Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu (2 iyul 1999)
Bu Qanun Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra Hesablama Palatası adlanacaq) statusunu, funksiyalarını, təşkilati strukturunu, fəaliyyət formalarını və prinsiplərini müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikası Hesablama Palatasının statusu
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Milli Məclis Hesablama Palatası yaradır.
Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir.
Hesablama Palatasının üzvlərinə dair tələblər, onların təyin olunma qaydaları Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 44-cü maddəsi və «Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında» Qanunun 10-cu maddəsi ilə müəyyənləşdirilir.
Hesablama Palatası hüquqi şəxsdir.
Hesablama Palatasının Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı yazılmış möhürü vardır.
Hesablama Palatası Bakı şəhərində yerləşir.
Maddə 2. Hesablama Palatasının əsas funksiyaları
Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir:
- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir;
- dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;
- dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir;
- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;
- rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;
- dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;
- Azərbaycan Respublikası Milli Məclisinin və onun komitələrinin tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrinin maliyyə ekspertizasını keçirir;
- dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir;
- dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;
- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;
- digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.
- dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparır.
Maddə 2-1. Hesablama Palatasının fəaliyyət dairəsi
Hesablama Palatası dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.
Maddə 3. Hesablama Palatası haqqında qanunvericilik
Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Hesablama Palatasının Daxili Nizamnaməsi təşkil edir.
Maddə 4. Hesablama Palatasının Daxili Nizamnaməsi
Hesablama Palatası öz işinin təşkilini və tənzimlənməsini Daxili Nizamnamə əsasında həyata keçirir.
Hesablama Palatası özünün Daxili Nizamnaməsini hazırlayır.
Hesablama Palatasının Daxili Nizamnaməsi qanunla təsdiq edilir.
II fəsil. Hesablama Palatasının təşkili və fəaliyyətinin əsasları
Maddə 5. Hesablama Palatasının üzvləri və onların səlahiyyət müddəti
Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir.
Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti 7 ildir.
Hesablama Palatasının üzvləri öz vəzifələrini bu Qanunda və Hesablama Palatasının Daxili Nizamnaməsində nəzərdə tutulduğu kimi yerinə yetirir, dövlətin, fiziki və hüquqi şəxslərin mənafeyini qoruyurlar.
Maddə 5-1. Hesablama Palatasının Kollegiyası
Hesablama Palatasının fəaliyyətinin təşkili, nəzarət fəaliyyətinin normativ-metodoloji təminatı, Palatanın hesabatlarına, qərarlarına, rəylərinə və s. məsələlərinə baxılması məqsədi ilə Hesablama Palatasının sədrindən (Kollegiyanın sədri), vəzifələrinə görə Palatanın üzvlərindən və struktur bölmələrinin rəhbərlərindən ibarət Kollegiya yaradılır.
Hesablama Palatasının Kollegiyasının üzvlərinin sayı və tərkibi Hesablama Palatası sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri tərəfindən təsdiq edilir.
Hesablama Palatasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Hesablama Palatasının qərarları iclasda iştirak edən Kollegiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Hesablama Palatası sədrinin səsi həlledici qüvvəyə malikdir.
Maddə 6. Hesablama Palatasının fəaliyyət prinsipləri
Hesablama Palatasının fəaliyyəti qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsiplərinə əsaslanır.
Hesablama Palatasının iclasları onun azı 5 üzvü iştirak etdikdə səlahiyyətlidir.
Hesablama Palatasının hesabatları və rəyləri onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Hesablama Palatası sədrinin səsi həlledici qüvvəyə malikdir.
Hesablama Palatası Milli Məclisin komitələri ilə əlaqəli işləyir. Hesablama Palatasının dövlət büdcəsinin icrasına aid hazırladığı hesabatlara və rəylərə Milli Məclisdə müzakirə edilənədək İqtisadi siyasət komitəsində baxılır.
Maddə 7. Hesablama Palatasının üzvlərinə dair əlavə tələblər
Hesablama Palatasının sədri, sədr müavini və auditorları başqa dövlətlər qarşısında öhdəlikləri olan, ağır və ya xüsusilə ağırcinayətlərə görə məhkum olunmuş şəxslər ola bilməzlər.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olan ali təhsilli Azərbaycan Respublikası vətəndaşları ola bilərlər.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul ola bilməzlər.
Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri və Milli Bankın İdarə Heyətinin sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər.
Maddə 8. Hesablama Palatasının sədri
Hesablama Palatasının sədri Hesablama Palatasının fəaliyyətinə rəhbərlik edən və onun işini təşkil edən vəzifəli şəxsdir.
Hesablama Palatasının sədri:
- Hesablama Palatasının iclaslarında sədrlik edir;
- Hesablama Palatasının Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatasının sədr müavini və auditorları arasında iş bölgüsü aparır;
- Hesablama Palatasının səlahiyyətlərinə aid məsələlərin hazırlanması və auditorları arasında iş bölgüsü aparır;
- Hesablama Palatasının səlahiyyətlərinə aid məsələlərin hazırlanması və baxılması ilə əlaqədar Hesablama Palatası auditorlarının işini təşkil edir;
- Azərbaycan Respublikasının Milli Məclisinə Hesablama Palatasının işi haqqında ildə iki dəfə (yaz sessiyasında — aprelin 15-dən gec olmayaraq və payız sessiyasında — oktyabrın 15-dən gec olmayaraq) hesabat verir;
- Hesablama Palatasının səlahiyyətlərinin icrası ilə bağlı əmrlər verir;
- Hesablama Palatasının Aparatına rəhbərlik edir;
- Bu Qanunla və Hesablama Palatasının Daxili Nizamnaməsi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Maddə 9. Hesablama Palatası sədrinin müavini
Hesablama Palatası sədrinin müavini Hesablama Palatasının Daxili Nizamnaməsi ilə müəyyən olunmuş iş bölgüsü əsasında fəaliyyət göstərir.
Hesablama Palatasının sədri olmadıqda və ya öz vəzifələrini icra edə bilmədikdə onu əvəz edir.
Hesablama Palatası sədrinin müavini bu Qanuna və Hesablama Palatasının Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatası sədrinin tapşırıqlarını yerinə yetirməlidir.
Maddə 10. Hesablama Palatasının auditorları
Hesablama Palatasının auditorları Hesablama Palatasının Daxili Nizamnaməsi ilə müəyyən olunmuş iş bölgüsü əsasında fəaliyyət göstərirlər.
Hesablama Palatasının auditorları bu Qanuna və Hesablama Palatasının Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatası sədrinin və onun müavininin tapşırıqlarını yerinə yetirməlidirlər.
Maddə 11. Hesablama Palatası üzvlərinin vaxtından əvvəl vəzifədən azad olunmaları
Hesablama Palatasının sədri, sədr müavini və auditorları aşağıdakı hallarda vaxtından əvvəl vəzifələrindən azad oluna bilərlər:
1) vəfat etdikdə;
2) vəzifədən azad olunmaq haqqında ərizə ilə müraciət etdikdə;
3) cinayət törətdikdə və barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda;
4) Hesablama Palatasının üzvlərinə dair bu Qanunun 7-ci maddəsində göstərilən tələbləri pozduqda;
5) dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü haqqında Hesablama Palatasının təşkil etdiyi xüsusi həkim komissiyasının rəyi olduqda;
6) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;
7) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş elan edildikdə.
Bu maddənin 1-ci və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının vaxtından əvvəl vəzifələrindən azad olunmaları haqqında sərəncamı Azərbaycan Respublikası Milli Məclisinin sədri verir.
Bu maddənin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının vaxtından əvvəl vəzifələrindən azad olunmaları haqqında qərarı «Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir.
Maddə 12. Hesablama Palatasının Aparatı
Hesablama Palatasının Aparatı Hesablama Palatasının fəaliyyətinin təşkilati, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirir.
Hesablama Palatası Aparatının strukturu, fəaliyyət qaydaları və işçilərin sayı xərclər smetası hüququnda Hesablama Palatası tərəfindən müəyyən edilir.
Hesablama Palatası Aparatının işçilərinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş ümumi qaydalarla tənzimlənir.
Hesablama Palatasına müqavilə ilə işə cəlb olunanlar müqavilə şərtləri ilə fəaliyyət göstərirlər.
Maddə 12-1. Hesablama Palatasının yerli strukturları
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin razılığı ilə Hesablama Palatası dövlət büdcəsindən onun üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində yerli strukturlarını yarada bilər.
Maddə 13. Hesablama Palatasının xərclər smetası
Hesablama Palatasının xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.
Hesablama Palatasının xərclər smetası Hesablama Palatasının təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisində ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir.
Maddə 13-1. Hesablama Palatasının təminatı
Dövlət Hesablama Palatasının təminatı üçün zəruri tədbirləri həyata keçirir.
Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.
Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.
Hesablama Palatasının Auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.
Hesablama Palatası Aparatının işçilərinin vəzifə maaşları və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Aparatının işçilərinin vəzifə maaşlarına və digər təminatlarına bərabərdir.
III fəsil. Hesablama Palatasıın iş planı və səlahiyyətləri
Maddə 14. Hesablama Palatasının iş planı
Hesablama Palatası fəaliyyətini özünün iş planı əsasında həyata keçirir.
Hesablama Palatasının iş planının formalaşmasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin sorğu və təklifləri nəzərə alınır.
Hesablama Palatasının iş planı Hesablama Palatası tərəfindən təsdiq olunur.
Maddə 15. Hesablama Palatasının məlumat almaq səlahiyyəti
Azərbaycan Respublikasının bütün qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, mülkiyyət, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, təşkilatlar, idarələr və onların vəzifəli şəxsləri Hesablama Palatasının müraciətləri əsasında bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərinin yerinə yetirilməsi üçün ona zəruri olan məlumatları bir ay müddətindən gec olmayaraq verməlidirlər.
Hesablama Palatasının rəsmi tələbi ilə bu maddənin birinci hissəsində göstərilən orqanların, müəssisələrin, təşkilat və idarələrin vəzifəli şəxsləri zəruri olan məlumat, yaxud sənədləri vaxtında təqdim etməmələrinə və ya bundan boyun qaçırmalarına, habelə yalan və ya dürüst olmayan məlumat təqdim etmələrinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 16. Hesablama Palatasının maliyyə büdcə ekspertizası keçirmək səlahiyyəti
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sorğuları əsasında Hesablama Palatasının maliyyə-büdcə ekspertizası keçirmək, rəy hazırlamaq və təkliflər vermək səlahiyyəti vardır.
Hesablama Palatası sorğu daxil olduqdan 3 gün müddətində sorğuya baxır və onun icrası haqqında qərar qəbul edir.
Hesablama Palatası dövlət büdcəsinin, icmal büdcəninvə büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərini və xərclərini təhlil edərkən zərurət yarandıqda müəssisə və təşkilatlarda audit apara bilər.
Hesablama Palatası bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda, audit yoxlamasını həyata keçirir.
Maliyyə-büdcə ekspertizası ilə bağlı yoxlamalar aparılması və onların əsasında hesabatlar tərtib və təqdim edilməsi qaydaları Hesablama Palatasının Daxili Nizamnaməsi ilə tənzimlənir.
Hesablama Palatasının rəyi və hesabatı yalnız maliyyə-büdcə ekspertizasının nəticələrini əks etdirməlidir.
Hesablama Palatasının apardığı maliyyə-büdcə ekspertizalarının nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən hesabatlarda öz əksini tapır və yoxlanılmış orqanların, müəssisələrin, idarələrin, təşkilatların rəhbərlərinə çatdırılır.
Maliyyə-büdcə ekspertizası keçirilən zaman Hesablama Palatasının vəzifəli şəxsləri obyektlərin operativ fəaliyyətinə mədaxilə edə bilməzlər və gəldikləri nəticələri yoxlama başa çatana və yekunları hesabat şəklində rəsmiləşdirilənədək elan edə bilməzlər.
Hesablama Palatası Aparatının vəzifəli şəxsləri və onun işinə cəlb edilmiş mütəxəssislər maliyyə-büdcə ekspertizası gedişində əldə edilən məlumatlardan yalnız Hesablama Palatasının tapşırığı ilə işlərin yerinə yetirilməsi zamanı istifadə edə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin tapşırığı olmadan Hesablama Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır.
Sessiyalararası dövrdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Hesablama Palatasına iş planından əlavə yoxlama aparılması haqqında tapşırıq verə bilər.
Maddə 16-1. Hesablama Palatasının təqdimatları
Hesablama Palatası maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanları aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə təqdimatlar göndərir.
Hesablama Palatasının təqdimatlarına 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməlidir.
Hesablama Palatasının təqdimatları müvafiq dövlət orqanı, idarə, təşkilat və müəssisə tərəfindən əsassız icra edilmədikdə, Hesablama Palatası sədrinin qərarı ilə həmin dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə qanunvericilikdə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olunmaqla, əməliyyatların dayandırılması barədə təqdimatlar verilir. Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməyinə görə xəzinə orqanları və müvəkkil banklar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 17. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının Hesablama Palatasının fəaliyyətinə yardım etmələri
Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları bu Qanunla Hesablama Palatasına verilmiş səlahiyyətlərin həyata keçirilməsinə kömək etməlidirlər.
Hesablama Palatası öz səlahiyyətlərini həyata keçirərkən qarşılıqlı razılıq əsasında dövlət hakimiyyəti orqanlarının nümayəndələrini, habelə müqavilə əsasında müstəqil auditorları, ayrı-ayrı mütəxəssisləri cəlb edə bilər.
Maddə 18. Hesablama Palatası üzvlərinin məsuliyyəti
Hesablama Palatasının üzvləri bu Qanunla və Hesablama Palatasının Daxili Nizamnaməsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə və ya iş planında müəyyən olunduğu kimi yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə və Hesablama Palatasının Daxili Nizamnaməsinə müvafiq məsuliyyət daşıyırlar.
IV fəsil. Yekun müddəları
Maddə 19. Hesablama Palatasının fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi
Hesablama Palatasının fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir.
Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Maddə 19-1. Hesablama Palatasının üzvlərinin hüquqi statusuna zəmanətlər
Hesablama Palatasının Sədri, onun müavini və Hesablama Palatasının auditorları səlahiyyət müddəti ərzində onları Hesablama Palatasına vəzifəyə təyin etmiş Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan tutula, həbsə alına, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onlar barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Hesablama Palatasının Sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Dövlət tərəfindən Hesablama Palatasının Sədri, onun müavini və audirtorlarının peşəkar fəaliyyətinin sərbəstliyinə təminat verilir.
Maddə 20. Beynəlxalq əlaqələr
Hesablama Palatası xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən orqanlarla və onların beynəlxalq təşkilatları ilə əlaqə saxlayır, onlarla əməkdaşlıq edir.
Maddə 21. Hesablama Palatasının fəaliyyəti barədə məlumatların verilməsi
Hesablama Palatası öz fəaliyyəti barədə müntəzəm olaraq kütləvi informasiya vasitələrinə məlumat verir.
Hesablama Palatasının fəaliyyəti barədə hesabatlar Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir və «Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı»nda dərc olunur.
Maddə 22. Hesablama Palatasının fəaliyyətə başlaması
İlk dəfə təşkil edilən Hesablama Palatası onun sədrinin, sədr müavininin və azı 4 auditorunun vəzifəyə təyin edildiyi gündən fəaliyyətə başlayır.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 2 iyul 1999-cu il
№ 700-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (14 avqust 1999-cu il, № 184) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 480) («VES Consultancy» LLC).
5 oktyabr 2001-ci il tarixli, 183-IIQD nömrəli; 7 dekabr 2001-ci il tarixli, 232-IIQD nömrəli; 9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 1 sentyabr 2004-cü il tarixli, 724-IIQD nömrəli; 30 dekabr 2004-cü il tarixli, 819-IIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 573-IIIQD nömrəli; 14 aprel 2009-cu il tarixli, 785-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə