I fəsil. Ümumi müddəalar

Maddə 1. Qanunda istifadə olunan anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunmuşdur:

  • prokuror — Azərbaycan Respublikasının Baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şö`bə rəisləri, rəislərin müavinləri, idarə, şö`bələrin böyük prokurorları, prokurorları və prokuror-kriminalistlər;
  • müstəntiq — xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər;
  • prokurorluq işçiləri — prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun stajorları;
  • prokurorluğun stajorları — prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər.

Maddə 2. Azərbaycan Respublikasının Prokurorluğu

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra — «prokurorluq») məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Fövqəl`adə prokurorluqların, xarici dövlətlərin, yaxud bu Qanunla nəzərdə tutulmayan qaydada prokurorluqların yaradılması qadağandır.

Maddə 3. Prokurorluq haqqında qanunvericilik

Prokurorluq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər qanunlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

  • cinayət işi başlayır və ibtidai istintaq aparır;
  • cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini tə`min edir;
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
  • məhkəmə qərarlarından protest verir;
  • məhkəmələr tərəfindən tə`yin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.

Maddə 5. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

  • qanunçuluq;
  • hər kəsin qanun qarşısında hüquq bərabərliyi;
  • fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;
  • obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;
  • vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması;
  • siyasi bitərəflik.

Maddə 6. Prokurorluğun beynəlxalq əlaqələri

Prokurorluq qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr yarardır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin həllində öz səlahiyyətləri çərçivəsində iştirak edir.

Maddə 7. Prokurorluğun fəaliyyətinə müdaxilənin və prokurorluğa hörmətsizlik göstərilməsinin yolverilməzliyi

Hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, tə `sir, hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məs`uliyyətə səbəb olur.


II fəsil. Prokurorluğun sistemi və təşkili

Maddə 8. Prokurorluğun sistemi və təşkili

Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:

  • Azərbaycan Respublikasının Baş Prokurorluğu;
  • Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
  • Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;
  • Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu;
  • rayon (şəhər) prokurorluqları;
  • hərbi ixtisaslaşdırılmış prokurorluqları;
  • tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial-məişət, təsərrüfat tə`yinatlı digər qurumlar.

Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının Prokurorluğu sistemində ərazi prokurorluqları, həmçinin rayon (şəhər) prokurorluqlarına bərabər tutulan ixtisaslaşdırılmış prokurorluqlar və digər prokurorluqlar yaradıla bilər.

Prokurorluqların yaradılması, ləğv edilməsi, Baş prokurorluğun strukturunun və ştat vahidlərinin ümumi sayının təsdiqi məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir.

Maddə 9. Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluğun mərkəzi aparatıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğuna birinci müavini, müavinləri, böyük köməkçiləri və köməkçiləri olan Azərbaycan Respublikasının Baş prokuroru rəhbərlik edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun strukturuna idarə, şö`bə və digər qurumlar daxildir. İdarə və şö`bələrin tərkibində Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçiləri hesab edilən idarə rəisləri, köməkçiləri hesab edilən idarə rəislərinin müavinləri və şö`bə rəisləri, habelə prokurorlar və müstəntiqlər vardır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməklə bütün prokurorluq orqanlarının fəaliyyətinə rəhbərlik edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq:

  • qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti təcrübəsini öyrənir və ümumiləşdirir, prokuror nəzarətinin təkmilləşdirilməsi və hüquq pozuntularının qarşısının alınması üçün tədbirlər hazırlayıb həyata keçirir;
  • müvafiq orqanlarla birgə cinayətkarlığın, cinayətlərin açılması vəziyyətinin, cinayət işlərinin hərəkətinin vahid uçotu və statistik hesabatlarına dair metodikanın hazırlanmasında iştirak edir;
  • prokurorluğun kadrlarının seçilib yerləşdirilməsi və peşə hazırlığının yüksəldilməsi işini təşkil edir;
  • statistik hesabatları tə`min edir, prokuror və istintaq təcrübəsinin ümumiləşdirilməsini və təkmilləşdirilməsini, elmi-texniki vasitələrin tətbiqini təşkil edir;
  • prokurorluğun maliyyələşdirilməsinə və elmi-texniki tə`minatına dair təkliflər hazırlanmasını tə`min edir;
  • Azərbaycan Respublikası Baş prokurorunun əmr, göstəriş və digər aktlarını həyata keçirir;
  • Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Kollegiya yaradılır.

Maddə 10. Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin III hissəsinə uyğun olaraq vəzifəyə tə`yin və vəzifədən azad edilən Azərbaycan Respublikasının Baş prokuroru rəhbərlik edir (bundan sonra – «Baş prokuror»).

Baş prokurorun müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə tə`yin və vəzifədən azad edilir.

Baş prokuror:

  • bilavasitə, habelə Azərbaycan Respublikasının Baş prokurorluğu və ona tabe olan prokurorlar vasitəsi ilə bu Qanununun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir, prokurorluq orqanlarına rəhbərlik edir;
  • qanunla müəyyən edilmiş qaydada prokurorluğun fəaliyyətini təşkil edir;
  • prokurorluqların yaradılmasına və ya ləğv edilməsinə, Baş prokurorluğun strukturuna, ştat vahidlərinin ümumi sayına dair təkliflərini təqdim edir, tabe prokurorluqların strukturunu təsdiq edir və ştat vahidlərini bölüşdürür;
  • baş prokurorun müavinlərinin, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorların, Naxçıvan Muxtar Respublikası prokurorunun vəzifəyə tə`yin və vəzifədən azad edilməsi barədə təqdimat verir;
  • ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin V hissəsinə uyğun olaraq, digər prokurorluq işçilərini vəzifəyə tə`yin və vəzifədən azad edir;
  • Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və digər prokurorluqların kollegiyalarının tərkibini təsdiq edir;
  • Azərbaycan Respublikası Prokurorluğunun Kollegiyasını çağırır, ona rəhbərlik edir;
  • prokurorluğa ayrılmış vəsaitləri bölüşdürür;
  • baş prokurorun müavinlərinin, Baş prokurorluğun struktur bölmələrinin və aşağı prokurorluqların funksional vəzifələrini müəyyən edir;
  • öz səlahiyyətləri çərçivəsində müəyyən olunmuş qaydada xüsusi rütbələr verir;
  • ali xüsusi və ali hərbi rütbələr verilməsi üçün vəsatət qaldırır;
  • Azərbaycan Respublikasının Prokurorluğunu təmsil edir;
  • Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclaslarında iştirak edir, qanunla müəyyən edilmiş hallarda və qaydada işlərə əlavə kassasiya qaydasında baxılması üçün protest verir;
  • Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada və səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası Baş Nazirinin toxunulmazlığının xitam edilməsi məsələsinə dair təqdimat verir;
  • hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir, Mərkəzi Seçki Komissiyası üzvünün məsuliyyətə cəlb edilməsinə razılıq verir;
  • Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verir;
  • Məhkəmə-Hüquq Şurasının üzvləri barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada xarici dövlətlərin müvafiq hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və öhdəliklərin yerinə yetirilməsini tə`min edir;
  • öz səlahiyyətləri çərçivəsində prokurorluq işçilərinin mükafatlandırılması və onların barəsində intizam tənbehi tətbiq edilməsi, o cümlədən xüsusi rütbələrdən məhrum edilməsi məsələlərini həll edir;
  • öz səlahiyyətləri çərçivəsində, qanunlar əsasında icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlar verir;
  • aşağı prokurorların qanunazidd əmr, göstəriş və digər aktlarını ləğv edir, dəyişdirir və ya geri götürür;
  • prokurorluq orqanlarında stajorluq və sınaq keçmə qaydalarını və Baş prokurorluğun elmi-məsləhət şurasının tərkibini təsdiq edir;
  • qanunla səlahiyyətinə aid edilmiş digər məsələləri həll edir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla Baş prokuror öz səlahiyyətlərinin həyata keçirilməsini müavinlərinə tapşıra və ya onların səlahiyyətlərini üzərinə götürə bilər.

Baş prokurorun birinci müavini və müavinləri prokurorluğun fəaliyyətinin müvafiq sahələrinə rəhbərlik edir.

Baş prokuror hər hansı səbəbdən vəzifələrini icra edə bilmədikdə, onun vəzifələrini Baş prokurorun birinci müavini, o olmadıqda Baş prokurorun müavinlərindən biri həyata keçirir.

Maddə 11. Azərbaycan Respublikası Baş prokurorluğunun Kollegiyası

Azərbaycan Respublikası Baş prokurorluğunun Kollegiyası məşvərətçi orqan olmaqla ona rəhbərliyi Baş prokuror həyata keçirir. Baş prokurorluğun Kollegiyasının tərkibinə tutduqları vəzifəyə görə Baş prokuror, onun müavinləri və digər rəhbər işçilər daxildirlər.

Baş prokurorluğun Kollegiyasının tərkibi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq təsdiq edilir.

Baş prokurorluğun Kollegiyasında prokurorluğun fəaliyyətinin əsas istiqamətləri, cinayətkarlığa qarşı mübarizənin və icra intizamının vəziyyəti, mühüm kadr məsələləri, əmr və digər aktların layihələri müzakirə edilir, aşağı prokurorluqların hesabatları dinlənilir, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğular verilməsi məsələlərinə, habelə prokurorluğun fəaliyyətinə dair digər məsələlərə baxılır. Kollegiyanın iclasları Baş prokuror tərəfindən mütəmadi olaraq çağırılır. Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərar qəbul olunarkən səsvermədə bərabər hüquqlara malikdirlər. Qərarlar səs çoxluğu ilə qəbul edilir.

Baş prokurorla Kollegiya üzvləri arasında fikir ayrılığı olduqda Baş prokuror öz əsaslandırılmış qərarını həyata keçirir. Kollegiyada müzakirə edilən məsələlər üzrə prokurorluq işçiləri üçün icrası məcburi olan qərarlar qəbul edilir və bu qərarlara əsasən Baş prokuror əmr verə bilər.

Maddə 12. Azərbaycan Respublikasının Hərbi prokurorluğu

Azərbaycan Respublikasının Hərbi prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə (bundan sonra—Azərbaycan Respublikasının Silahlı Qüvvələri) , bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə Hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Hərbi prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.

Hərbi prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq icra edir.

Hərbi prokurorluqların işçiləri xidməti vəzifələrin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanların, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilərlər.

Azərbaycan Respublikasının Hərbi prokurorluqlarına aiddir:

  • Azərbaycan Respublikasının Hərbi prokurorluğu;
  • Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu;
  • hərbi prokurorluqlar.

Hərbi prokurorluqlar Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qarnizonlarının yerləşdiyi ərazilərdə, bu prokurorluğun fəaliyyət dairəsinə aid edilmiş hərbi hissələrin sayı nəzərə alınmaqla təşkil edilir.

Azərbaycan Respublikasının Hərbi prokurorluğuna vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Azərbaycan Respublikasının hərbi prokuroru rəhbərlik edir.

Azərbaycan Respublikasının Hərbi prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq vəzifəyə tə`yin və vəzifədən azad edilir.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda idarə, şö`bə və digər struktur bölmələri yaradıla bilər. İdarə və şö`bələrin rəisləri və müavinləri hərbi prokurorun böyük köməkçiləri və köməkçiləri hesab edilir. İdarə və şö`bələrə prokurorlar və müstəntiqlər tə`yin edilə bilər.

Azərbaycan Respublikası Hərbi prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə tə`yin və vəzifədən azad edir. Azərbaycan Respublikasının Hərbi prokuroru həmin şəxslərin vəzifəyə tə`yin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.

Azərbaycan Respublikasının Hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası hərbi prokurorluğun bütün işçiləri üçün məcburidir.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda məşvərətçi orqan olan və Azərbaycan Respublikasının hərbi prokuroru rəhbərlik edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyası yaradılır.

Kollegiyanın tərkibinə Azərbaycan Respublikasının Hərbi prokuroru, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə, şöbə rəisləri və digər rəhbər işçiləri daxildirlər.

Kollegiyanın tərkibini Azərbaycan Respublikası Hərbi prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının Baş Prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 11-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş həddə fəaliyyət göstərir.

Hərbi prokurorluq orqanlarının zabitləri «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçir və onlar «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər.

Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və iste`faya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.

Maddə 13. Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla metropoliten, dəmir yolu, aviasiya, dəniz və digər nəqliyyat sahələrində bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə nəqliyyat prokurorluqlarına aid edilmiş səlahiyyətləri həyata keçirir.

İxtisaslaşdırılmış nəqliyyat prokurorluqlarına aiddir:

  • Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu;
  • ərazi və ya nəqliyyat növü üzrə nəqliyyat prokurorluqları.

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğuna Azərbaycan Respublikasının Nəqliyyat prokuroru rəhbərlik edir.

Azərbaycan Respublikasının Nəqliyyat prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə tə`yin və vəzifədən azad edilir.

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğunda şö`bələr və digər struktur bölmələri yaradıla bilər. Bu şö`bələrə nəqliyyat prokurorunun böyük köməkçiləri hesab edilən şö`bə rəisləri, prokurorlar və müstəntiqlər tə`yin edilə bilər.

Azərbaycan Respublikası Nəqliyyat prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə tə`yin və vəzifədən azad edir. Azərbaycan Respublikasının Nəqliyyat prokuroru həmin şəxslərin vəzifəyə tə`yin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.

Azərbaycan Respublikasının Nəqliyyat prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası bütün nəqliyyat prokurorluğu işçiləri üçün məcburidir.

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğunda məşvərətçi orqan olan və Azərbaycan Respublikasının Nəqliyyat prokuroru rəhbərlik edən Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun Kollegiyası yaradıla bilər.

Kollegiyanın tərkibinə Azərbaycan Respublikası Nəqliyyat prokurorunun müavinləri, şö`bə rəisləri və digər rəhbər prokurorluq işçiləri daxildirlər.

Kollegiyanın tərkibini Azərbaycan Respublikası Nəqliyyat prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının Baş Prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində və bu Qanunun 11-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir.

Maddə 14. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu

Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə tə`yin və vəzifədən azad edilir.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şö`bələr və digər struktur bölmələri yaradıla bilər. Bu şö`bələrə Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri hesab edilən şö`bə rəisləri, prokurorlar və müstəntiqlər tə`yin edilə bilər.

Naxçıvan Muxtar Respublikası prokurorluğunun işçilərini bir qayda olaraq Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı ilə Baş prokuror vəzifəyə tə`yin və vəzifədən azad edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru bu Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının prokurorluq işçiləri üçün məcburidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda məşvərətçi orqan olan və Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kollegiyası yaradılır.

Kollegiyanın tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru, onun müavinləri, şö`bə rəisləri və digər rəhbər işçilər daxildirlər.

Kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının Baş Prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 11-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir.

Maddə 14-1. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru rəhbərlik edir. Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrə Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun böyük köməkçiləri hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilə bilər.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikası hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər. Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru bu qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının hərbi Prokurorluq işçiləri üçün məcburidir.

Maddə 15. Ərazi və ixtisaslaşdırılmış prokurorluqlar

Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (rayon tabeli şəhərlərdən başqa), şəhərdəki rayonlarda müvafiq olaraq rayon, şəhər prokurorluqları təşkil edilir.

İxtisaslaşdırılmış prokurorluqlara hərbi prokurorluqlar aiddir.

Ərazi və ixtisaslaşdırılmış prokurorluqlara müvafiq prokuror başçılıq edir. Rayon bölgüsü olan şəhərlərin prokuroru həm də tabeliyində olan rayon prokurorluqlarının fəaliyyətinə rəhbərlik edir.

Ərazi və ixtisaslaşdırılmış prokurorlar Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin V hissəsinə uyğun olaraq vəzifəyə tə`yin və vəzifədən azad edilirlər.

Ərazi və ixtisaslaşdırılmış prokurorların müavinləri, böyük köməkçiləri, köməkçiləri və prokurorluqda müstəntiqlər vardır.

Ərazi və ixtisaslaşdırılmış prokurorlar bu Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər.

Ərazisi, əhalisi və iş həcmi nəzərə alınmaqla şəhər prokurorluqlarında şö`bələr və digər bölmələr, məşvərətçi orqan olan kollegiyalar yaradıla bilər. Həmin kollegiyalar öz səlahiyyətləri çərçivəsində bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər.

Maddə 16. Prokurorluğun təşkilinin digər məsələləri

Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası Hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.

Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə tə`yin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən tə`yin edilə bilməz.

Prokurorluq aşağı prokurorların yuxarı prokurora tabeliyi əsasında fəaliyyət göstərir:

  • prokurorun fəaliyyətinə və təşkili məsələlərə dair yuxarı prokurorun göstərişlərinin icrasının aşağı prokurorlar üçün məcburiliyi;
  • xidməti vəzifələrinin icrası zamanı aşağı prokurorların yuxarı prokurorlar qarşısında məs`uliyyəti;
  • zərurət olduqda aşağı prokurorların səlahiyyətlərinin yuxarı prokurorlar tərəfindən həyata keçirilməsi;
  • aşağı prokurorların qərar və aktlarının yuxarı prokurorlar tərəfindən ləğv edilməsi, geri götürülməsi, dəyişdirilməsi, yaxud başqa qərar və aktlarla əvəz olunması;
  • aşağı prokurorların aktlarından verilmiş şikayətlərə yuxarı prokurorlar tərəfindən baxılması;
  • aşağı prokurorların öz fəaliyyəti barədə hesabatların, mə`lumatların, işlərin və materialların yuxarı prokurorlara təqdim edilməsi.

Aşağı prokurorlar, yaxud prokurorluğun digər işçiləri yuxarı prokurorun bütün qanuni tələblərini və göstərişlərini icra etməyə borcludurlar.


