I fəsil. Ümumi müddəalar

Bu Qanun Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin (bundan sonra — Dövlət Reyestri) müasir informasiya texnologiyaları vasitəsilə formalaşdırılması, aparılması, istifadəsi və informasiya mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. Dövlət Reyestri — Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatı;

1.0.2. Dövlət Reyestrinin informasiya sistemi — Dövlət Reyestrinin fəaliyyətini təmin edən xüsusi proqram, texniki, telekommunikasiya, linqvistik, hüquqi və təşkilati vasitələrin nizama salınmış məcmusu;

1.0.3. Fərdi identifikasiya nömrəsi — Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod;

1.0.4. Dövlət Reyestrinin istifadəçiləri — öz səlahiyyətlərinə uyğun olaraq, Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

Maddə 2. Dövlət Reyestrinin aparılmasının məqsədi

2.0. Dövlət Reyestrinin aparılmasının əsas məqsədləri aşağıdakılardır:

2.0.1. əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək;

2.0.2. müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək;

2.0.3. əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaq.

Maddə 3. Dövlət Reyestri haqqında qanunvericilik

Dövlət Reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Ailə Məcəlləsindən, bu Qanundan, «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında», «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında», «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında», «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında», «İmmiqrasiya haqqında», «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», «İnformasiya əldə etmək haqqında», «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.


II Fəsil. Dövlət Reyestrinin formalaşdırılması, aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydası

Maddə 4. Dövlət Reyestrinin informasiya sistemi

4.1. Dövlət Reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.

4.2. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və ondan istifadə edilməsi informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq mühafizə vasitələri ilə qorunur.

4.3. Dövlət Reyestrinin aparılmasının milli informasiya məkanında istifadə olunan vahid informasiya texnologiyaları və təhlükəsizlik standartlarının, linqvistik, hüquqi, təşkilati və elmi-metodoloji prinsiplərin tətbiqinə əsaslanması onun digər dövlət informasiya ehtiyatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

4.4. Dövlət Reyestrinin informasiya sistemi, habelə bu sistemin mühafizə vasitələri müəyyən edilmiş qaydada sertifikatlaşdırılır.

4.5. Dövlət Reyestrinin informasiya sisteminin yaradılması üzrə fəaliyyətin əlaqələndirilməsi və onun istifadəsi zamanı metodik və normativ tələblərə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 5. Dövlət Reyestrinin tərkibi

5.0. Dövlət Reyestri aşağıdakılardan ibarətdir:

5.0.1. Azərbaycan Respublikasının vətəndaşları barədə məlumatlar;

5.0.2. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər barədə məlumatlar;

5.0.3. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;

5.0.4. Dövlət Reyestrinin aparılması ilə bağlı xidməti məlumatlar (məlumatlarda düzəlişlər edilməsi və sorğular barədə məlumatlar).

Maddə 6. Dövlət Reyestrinə daxil edilən məlumatların siyahısı

6.1. Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir:

6.1.1. fərdi identifikasiya nömrəsi;

6.1.2. soyadı (əvvəlki soyadları);

6.1.3. adı;

6.1.4. atasının adı;

6.1.5. doğulduğu tarix;

6.1.6. doğulduğu yer;

6.1.7. cinsi;

6.1.8. vətəndaşlığı;

6.1.9. ailə vəziyyəti;

6.1.10. hərbi mükəlləfiyyətə münasibəti;

6.1.11. yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması;

6.1.12. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi (o cümlədən 16 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin nömrələri);

6.1.13. 16 yaşına çatmış şəxsin fotoşəkli;

6.1.14. 16 yaşına çatmış şəxsin biometrik məlumatları (qan qrupu, gözlərinin rəngi, boyu);

6.1.15. ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;

6.1.16. valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;

6.1.17. uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;

6.1.18. ölüm tarixi.

6.2. Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

Maddə 7. Dövlət Reyestrinin formalaşdırılması və aparılması

7.1. Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

7.2. Dövlət Reyestri dövlət dilində aparılır.

7.3. Dövlət Reyestrindəki məlumatlar, əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə sənədləşdirilmiş informasiya əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılır və daim təzələnir.

7.4. Dövlət Reyestri ilə informasiya mübadiləsinin təhlükəsiz aparılması məqsədi ilə onun və bu mübadilənin iştirakçısı olan informasiya sistemlərinin «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ekspertizası həyata keçirilir.

7.5. Zəruri informasiya Dövlət Reyestrinə xüsusi elektron şəbəkə vasitəsilə aşağıdakı qaydada hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir:

7.5.1. müvafiq icra hakimiyyəti orqanları tərəfindən - Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, onların, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müvafiq məlumatlar — «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə;

7.5.2. müvafiq icra hakimiyyəti orqanları tərəfindən — vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar — xüsusi elektron informasiya sistemi vasitəsilə.

7.6. Dövlət orqanları topladıqları və işlədikləri informasiya resurslarından istifadəni zəruri olan səviyyədə, həcmdə və vaxtda təmin etməlidirlər.

7.7. Dövlət Reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

7.8. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və istifadəsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:

7.8.1. insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması;

7.8.2. Dövlət Reyestrindəki sənədləşdirilmiş informasiyanın dəqiqliyi və tamlığı;

7.8.3. Dövlət Reyestrinə daxil olan sənədləşdirilmiş informasiyanın eyni şəklə salınması;

7.8.4. sənədləşdirilmiş informasiyanın təhlükəsizliyinin təmin olunması.

7.9. Dövlət Reyestrinin məlumatlarından şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməz.

Maddə 8. Fərdi identifikasiya nömrəsi

8.1. Dövlət Reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır.

8.2. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hər bir vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

8.3. Fərdi identifikasiya nömrəsi şəxs barədə bu Qanunun 6-cı maddəsində göstərilən məlumatlar Dövlət Reyestrinə daxil edilərkən dərhal verilir.

8.4. Fərdi identifikasiya nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

8.5. Fərdi identifikasiya nömrəsi təkrar olunmur və dəyişilmir.

8.6. Dövlət Reyestrinə barəsində sənədləşdirilmiş informasiya daxil edilmiş şəxs öldükdə, məhkəmə qaydasında ölmüş elan edildikdə və ya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs başqa ölkədə yaşayış yeri seçməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqda fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir.

8.7. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, onun fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. Həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığı bərpa edildikdə, onun əvvəlki fərdi identifikasiya nömrəsi bərpa edilir.

8.8. Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsi həmin şəxslərin uçotu aparılan digər dövlət informasiya sistemlərində şəxs barəsində saxlanılan məlumatlara daxil edilməlidir.

8.9. Fərdi identifikasiya nömrəsinin formalaşdırılması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Dövlət Reyestrinin məlumatlarında düzəlişlərin edilməsi

9.1. Dövlət Reyestrində olan hər hansı məlumatda dəyişikliklər baş verdikdə, identifikasiya nömrəsi göstərilməklə, bu dəyişikliklərin Dövlət Reyestrinə daxil edilməsi üçün göndərilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən bu Qanunun 7.5-ci maddəsində müəyyən edilmiş qaydada təmin olunmalıdır.

9.2. Müvafiq icra hakimiyyəti orqanına dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılır.

9.3. Barəsində sənədləşdirilmiş informasiya daxil edilmiş şəxslər Dövlət Reyestrində özləri haqqında olan məlumatlarda çatışmazlıqlar aşkar etdikdə, müvafiq düzəlişlərin edilməsi üçün bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edə bilərlər.

Maddə 10. Dövlət Reyestrindən məlumatların verilməsi qaydası

10.1. Dövlət Reyestrində olan məlumatlar Dövlət Reyestrinin istifadəçilərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

10.2. Dövlət Reyestrinin istifadəçiləri olan dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrinin sənədləşdirilmiş məlumatlarından öz səlahiyyətləri daxilində istifadə edirlər.

