Bu Qanun bələdiyyə qulluğu ilə bağlı münasibətləri və Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyir.

Maddə 1. Bələdiyyə qulluğu haqqında qanunvericilik

Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 2. Bələdiyyə qulluğu və bələdiyyə qulluqçusu anlayışları

Bələdiyyə qulluğu — yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.

Bələdiyyə qulluqçusu — yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir.

Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.

Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.

Maddə 3. Bələdiyyənin icra aparatı

Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən, onun «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunu və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilmiş qaydada formalaşdırdığı struktur bölmələrdən və digər icra strukturlarından ibarətdir.

Bələdiyyənin icra aparatının strukturunu, ştat cədvəlini və saxlanması xərcləri smetasını bələdiyyə təsdiq edir.

Bələdiyyənin icra aparatına rəhbərliyi bələdiyyənin sədri həyata keçirir.

Maddə 4. Bələdiyyə icra aparatının tərkibi

Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi əraziyə və konkret iş vəziyyətinə uyğun olaraq, müvafiq bələdiyyənin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada və sayda idarə rəisləri və rəis müavinləri, şöbə müdirləri və müdir müavinləri, mütəxəssislər, müfəttişlər və digər işçilərdən təşkil olunur.

Maddə 5. Bələdiyyə qulluğunun təşkili

Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və aşağıdakı vəzifələri daşıyırlar:

  • bu Qanunun yerinə yetirilməsi üzərində nəzarət;
  • ixtisasartırma sahəsində işin təşkil edilməsi;
  • bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi;
  • bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi.

Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlər bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin sədri birbaşa təyin edir.

Maddə 6. Bələdiyyə qulluqçularının hüquqları

Bələdiyyə qulluqçularının aşağıdakı hüquqları vardır:

  • işə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək;
  • vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri almaq;
  • səlahiyyətləri daxilində məsələlərin baxılmasında və onların həlli ilə əlaqədar qərar qəbul edilməsində iştirak etmək;
  • həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək;
  • ixtisas dərəcəsini və peşə hazırlığını artırmaq;
  • bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • öz hüquq və azadlıqlarının müdafiəsinin təminatını tələb etmək.

Maddə 7. Bələdiyyə qulluqçularının vəzifələri

Bələdiyyə qulluqçularının vəzifələri:

  • öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmək;
  • vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq;
  • rəhbərliyin «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyələrin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirmək;
  • əmək və icra intizamına riayət etmək;
  • yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək.

Maddə 8. Bələdiyyə qulluğu ilə bağlı qadağalar

Bələdiyyə qulluqçuları üçün qulluqla bağlı aşağıdakı qadağalar nəzərdə tutulur:

  • qanunverici, icra və məhkəmə orqanlarında vəzifə tutmaq, habelə «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin üzvü olmaq;
  • vəzifəsinin icrası ilə bağlı ona bəlli olan məlumatdan xidməti vəzifədən kənar məqsədlər üçün istifadə etmək;

Maddə 9. Xidməti vəsiqə

Bələdiyyə qulluqçularına bələdiyyələrdə qulluğa təyin edildikdən sonra xidməti vəsiqə verilir.

Maddə 10. Bələdiyyə qulluqçusunun iş vaxtı, məzuniyyəti, pensiyası və digər sosial təminatları

Bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq digər kompensasiyalar və ödənişlər, habelə müavinətlər verilə bilər.

Bələdiyyələrin nizamnaməsi ilə bələdiyyə qulluqçularına digər imtiyaz və zəmanətlərin verilməsi nəzərdə tutula bilər.

Bələdiyyə üzvlərinin səlahiyyət müddətinin qurtarması bələdiyyə qulluqçularının vəzifələrindən azad edilmələri üçün əsas ola bilməz.

Bələdiyyə vəzifələrində işləyən və Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü olan şəxslər seçki komissiyasında fəaliyyətləri dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq namizədliyi qeydə alınmış bələdiyyə vəzifəsində işləyən şəxs namizəd kimi müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək bələdiyyə orqanının təşəbbüsü ilə işdən çıxarıla bilməz, öz razılığı olmadan başqa işə, başqa yerdə işləməyə keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz.

Maddə 11. Bələdiyyə qulluqçusunun əmək haqqının müəyyən edilməsi

Bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyələrin büdcəsi hesabına, onun maliyyə imkanlarına uyğun olaraq bələdiyyə tərəfindən təsdiq edilmiş ştat cədvəli əsasında müəyyən edilir.

Maddə 12. Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət

Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) bələdiyyələrin struktur bölmələrinin rəhbərlərinə, bələdiyyə sədrinə və ya məhkəməyə şikayət verilə bilər.

Maddə 13. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 14. Bu Qanunun qüvvəyə minməsi qaydası

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV


Bakı şəhəri, 30 noyabr 1999-cu il

№ 765-IQ


«Azərbaycan» qəzetində dərc olunmuşdur (№ 297, 28 dekabr 1999-cu il)(«VneshExpertService»).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 687)(«VneshExpertService»).

30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 30 dekabr 2004-cü il tarixli, 819-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə