Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti «Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni üçün müsabiqə elan olunması haqqında», «Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında» və «Azərbaycan Respublikası orden və medalının ən yaxşı təsvirləri üçün müsabiqə elan olunması haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 5 fevral tarixli qərarlarını əsas tutaraq qərara alır:

  1. Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və medalının ən yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiya aşağıdakı tərkibdə təşkil edilsin:
    • Muradəliyev Fazil Qulam oğlu — Azərbaycan Respublikası Ali Sovetinin Mədəniyyət və dini əqidə məsələləri daimi komissiyasının sədri (sədr)
    • Bünyadov Ziya Musa oğlu — Azərbaycan Elmdər Akademiyasının vitse-prezidenti, Azərbaycanın əməkdar elm xadimi
    • Vahabzadə Bəxtiyar Mahmud oğlu — Azərbaycanın xalq şairi
    • Qasımzadə Fuad Feyzulla oğlu — M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycan Respublikası Prezidentinin müşaviri, Azərbaycanın əməkdar elm xadimi, Azəbaycan Elmlər Akademiyasının müxbir üzvü
    • Quliyev Tofiq Ələkbər oğlu — Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi
    • Əbdürrəhmanov Nadir Qəmbər oğlu — Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin üzvü, Azərbaycanın xalq rəssamı
    • Əzizov Arif Möhübəli oğlu — rəssam, Azərbaycan TKGİ mükafatı laureatı
    • Kazımzadə Kazım Məmmədəli oğlu — R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyinin direktoru, Azərbaycanın xalq rəssamı
    • Məmmədov Aydın Mirsaleh oğlu — Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini
    • Məmmədova Fəridə Cəfər qızı — Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, Azərbaycanın əməkdar elm xadimi
    • Nəbiyev Bəkir Əhməd oğlu — ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının ədəbiyyat, dil və incəsənət şöbəsinin akademik katibi
    • Polad Bülbül oğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri
    • Rzayev Anar Rəsul oğlu — Azərbaycan Yazıçılar İttifaqının birinci katibi
    • Rüstəmxanlı Sabir Xudu oğlu — «Azərbaycan» qəzetinin baş redaktoru
    • Talıbzadə Kamal Abdulla Şaiq oğlu — ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının akademiki
    • Xəlilov Fərhad Qurban oğlu — Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi
    • Cabir Novruz — şair, «Ədəbiyyat qəzeti»nin baş redaktoru
  2. Müəyyən edilsin ki, işlər komissiyaya 1991-ci il mayın 25-dək təqdim olunmalıdır.
  3. Komissiya verilmiş təkliflərin geniş müzakirəsini təşkil etsin və Azərbaycan Respublikasının Dövlət Himni mətnlərinin, Dövlət gerbi, orden və medalı təsvirlərinin ən yaxşı layihələrini seçsin və öz rəyini Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinə təqdim etsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA


Bakı şəhəri, 28 mart 1991-ci il

№ 90-XII