10.3. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Reyestrində yalnız özləri və qanunvericilikdə nəzərdə tutulmuş şəxslər haqqında olan məlumatlarla yazılı surətdə müraciət etməklə tanış ola bilərlər.

10.4. Dövlət Reyestrində özləri və ya yaxın qohumları haqqında olan məlumatları əldə etmək üçün fiziki şəxslər onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər sənədləri) təqdim etməlidirlər.

10.5. Barəsində sorğu verilmiş məlumat və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab 10 gün ərzində verilməlidir. Zərurət yarandıqda, bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmaqla 1 aydan çox olmayan müddətə uzadıla bilər.

10.6. Şəxsin müraciəti əsasında ona Dövlət Reyestrindən çıxarış təqdim oluna bilər.

10.7. Dövlət Reyestrinin informasiya sistemindən alınmış çıxarış müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən imzalanmalıdır.

10.8. Xüsusi proqram təminatı vasitəsilə verilən Dövlət Reyestrinin məlumatı elektron imza vasitəsilə də təsdiq edilə bilər.

10.9. Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün yazılı müraciətin və Dövlət Reyestrindən çıxarışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 11. Dövlət Reyestrindəki məlumatların mühafizəsi

11.1. Dövlət Reyestrində saxlanılan məlumatlar əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılmış informasiya kateqoriyasına aid edilir.

11.2. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və istifadə olunmasında iştirak edən dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrindəki məlumatların mühafizəsini təmin etməlidirlər.

11.3. Məhkəmə icraatı və ya cinayət işi üzrə məhkəməyədək icraat zamanı Dövlət Reyestrindən alınmış məlumatlar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühafizə edilir.

11.4. Müvafiq icra hakimiyyəti orqanı Dövlət Reyestrindəki məlumatların texniki mühafizəsi məqsədi ilə Dövlət Reyestrinin informasiya ehtiyatlarının texniki daşıyıcılarının ehtiyat surətini Dövlət Reyestrindən məkanca kənarda saxlanmasını, əsas və ehtiyat surətinin dayanıqlı alternativ telekommunikasiya vasitələri ilə təmin olunmasını təşkil etməlidir.

Maddə 12. Nəzarət

12.1. Dövlət Reyestrinin formalaşdırılmasına, aparılmasına, istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

12.2. Dövlət Reyestrinə göndərilən məlumatların sənədlərlə uyğunluğu bu məlumatları göndərən müvafiq icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalıdır.


III Fəsil. Yekun müddəalar

Maddə 13. Dövlət Reyestrinin maliyyələşdirilməsi

Dövlət Reyestrinin formalaşdırılması və aparılması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət

14.1. Dövlət Reyestrini aparan orqanın vəzifəli şəxsləri, bu Qanuna müvafiq surətdə Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri informasiya resurslarına daxil edilmiş informasiyanın qorunmamasına və onlara bəlli olan məlumatların yayılmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

14.2. Dövlət Reyestri ilə işləməyə buraxılmış şəxslər Dövlət Reyestrinə saxta məlumatların bilərəkdən daxil edilməsinə (göndərilməsinə) görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

14.3. Dövlət Reyestrinə göndərilən məlumatların sənədlərlə uyğunluğuna görə bu məlumatları göndərən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

14.4. Topladıqları və işlədikləri informasiya resurslarından istifadəni bu Qanuna müvafiq olaraq təmin etməyən dövlət orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.


Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV


Bakı şəhəri, 21 aprel 2006-cı il

№ 94-IIIQ


«Respublika» qəzetində dərc edilmişdir (24 iyun 2006-cı il, № 138) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2006-cı il, № 6, maddə 477) («VES Consultancy» LLC).

2 oktyabr 2008-ci il tarixli, 694-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə