«Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələləri üzrə SSRİ referendumunun təşkili və keçirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər haqqında» SSRİ Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına uyğun olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

  1. Müəyyən edilsin ki, «Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında» SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçiriləcək SSRİ referendumunun mərkəzi respublika komissiyasının səlahiyyətini Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyası həyata keçirir.
  2. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasına tövsiyə olunsun ki, SSRİ referendumunda səsvermənin keçirilməsi üçün Azərbaycan Respublikasında rayonların, rayon bölgüsü olmayan respublika tabeli və vilayət (DQMV) tabeli şəhərlərin sərhədləri hüdudunda dairələr təşkil etsin.
  3. Müəyyən edilsin ki, SSRİ referendumunun dairə komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə ötən seçki kompaniyası dövründə beş il müddətinə təşkil olunmuş rayon və şəhər seçki komissiyaları həyata keçirirlər.
  4. Azərbaycan Respublikası xalq deputatları Sovetləri və onların rəyasət heyətləri «Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında» SSRİ Qanununa uyğun olaraq ən geci 1991-ci il martın 10-dək SSRİ referendumu məntəqələrinin yaradılmasını və məntəqə komissiyalarının təşkilini təmin etsinlər.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E.QAFAROVA

Bakı şəhəri, 7 mart 1991-ci il

№ 88-XII