Azərbaycanın müstəqillik günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa təbriki (18 oktyabr 1993)
Hörmətli həmvətənlər! Bu gün Azərbaycanın həyatında əlamətdar gündür – Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümüdür. Azərbaycan Respublikasının Dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir, bizim böyük bayramımızdır. Bu bayram münasibətilə Azərbaycan xalqını, Azərbaycan Respublikasının bütün vətəndaşlarını ürəkdən təbrik edirəm, müstəqillik yolunda hamıya uğurlar diləyirəm.
Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır.
Ona görə də mən bu əlamətdar gündə, bizim üçün böyük bayram günündə Azərbaycan xalqına, respublikamızın bütün vətəndaşlarına müraciət edirəm, Azərbaycan Respublikasının ictimai-siyasi xadimlərinə, ziyalılarına, dövlət orqanlarında vəzifə daşıyan şəxslərə, hər bir vətəndaşa müraciət edirəm və hər bir kəsi Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmək üçün, bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm.
Mən bu gün Azərbaycan Respublikasının müstəqilliyini mühafizə edən Azərbaycan Silahlı Qüvvələrinə, sərhədlərimizi qoruyan döyüşçülərə, əsgərlərə, zabitlərə müraciət edirəm, Vətənini əziz sayan, onu sevən hər bir vətəndaşa müraciət edirəm. Bizim gələcək taleyimiz öz əlimizdədir. İndi biz vətənimizin, torpağımızın, ölkəmizin sahibiyik, öz taleyimizi özümüz həll etmək imkanı qazanmışıq. Ancaq bu imkanları əldə saxlamaq, müstəqilliyi daimi etmək və ölkəmizi inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq, Dünya Birliyində layiqi yer tutmaq qarşımızda duran əsas vəzifələrdir. Bir dövlət başçısı kimi mən bu vəzifələri özümün ümdə vəzifələrim hesab edirəm. Güman edirəm ki, hər bir vətənpərvər azərbaycanlı, bu yurdun vətəni sevən hər bir sakini bunları özünün şəxsi vəzifələri hesab edəcəkdir.
Bu ümidlərlə, bu arzularla sizi bir daha təbrik edir, sizə cansağlığı, həyatınızın bütün sahələrində uğurlar diləyirəm. Azərbaycan Respublikasının müstəqilliyi naminə sizin hər birinizə müvəffəqiyyətlər arzulayıram. Sağ olun, bayramınız mübarək olsun. Yeni bayramlara doğru irəliləyək! Sağ olun.
18 oktyabr 1993-cü il