III fəsil. Prokurorluq orqanlarının fəaliyyəti

Maddə 17. Cinayət işinin başlanması, ibtidai istintaqın aparılması və cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi

Prokurorluq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır.

Cinayət tə`qibinin həyata keçirilməsini tə`min etmək məqsədilə prokurorluq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir, qanunların icrasına və tətbiqinə nəzarət edir, bu sahədə qanunvericilik aktlarının icra vəziyyətini öyrənir və ümumiləşdirir.

Maddə 18. Təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət

Prokuror təhqiqat orqanlarının fəaliyyətində qanunların eyni cür və dürüst icrasını və tətbiqini tə`min etmək məqsədilə aşağıdakı nəzarəti həyata keçirir:

  • cinayətlər və digər qanunazidd hərəkətlər barədə təhqiqat orqanlarına daxil olmuş ərizə və mə`lumatların qeydə alınması, onlara baxılması və müvafiq tədbirlər görülməsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl edilməsi;
  • təhqiqat orqanları tərəfindən Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi və bu fəaliyyət prosesində qəbul olunan qərarların qanuniliyi.

Prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını tə`min etmək məqsədi ilə bu orqanlar tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir.

Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmetinə aid məsələlər «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 19. Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun iştirakı və dövlət ittihamının müdafiəsi

Hakimlərin müstəqilliyi və onların yalnız qanuna tabe olması prinsipinə dönmədən əməl edilməklə prokurorlar Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmələrdə cinayət işlərinə birinci instansiya, apellyasiya və kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir, rə`y verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından protest verir.

İbtidai istintaq aparan və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dövlət ittihamını müdafiə edə bilməz.

Ədalət mühakiməsinin həyata keçirilməsində ittihamı sübutetmə vəzifəsi prokurorun üzərinə düşür.

Toplanmış sübutlarla ittiham təsdiq edilmirsə və imtinaya əsaslar varsa prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina edir.

Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun səlahiyyətləri Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 20. Prokurluqda ərizə, şikayət və müraciətlərə baxılması

Prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və müraciətlərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir.

Cinayət barədə ərizə, şikayət və müraciətlərə tə`xirəsalınmadan baxılır.

Bu hallarda müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və müraciətlərdə göstərilən faktların yoxlanılması məqsədilə, dövlət orqanlarından və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını tə`min edir və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir.

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq prokurorluğa daxil olmuş anonim ərizə, şikayət və müraciətlərə baxılmır.


IV fəsil. Prokuror aktları

Maddə 21. Prokuror aktlarının növləri

Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə aşağıdakı aktları çıxara bilər:

  • xəbərdarlıq;
  • təqdimat;
  • qərar;
  • yazılı göstəriş;
  • iddia ərizəsi (ərizə);
  • məhkəmə qərarlarından protest.

Prokuror aktları onu çıxaran prokurorun özü və ya yuxarı prokuror tərəfindən geri götürülə, dəyişdirilə və ya ləğv edilə bilər.

Maddə 22. Xəbərdarlıq

Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

Maddə 23. Təqdimat

Prokuror bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verir.

Təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq prokurora yazılı mə`lumat verilməlidir.

Təqdimata kollegial orqan tərəfindən baxıldıqda iclasın keçirilmə vaxtı barədə prokurora azı 3 gün əvvəl mə`lumat verilməlidir.

Prokuror təqdimata kollegial orqan tərəfindən baxılmasında iştirak edə bilər.

Prokuror prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da təqdimat verə bilər.

Maddə 24. Qərar

Prokuror cinayət və inzibati xəta aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında, yaxud digər qərar çıxarır.

Maddə 25. Yazılı göstəriş

Prokuror qanunda nəzərdə tutulmuş hallarda təhqiqat və ya ibtidai istinqat orqanlarına yazılı göstəriş vermək hüququna malikdir.

Prokurorun təhqiqat və ya ibtidai istintaq məsələlərinə dair yazılı göstərişinin icrası məcburidir.

Maddə 26. İddia ərizəsi

Prokuror Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət edə bilər.

Maddə 27. Məhkəmə qərarlarından protest

Prokuror Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından protest verir.

Protest prokurorun iştirak etdiyi iş üzrə məhkəmə qərarından onun yuxarı məhkəməyə verdiyi şikayətdir və öz hüquqi statusuna, hüquqi nəticələrinə görə digər tərəfin şikayətinə bərabər tutulur.

Protest baxılanadək onu vermiş prokuror, yaxud yuxarı prokuror tərəfindən geri götürülə, yaxud başqa protestlə əvəz oluna bilər.

Maddə 28. Prokurorluq işçilərinin hərəkətindən (hərəkətsizliyindən) və aktlarından şikayət

Prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə şikayətin verilməsi prokuror aktlarının icrasını dayandırmır.


V fəsil. Prokurorluq orqanlarının kadrları

Maddə 29. Prokuror və prokurorluğun müstəntiqi vəzifələrinə tə`yin olunmaq üçün tələblər

Prokuror, prokurorluğun müstəntiqi ali hüquq təhsilli, seçkilərdə iştirak etmək hüququna, prokuror və ya müstəntiq vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşları ola bilərlər.

Prokurorluğa işə qəbul edilmirlər:

  • ikili vətəndaşlığı olan şəxslər;
  • digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
  • din xadimləri;
  • fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rə`yə əsasən fiziki və əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
  • alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rə`yi olduqda);
  • əvvəllər məhkum olmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
  • əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
  • qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar prokurorluq orqanlarında qulluğa qəbul edilmirlər.

Prokurorluğa ilk dəfə işə qəbul olunmaq üçün namizədlər müvəffəqiyyətlə müsabiqədən keçdikdən sonra, bir qayda olaraq, bir illik iş təcrübəsi (stajorluq) keçirlər.

Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsinin ümumi qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikasının Baş prokuroru stajorluq müddətini azalda və ya işçini ondan tamamilə azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilir və attestasiyanın nəticəsindən asılı olaraq işçinin altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.

Prokuror vəzifəsinə, bir qayda olaraq, prokurorluq orqanlarında ən azı 5 il iş stajı olan şəxs tə`yin edilə bilər.

Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, ərazi və ixtisaslaşdırılmış prokuror vəzifələrinə 30 yaşına çatmış şəxslər tə`yin oluna bilər.

Hərbi prokurorluğa prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə əməl edilməklə, bir qayda olaraq, hərbi qulluqçular, həmçinin müddətli hərbi xidmət keçmiş və hərbi qulluğa yararlı şəxslər işə qəbul edilirlər.

Prokurorluğun digər işçilərinin işə qəbulu və işdən azad edilməsi qaydaları Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 30. Prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan fəaliyyət

Prokuror və ya müstəntiq heç bir seçkili və ya digər tə`yinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz.

Maddə 31. Prokurorluq işçilərinin andı

İlk dəfə prokurorluğa işə qəbul olunmuş prokurorluq işçisi işə başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:

«Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, öz vəzifələrimi layiqincə yerinə yetirəcəyimə, xidməti sirri qoruyacağıma, prokurorluq işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm».

Andı içən andın mətnini imzalayır və sənəd onun şəxsi işində saxlanılır.

Maddə 32. Prokurorluq işçisinin həvəsləndirilməsi

Xidməti vəzifələrinin nümunəvi icrasına və digər xidmətlərinə görə prokurorluq işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:

  • təşəkkür;
  • pul mükafatı;
  • qiymətli hədiyyə ilə mükafatlandırma;
  • fəxri fərman ilə təltif edilmə;
  • fəxri döş nişanı ilə təltif edilmə;
  • növbədənkənar və ya vaxtından əvvəl xüsusi rütbə verilməsi;
  • əvvəllər verilmiş intizam cəzasının vaxtından əvvəl götürülməsi.

Prokurorluq işçilərinin həvəsləndirilməsi qaydaları «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 33. Prokurorluq işçisinin məs`uliyyəti

Prokurorluq işçisi cinayət törətdikdə ümumi əsaslarla məs`uliyyət daşıyır.

Azərbaycan Respublikasının prokurorluq işçilərinin inzibati qaydada həbs edilməsi, gətirilməsi, tutulması, cinayət məs`uliyyətinə cəlb edilməsi, həbsə alınması, mənzilində, nəqliyyat vasitəsində, iş yerində axtarış və şəxsi axtarış, telefon və digər vasitələrlə danışığına qulaq asma, cinayət başında yaxalanma halları istisna edilməklə, Azərbaycan Respublikası Baş prokurorunun müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin razılığı olmadan həyata keçirilə bilməz. Bu halda dərhal Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə mə`lumat verilməklə müvafiq sənədlər təqdim edilir. O, razılıq vermədikdə tutulmuş, yaxud həbs olunan şəxs dərhal azad edilir.

Azərbaycan Respublikası Baş prokurorunun toxunulmazlığına dair həmin hərəkətlər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun razılığı olmadan həyata keçirilə bilməz.

Tutulmuş, həbsə alınan və ya məhkum olunan prokurorluq işçiləri digər şəxslərdən ayrı saxlanılır.

Prokurorluq işçisinin barəsində cinayət işini yalnız Azərbaycan Respublikasının Baş prokuroru başlayır və cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğunda istintaq edilir.

Prokurorluq işçisinin barəsində başlanmış cinayət işinin istintaqı müddətində yekun qərarı qəbul edilənədək prokurorluq işçisi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən vəzifəsindən kənarlaşdırılır. Vəzifədən kənarlaşdırılmış prokurorluq işçisi haqqında bəraət hökmü çıxarıldıqda və ya cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə onun səlahiyyətləri bərpa olunur.

Xidməti intizamı pozduğuna görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:

  • irad tutma;
  • töhmət;
  • şiddətli töhmət;
  • aşağı vəzifəyə keçirmə;
  • xüsusi rütbənin aşağı salınması;
  • vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o prokurorluq orqanlarında işə tə`yin edilir);
  • prokurorluq orqanlarından xaric etmə;
  • xüsusi rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə.

Prokurorluq işçisi «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

Prokurorluq işçilərinin intizam məs`uliyyətinə cəlb edilməsi qaydaları «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Hərbi prokurorların və müstəntiqlərin intizam məs`uliyyətinə cəlb elilməsi bu Qanunla, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi» ilə və digər qanunlarla tənzim olunur.

Maddə 34. Prokurorluqdan xaric olunma və prokurorluq işçisinin siyahıdan çıxarılma əsasları

Prokurorluq işçisi aşağıdakı əsaslar olduqda prokurorluqdan xaric edilir:

  • altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə həkim rə`yi olduqda;
  • attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadıqda;
  • xidməti və ya əmək intizamını kobud, yaxud mütəmadi pozduqda;
  • qanunvericilik, icra, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarına seçildikdə və ya tə`yin edildikdə;
  • öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;
  • cinayət törətdiyinə görə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduqda, habelə haqqında cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
  • fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
  • vəfat etdikdə;
  • məhkəmə tərəfindən ölmüş e`lan olunduqda və ya itkin düşmüş hesab edildikdə;
  • bu Qanunla prokuror və ya müstəntiq vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;
  • prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda və ya hərəkətə yol verdikdə.

Prokurorluq işçisi vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə onun adı prokurorluq işçilərinin siyahısından çıxarılır.

Maddə 35. Prokurorluq işçilərinin xüsusi rütbələri

Prokurorlara və prokurorun müstəntiqlərinə tutduqları vəzifələrə və iş stajına müvafiq olaraq xüsusi rütbələr verilir.

Xüsusi rütbələrin verilməsi, onlardan məhrum etmə qaydaları və əsasları «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Xüsusi rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və geyim forması ilə tə`min olunurlar.

Hərbi prokurorluq orqanları əməkdaşlarına hərbi rütbələr, o cümlədən ilk hərbi rütbələr müvafiq hərbi prokurorun təqdimatı əsasında hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada, Ədliyyə polkovnik-leytenantı və Ədliyyə polkovniki rütbələri isə Baş prokurorla razılaşdırılmaqla, Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən verilir.

Ali hərbi və ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə əsasən verilir.

Hərbi prokurorluq orqanları zabitlərinin hərbi rütbələri digər prokurorluq orqanları işçilərinin müvafiq xüsusi rütbələrinə uyğundur.

Əlavə haqq pensiyaya çıxmış, lakin xüsusi rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır.

Prokuror və prokurorluğun müstəntiqlərinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş müvafiq hərbi və xüsusi rütbələrinə bərabər tutulur.


VI fəsil. Prokurorluq işçilərinin hüquqi və sosial müdafiəsi

Maddə 36. Prokurorluq işçilərinin hüquqi müdafiəsi

Prokurorluq işçisi xidməti fəaliyyətində müstəqildir və bu Qanunda nəzərdə tutulmuş hallardan və qaydadan başqa vəzifəsindən kənarlaşdırıla, azad oluna və ya prokurorluqdan xaric edilə bilməz.

Prokurorluq işçisinin xidməti vəzifələrinin icrasına mane olmaq, onun şərəf və ləyaqətini alçaltmaq, hədələmək, müqavimət və zorakılıq göstərmək, özünün və ailə üzvlərinin həyatına, səhhətinə və əmlakına qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məs`uliyyətə səbəb olur.

Bu barədə mə`lumat alan dövlət orqanları dərhal onların şəxsi və əmlak təhlükəsizliyini tə`min etmək məqsədi ilə qanunda nəzərdə tutulmuş tədbirlər görməyə borcludurlar.

Prokurorluq işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silahı saxlamaq və gəzdirmək hüququna malikdirlər.

Maddə 37. Prokurorluq işçisinin məhkəmə müdafiəsi hüququ

Prokurorluq işçisi öz hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Maddə 38. Prokurorluq işçilərinin sosial müdafiəsi

Prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş habelə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında»Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir.

Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial tə`minatlar da şamil edilir.


VII fəsil. Prokurorluğun maddi-texniki tə`minatı, maliyyələşdirilməsi və prokurorluğun fəaliyyətinin digər məsələləri

Maddə 39. Prokurorluğun maddi-texniki tə`minatı və maliyyələşdirilməsi

Prokurorluğun maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Prokurorluğun maddi-texniki tə`minatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Prokurorluğun yerləşdiyi torpaq sahəsi, binalar tikinti və qurğular, habelə dövlət büdcəsi hesabına əldə olunmuş daşınan və daşınmaz əmlak dövlət mülkiyyəti hesab edilir.

Hərbi prokurorluq orqanları maddi-texniki vəsaitlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri ilə, habelə başqa növ tə`minatlarla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilir, həmçinin xidməti binalarının mühafizəsi tə`min olunur.

Prokurorluqda istintaq olunan cinayət işləri üzrə ibtidai istintaq zamanı dövlətə vurulmuş ziyanın ödətdirilməsi tə`min olunduqda məhkəmənin hökmündən sonra ödənilən məbləğin qanunvericiliklə müəyyən edilmiş miqdarı prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsinə və işçilərin maddi həvəsləndirilməsinə yönəldilə bilər.

Maddə 40. Prokurorluğun elmi, tədris müəssisələri və mətbuatı

Prokurorluq işçilərinin peşə ixtisaslarının artırılması üçün Prokurorluqda tədris müəssisəsi yaradıla bilər.

Baş prokurorun yanında tərkibi onun tərəfindən təsdiq edilən elmi-məsləhət şurası fəaliyyət göstərə bilər.

Elmi-məsləhət şurasının Əsasnaməsi Baş prokuror tərəfindən təsdiq edilir.

Prokurorluq öz fəaliyyəti məsələləri ilə əlaqədar jurnal, qəzet, külliyyat və mə`lumat bülleteni dərc edə bilər.

Maddə 41. Prokurorluğun rəmzləri, möhürü, xidməti vəsiqəsi və geyim forması

Prokurorluğun rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, dövlət gerbi və Prokurorluğun rəsmi emblemindən ibarətdir.

Prokurorluqlar Azərbaycanın dövlət gerbinin əksi həkk olunmuş və prokurorluğun dövlət dilində adı yazılmış dairəvi möhürə malikdirlər.

Prokurorluğun rəsmi embleminin, xüsusi geyim formasının və xidməti vəsiqələrinin nümunələri Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

Maddə 42. Prokurorluğun statistik hesabatı

Prokurorluq müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla statistik hesabatların vahid formasını hazırlayır, prokurorluq orqanlarında statistik hesabatların aparılmasının vahid qaydalarını müəyyən edir.


VIII fəsil. Prokurorluğa nəzarət

Maddə 43. Parlament nəzarəti

Azərbaycan Respublikasının Baş prokuroru prokurorluğun fəaliyyəti haqqında, istintaq edilən cinayət işləri istisna olmaqla, Azərbaycan Respublikasının Milli Məclisinə mə`lumat verir.

Maddə 44. Azərbaycan dövləti başçısının nəzarəti

Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan dövlətinin başçısına—Azərbaycan Respublikasının Prezidentinə prokurorluğun fəaliyyəti haqqında mütəmadi olaraq mə`lumat verir.

Maddə 45. Məhkəmə nəzarəti

Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş qaydada və hallarda məhkəmənin qərarına əsasən yol verilir.


Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV


Bakı şəhəri, 7 dekabr 1999-cu il

№ 767-IQ


«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 1999-cu il, № 299) («VES Consultancy» LLC).

«Azərbaycan» qəzetində dərc edilmiş düzəlişlərlə (5 yanvar 2000-ci il, № 2) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 688) («VES Consultancy» LLC).

5 iyul 2000-ci il tarixli, 902-IQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 357-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 982-IIQD nömrəli; 30 sentyabr 2005-ci il tarixli 1018-IIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli; 22 dekabr 2006-ci il tarixli, 211-IIIQD nömrəli; 1 fevral 2007-ci il tarixli, 237-IIIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə