Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikası Qanunu (18 fevral 1995)
Bu Qanun Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edir.Qanunun müddəaları aqrar islahat sahəsində digər normativ aktlar üçün əsasdır.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Aqrar islahatın məqsədi və vəzifələri
İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır.
İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.
Maddə 2. Aqrar islahatın əsas istiqamətləri
Aqrar islahatın əsas istiqamətləri aşağıdakılardır:
- aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması;
- torpaq, meliorasiya və su təsərrüfatının islahatı;
- müxtəlifnövlü təsərrüfatların yaradılması;
- aqrar bölmənin dövlət təminatı.
Maddə 3. Aqrar islahatın əsas prinsipləri
Aqrar islahatın əsas prinsipləri aşağıdakılardır:
- dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması;
- islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi;
- əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi;
- respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması;
- ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi;
- kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi.
II fəsil. Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması
Maddə 4. Dövlət və bələdiyyə mülkiyyəti
Dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları; baytarlıq və bitki mühafizəsi obyektləri; cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri; təbiəti mühafizə obyektləri, qoruqlar; mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır.
Aqrar bölmənin dövlət mülkiyyətində olan yerli əhəmiyyətli obyektləri bələdiyyə mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətinə mülkiyyətçilərin qərarı ilə digər əmlak da verilə bilər.
Dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir.
Maddə 5. Torpaq islahatı
İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.
Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.
Maddə 6. Meliorasiya və su təsərrüfatının islahatı
İslahat meliorasiya və su təsərrüfatı obyektləri üzərində mülkiyyət münasibətlərini dəyişdirmək və suyun pullu istifadəsini tətbiq etməklə sudan istifadənin səmərəliliyini yüksəltmək məqsədilə aparılır.
İri su mənbələri, meliorasiya və suvarma sistemləri, onların istismarı müəssisələri və digər obyektlər dövlət mülkiyyətində saxlanılır.
Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Birliyin uzunmüddətli istifadəsinə (20 ildən az olmayan müddətə) verilir. Sistemlərin istifadəyə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması qaydası həmin qərarla müəyyən edilir.
Təsərrüfatdaxili meliorasiya və su təsərrüfatı obyektləri sovxoz və kolxozların (mülkiyyətçilərin) qərarı ilə bələdiyyə mülkiyyətinə verilə və ya islahat nəticəsində yaranan mülkiyyətçilərin sərəncamında saxlanıla bilər.
Maddə 7. Emal sənayesinin və istehsal infrastrukturu obyektlərinin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi
Bələdiyyə mülkiyyətinə daxil edilən emal müəssisələri satılır və ya səhmləşdirilir. Müəssisə satılarkən üstünlük kollektiv üzvlərinə və xammal istehsalçılarına verilir. Müəssisə səhmləşdirildikdə səhmlərin nəzarət zərfi xammal istehsalçılarına güzəştli şərtlərlə satılır, müəyyən hissəsi kollektiv üzvlərinə əvəzsiz verilir. Qalan səhmlər ümumi qaydalarla satılır. Emal müəssisələrinin dəyərinin on faizə qədəri bələdiyyə mülkiyyətində qala bilər.
Dövlət mülkiyyətində olan emal müəssisələri özəlləşdirmə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özəlləşdirilir.
İstehsal infrastrukturunda əmlakın özəlləşdirilməsi emal müəssisələri üçün müəyyən edilən prinsiplərə uyğun həyata keçirilir.
Maddə 8. Sosial infrastrukturunda yeni mülkiyyət münasibətləri
Sosial infrastrukturunda mülkiyyət məsələləri əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir. Həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmir.
Bu zaman:
- səhiyyə, bədən tərbiyəsi və idman obyektləri, uşaq bağçaları və körpələr evi, ümumtəhsil məktəbləri və digər obyektlər birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır və ya bələdiyyə mülkiyyətinə verilir;
- kommunal təsərrüfat, istilik və su sistemləri, məişət xidməti, ticarət, ictimai iaşə obyektləri satılır və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır, yaxud bələdiyyə mülkiyyətinə verilir;
- mənzillər (evlər) mənzillərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada kirayəçilərin mülkiyyətinə verilir.
- İcarədə olan obyektlərlə bağlı münasibətlər icarə qanunvericiliyi ilə tənzimlənir.
Maddə 9. İstehlak kooperasiyasının islahatı
İstehlak kooperasiyasının islahatı aşağıdakı məsələlərin həllinə yönəldilir:
- bütövlükdə istehlak kooperasiyasında və onun hər bir struktur bölməsində mülkiyyətçilərin və onların əmlakının dəqiqləşdirilməsinə;
- payçıların və onların əmlak payının müəyyənləşdirilməsinə;
- payçının öz payı ilə üzvlükdən çıxması hüququnun təmin edilməsinə;
- istehlak kooperasiyasının öz fəaliyyətinin ənənəvi sahələri ilə bərabər maddi-texniki təchizat, aqroservis və digər istiqamətlərdə genişləndirilməsinə;
- istehlak kooperasiyasının fəaliyyətinin demokratikləşdirilməsinə, payçıların idarəetmədə həlledici rolunun təmin edilməsinə.
III fəsil. Müxtəlifnövlü təsərrüfatların yaradılması
Maddə 10. Müxtəlifnövlü təsərrüfatlar
Müxtəlifnövlü təsərrüfatlar mülkiyyət münasibətlərindən və təsərrüfatçılıq formalarından asılı olaraq aşağıdakılardır:
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar və s.;
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, kooperativlər, şərikli təsərrüfatlar və s.;
- səhmdar cəmiyyətləri;
- torpaq və əmlak üzərində dövlət mülkiyyətinə əsaslanan dövlət kənd təsərrüfatı müəssisələri, səhmdar cəmiyyətləri və s.
Mülkiyyətçilərin qərarı ilə bir təsərrüfat formasının digərinə çevrilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
Maddə 11. Müxtəlifnövlü təsərrüfatların yaradılması
Müxtəlifnövlü təsərrüfatlar sovxoz və kolxozların islahatı, təsərrüfatların transformasiyası, kənd təsərrüfatı dövriyyəsinə cəlb olunan yeni torpaqlarda təsərrüfatların təşkili hesabına yaradılır.
Maddə 12. Sovxoz və kolxozların islahatı
Sovxoz və kolxozların islahatı onların kəndli (fermer) təsərrüfatlarına bölünməsini, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasını, şəxsi yardımçı təsərrüfatların inkişafını nəzərdə tutur. İslahat yaranmış təsərrüfatların kooperasiyasına və xidmət sahələrinin təşkilinə təminat verir.
Dövlət kənd təsərrüfatı müəssisələri istisna olmaqla, inzibati qaydada bir təsərrüfat formasının başqa formaya çevrilməsinə və ya ləğv edilməsinə yol verilmir.
IV fəsil. Aqrar bölmənin dövlət təminatı
Maddə 13. Aqrar bölməyə dövlət himayəsi
Aqrar bölmə iqtisadiyyatın vacib sahələrindən biri kimi dövlət himayəsindədir. Dövlət himayəsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:
- aqrar bölməyə investisiya qoyuluşunun stimullaşdırılması;
- məqsədli dövlət proqramları əsasında meliorasiya və irriqasiya işlərinin aparılması, kənd təsərrüfatı maşınlarının və digər maddi-texniki vasitələrin istehsal bazasının yaradılması, işğal altından azad edilmiş ərazilərddə aqrar-sənaye kompleksinin bərpası və inkişaf etdirilməsi;
- kənd təsərrüfatında yoluxucu xəstəliklərə və zərərvericilərə qarşı karantin və müalicə tədbirlərinin aparılmasına, kadr hazırlığına və elmi təminata, istehsal və sosial infrastrukturun yaradılmasına dövlət vəsaitinin ayrılması;
- mühüm kənd təsərrüfatı məhsullarının qiymətləri ilə onların istehsalında istifadə olunan maşın-mexanizmlərin, yanacaq-sürtkü materiallarının, mineral gübrələrin, zəhərli kimyəvi maddələrin qiymətləri arasında mütənasibliyin təmin edilməsi (kənd təsərrüfatı məhsullarının və maddi-texniki vasitələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir);
- differensial kreditləşmə və vergi tətbiqi.
Maddə 14. Aqrar bazarın dövlət tənzimlənməsi
Aqrar bazar aşağıdakı yollarla tənzimlənir:
- mühüm kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması;
- əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili bazarın yaradılması;
- maliyyə-kredit müəssisələrinin işinin aqrar bazarın tələbatına uyğunlaşdırılması;
- sığorta işinin təkmilləşdirilməsi.
Maddə 15. Kənd əhalisinin sosial müdafiəsi
Kənd əhalisinin sosial müdafiəsi:
- mülkiyyət münasibətlərinin dəyişməsi ilə əhalinin sosial müdafiəsinin uzlaşdırılmasını;
- kənddə yeni iş yerlərinin yaradılmasına üstünlük verilməsini;
- maarif, səhiyyə, mədəni-məişət və digər sosial-xidmət sahələrinin üstün inkişafının təmin edilməsini və s. tədbirləri nəzərdə tutur.
Maddə 16. Aqrar bölmə mütəxəssislərinin hazırlanması
Aqrar bölmə mütəxəssislərinin hazırlanması islahatın tələblərinə uyğunlaşdırılır, kənd təsərrüfatı təhsili sistemi təkmilləşdirilir, özəl təhsil müəssisələrinin fəaliyyətiinə şərait yaradılır.
Peşə və ixtisaslar üzrə pərakəndəlik aradan götürülür, kadrların təkrar hazırlığına üstünlük verilir və tədrisin maddi-texniki bazası möhkəmləndirilir.
Maddə 17. Aqrar bölmənin elmi təminatı
Aqrar bölmənin elmi təminatı islahatın optimal yollarının müəyyən edilməsini, yeni mülkiyyət münasibətləri və təsərrüfatçılıq şəraitində dövlət tənzimlənməsini, idarəetmənin və kənd təsərrüfatının sahə strukturunun iqtisadi vasitələrlə təkmilləşdirilməsini, məhsul istehsalı və emalının mütərəqqi texnologiyalarının hazırlanmısını, islahatın sosial-iqtisadi nəticələrinin proqnozlaşdırılmasını və digər məsələləri əhatə edir.
Aqrar elminin təşkili və maliyyələşdirilməsi təkmilləşdirilir, elmi axtarışlara tələbat formalaşdırılır, tədqiqatçıların əməyinin ödənilməsi elmi işlərin nəticələri ilə uzlaşdırılır, intellektual mülkiyyət hüquqlarına təminat verilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 18 fevral 1995-ci il
№ 976
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 fevral 1995-ci il, № 35) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (28 fevral 1995-ci il, № 3-4, maddə 58) («VES Consultancy» LLC).
4 mart 2005-ci il tarixli, 846-IIQD nömrəli Qanuna əsasən dəyişikliklər və əlavələrlə