, habelə əməliyyat tədbirlərini həyata keçirmək yolu ilə təmin edir.
Sərhəd qoşunlarında hərbi xidmətə daxil olan və fəaliyyətinin xüsusiyyətinə görə dövlət sirri və ya qanunla xüsusi olaraq qorunan sirr kəsb edən məlumatla işləmək üçün buraxılmalı olan şəxslər bu məlumatı yaymamaq barədə öhdəlik qəbul etməlidirlər. Öhdəliyin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Sərhəd qoşunları öz fəaliyyəti barədə ictimaiyyətə məlumat vermək üçün bu məqsədlə onun strukturunda yaradılmış müvafiq xidmət orqanları vasitəsi ilə və ya sərhəd qoşunlarının komandanının müəyyən etdiyi digər qaydada ictimai təşkilatlarla, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə yaradır.
Sərhəd qoşunlarının Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məxfilikdən çıxarılan tarixi və elmi əhəmiyyətli materialları Azərbaycan Respublikasının dövlət arxivinə verilir.
Maddə 32. Silah və döyüş texnikasının tətbiqi
Azərbaycan Respublikasının dövlət sərhədini bilavasitə qoruyarkən sərhəd qoşunlarının hərbi qulluqçuları silah və döyüş texnikası tətbiq edirlər.
Silah və döyüş texnikasının tətbiq edilməsi «Dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
IV fəsil. Sərhəd qoşunları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti
Maddə 33. Sərhəd qoşunları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti
Sərhəd qoşunları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 34. Sərhəd qoşunları hərbi qulluqçularının, fəhlə və qulluqçularının hüquqi vəziyyəti
Dövlət sərhədinin bilavasitə mühafizəsi ilə əlaqədar vəzifələri yerinə yetirərkən sərhəd qoşunlarının hərbi qulluqçuları hakimiyyət nümayəndələri hesab edilirlər.Onların qanuni tələblərinin icrası vətəndaşlar və vəzifəli şəxslər üçün məcburidir. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa heç kim onların fəaliyyətinə qarışa bilməz. Sərhəd qoşunlarının hərbi qulluqçuları müstəqil olaraq öz səlahiyyətləri daxilində qərarlar qəbul edir və qanunla onlara verilmiş hüquqları həyata keçirirlər.
Dövlət sərhədində bilavasitə xidmət keçən sərhəd qoşunları hərbi qulluqçularının və onları ailə üzvlərinin şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrində onların xidmət və yaşayış yerləri barəsində məlumat dərc olunması qadağan edilir.
Sərhəd qoşunlarının fəhlə və qulluqçuları həmkarlar ittifaqlarını yaratmaq hüququna malikdirlər.
Sərhəd qoşunlarında siyasi məqsədlər daşıyan təşkilatların fəaliyyəti, onların strukturlarının yaradılması, habelə tətillər təşkil edilməsi və keçirilməsi qadağandır.
Maddə 35. Sərhəd qoşunlarının hərbi qulluqçularının telefonla təmin edilməsi
Sərhəd qoşunlarının zabitləri, gizirləri (miçmanları) mənzillərinə növbədənkənar telefon çəkilməsi hüququna malikdirlər.
Maddə 36. Sərhəd qoşunlarının hərbi qulluqçuları, fəhlələri və qulluqçuları üçün əlavə güzəştlərin və kompensasiyaların müəyyən edilməsi
Azərbaycan Respublikasının qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanlarının və sərhəd qoşunları komandanının qərarları ilə sərhəd qoşunlarının hərbi qulluqçuları, fəhlələri və qulluqçuları üçün onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd qoşunlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla bu Qanunla nəzərdə tutulan güzəştlərdən başqa digər güzəştlər və kompensasiyalar müəyyən edilə bilər.
Sərhəd qoşunlarının müxtəlif əsaslara görə bu və digər güzəşt və kompensasiya hüququna malik olan hərbi qulluqçuları, fəhlələri və qulluqçuları öz arzularına görə yalnız əsaslardan biri üzrə güzəşt və kompensasiya hüququndan istifadə edə bilər.
V fəsil. Sərhəd qoşunlarının maliyyələşdirilməsi və maddi-texniki təminatı
Maddə 37. Sərhəd qoşunlarının maliyyələşdirilməsi
Sərhəd qoşunları Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrıca maddə ilə maliyyələşdirilir və sərhəd qoşunları üçün yaşayış evlərinin, sosial–mədəni və xüsusi obyektlərin tikintisindən ötrü vəsait ayrıca nəzərdə tutulur.
Maddə 38. Sərhəd qoşunlarının əsas fondları
Sərhəd dəstələrinin, hərbi hissələrin, bölmələrin, idarələrin, müəssisələrin binaları, qurğuları və digər tikililəri, tədris-maddi baza ilə birlikdə tədris obyektləri, sərhəd gəmiləri (katerləri), sərhəd hava gəmiləri, sərhəd qoşunlarının onların üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün istifadə etdikləri tabel əmlakı və vəsaitləri Azərbaycan Respublikasının dövlət mülkiyyətidir və sərhəd qoşunlarının əsas fondlarını təşkil edir. Əsas fondlara münasibətdə sərhəd qoşunları əməli idaretmə hüququndan istifadə edirlər. Sərhəd qoşunlarının əsas fondları özəlləşdirilə bilməz.
Sərhəd qoşunlarının yerləşdirilməsi və fəaliyyəti üçün torpaq sahələri, limanlara məxsus su hövzələri onların istifadəsinə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq verilir. Sərhəd qoşunlarının torpaqdan və sudan istifadə etməsinə görə vergi müəyyən edilmir.
Sərhəd qoşunları torpaqdan, hava məkanından, su sahələrindən istifadəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirir.
Maddə 39. Sərhəd qoşunları mənzil fondunun xüsusiyyətləri
Sərhəd qoşunlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd qoşunlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər.
Sərhəd komendantlıqlarına, sərhəd zastavalarına, sərhəd nəzarəti bölmələrinə, Dövlət sərhədinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab edilir, özəlləşdirilə və dəyişdirilə bilməz.
Sərhəd qoşunları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən sərhəd qoşunlarının tələbi əsasında köçürülür.
Sərhəd komendantlıqlarında, sərhəd zastavalarında, sərhəd nəzarəti bölmələrində, sərhəd gəmilərində, sərhəd hava gəmilərinin şəxsi heyətində, Dövlət sərhədini mühafizə edən digər orqanlarda hərbi xidmət keçən və xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara mənzil sahəsi, məişət mebeli (müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya əsasən), sərhəd qoşunlarının xərclər smetası hesabına verilir və kommunal xidmət göstərilir.
Maddə 40. Sərhəd qoşunlarının maddi-texniki təminatı
Sərhəd qoşunlarının silah, döyüş texnikası və maddi-texniki təminatı, infrastrukturun yaradılması Azərbaycan Respublikasının maddi ehtiyatları hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Sərhəd qoşunlarının maddi-texniki təminatı normalarını və qaydasını Sərhəd Qoşunlarının komandanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Sərhəd qoşunlarının silah və texnikasının təmiri sərhəd qoşunlarının, müvafiq icra hakimiyyəti orqanının, o cümlədən Azərbaycan Respublikasının hərbi dəniz qüvvələrinin, Azərbaycan Respublikasının digər nazirlik və idarələrinin təmir müəssisələrində, habelə digər dövlətlərin təmir müəssisələrində həyata keçirilir.
Məhsulun keyfiyyətinə nəzarət etmək və onu qəbul etmək üçün, o cümlədən Azərbaycan Respublikasının müəssisə və təşkilatlarında sərhəd qoşunlarının silah və texnikasının təmirinin keyfiyyətinə nəzarət etmək üçün müvafiq icra hakimiyyəti orqanından nümayəndələr dəvət olunur.
Sərhəd qoşunlarının hərbi hissələrini və bölmələrini yerləşdirmək üçün obyektlərin tikintisi və ya verilməsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün müəyyən edilmiş qaydada və normalar üzrə, sərhəd qoşunlarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət büdcəsi, Azərbaycan Respublikasının əlaqədar nazirlikləri və idarələrinin vəsaiti hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 yanvar 1994-cü il
№ 772
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, № 16, maddə 209 («VES Consultancy» LLC).
7 oktyabr 1997-ci il tarixli, 378-IQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli;17 aprel 2007-ci iltarixli, 313-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə