Heydər Əliyevin Prezident Sarayında keçirdiyi görüşdə nitqindən (18 oktyabr 2000)
Bu gün Azərbaycanın müstəqilliyinin, yəni müstəqillik haqqında qəbul
olunmuş Konstitusiya Aktının 9-cu ildönümüdür. Xalqımız bunu bayram
edir. Biz bayram əhval-ruhiyyəsindəyik. Siz bizim bayramımızı daha da
yüksəklərə qaldırdınız, bəzədiniz, gözəlləşdirdiniz. Ona görə də sizə
bir daha təşəkkür edirəm.
Bu doqquz il ərzində Azərbaycan xalqı
ağır, çətin, eyni zamanda, çox şərəfli yol keçibdir. Doqquz il bundan
öncəki Azərbaycanın vəziyyətini xatırlayın. İlham Əliyev burada doğru
dedi ki, bugünkü idmançılarımız – 18–19 yaşında olan, qələbə qazanmış
idmançılarımız o vaxt 10–11 yaşında idilər, yaşları bəlkə bundan da az
idi. Demək, onlar Azərbaycanın müstəqilliyi dövründə böyümüş və bu
səviyyəyə çatmış gənclərdir. Ancaq doqquz il bundan öncə Azərbaycanda
belə şeylər üçün şərait yox idi. Çünki Azərbaycan od içində yanırdı,
dağılırdı, parçalanırdı.
İndi müstəqilliyimizin doqquzuncu
ildönümünü hamımız iftixar hissi ilə qeyd edirik. Amma bir az arxaya
baxmaq lazımdır. Bu doqquz illik tarixin hər ilinə, hər ayına baxmaq
lazımdır. Onda hamı üçün aydın olar ki, bu müstəqillikdən sonra
keçdiyimiz yol nə qədər ağır, çətin, eyni zamanda, nə qədər şərəfli
olmuşdur. Biz xoşbəxtik ki, o ağır, çətin dövrdən uğurla keçdik, indi
Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.
Bu illərdə
bizim ən böyük nailiyyətimiz o olub ki, Azərbaycanda ictimai-siyasi
sabitlik yarada bildik, 1993-cü ildə ölkəmizi vətəndaş müharibəsindən
xilas etdik, Azərbaycanın parçalanmasının qarşısını aldıq,
respublikamızda daxili çəkişmələrə, silahlı dəstələrin bir-biri ilə
hakimiyyət mübarizəsinə son qoyduq. Qarşımıza çıxan çətinliklər çox
olubdur. Amma ən böyüyü ondan ibarət idi ki, bilirsiniz, 1994-cü ilin
oktyabrında və 1995-ci ilin martında Azərbaycan yenidən böyük təhlükə
altında idi. Çünki dövlətimizə, müstəqilliyimizə qarşı dövlət çevrilişi
cəhdi göstərilirdi. Həmin qüvvələr çox güclü, silahlı idi. Amma xalq
buna imkan vermədi. Xalq dövlət çerilişi cəhdinin qarşısını aldı. Dövlət
bunların qarşısını ala bildi. Nə üçün? Çünki dövlət ilə xalqın birliyi
yaranmışdı. Çünki xalq dövləti dəstəkləyirdi, apardığımız siyasəti
bəyənirdi və ona görə də dövlətin, dövlətçiliyin mübarizəsində sinəsini
qabağa verdi.
Azərbaycan ötən doqquz il ərzində böyük inkişaf yolu
keçibdir. Bəli, altı il bundan öncə atəşin dayandırılması böyük
nailiyyətdir. Çünki təsəvvür edin, əgər müharibə, o vaxta qədər aparılan
uğursuz müharibə davam etsəydi, bax bu gün oxuyan, təhsil alan, idmançı
olan, istedadlarını göstərən nə qədər gənclərimiz həlak, şəhid olmuşdu.
Ona görə də 1994-cü ilin mayında atəşkəsin yaranması Azərbaycanın
gələcəyi, bu günü üçün ən böyük şərtlərdən biri idi.
Azərbaycan
hüquqi, demokratik, dünyəvi dövlətdir. Biz bu yolu uğurla keçirik.
Azərbaycanda demokratiya inkişaf edibdir. Azərbaycanda bütün insanlara
azadlıq verilibdir. Azərbaycanda söz, vicdan, insan azadlığı tamamilə
təmin olunubdur. Azərbaycanın iqtisadiyyatı 1995-ci ildə tənəzzülə son
qoydu, o vaxtdan indiyə qədər inkişaf yolu keçibdir.
Bizim dövlət
nümayəndələri, nazirlər ayrı-ayrı analitik materiallarda bu barədə çoxlu
rəqəmlər göstəriblər. Bütün bu inkişaf yolumuzun rəqəmləri, konkret
sübutları göz qabağındadır, biz bu yolu uğurla gedirik və gedəcəyik.
Təbiidir
ki, biz əldə etdiyimiz nailiyyətlərlə də kifayətlənmirik, razı deyilik.
Bunlar Azərbaycanı ancaq siyasi-iqtisadi böhrandan çıxartdı, ölkəmizin
iqtisadiyyatında tənəzzülün qarşısını aldı, respublikamızın
iqtisadiyyatının inkişafını və Azərbaycan xalqının rifah halının
ardıcıl, davamlı surətdə yaxşılaşdırılmasını təmin etdi.
Bizim hələ
görüləsi çox işlərimiz var. Biz Azərbaycanın güclü, hüquqi, demokratik,
dünyəvi və iqtisadi cəhətdən inkişaf etmiş ölkə olmasına çalışırıq.
Azərbaycanın Milli Ordusu yaranıbdır. Bu Milli Orduda bizim gənclərimiz
xidmət edir və çox da yaxşı xidmət edirlər.
Azərbaycan bir dövlət
kimi artıq formalaşıbdır. Bu bizim doqquz illik nailiyyətimizdir.
Xalqımız bunu bilir, qiymətləndirir və ona görə də öz dövlətinə,
vətəninə sədaqətini və Azərbaycanın demokratiya yolu ilə gedən dövlətinə
öz dəs¬təyini göstərir. Bu da bizi, Azərbaycan prezidenti kimi şəxsən
məni daha da çox iş görməyə məcbur edir, yəni mənim qarşımda, dövlətin,
hökumətin qarşısında yeni-yeni vəzifələr qoyur. Mən sizi əmin edə
bilərəm ki, biz bu vəzifələri yerinə yetirəcəyik, Azərbaycan ilbəil
inkişaf edəcəkdir.
Noyabrın 5-də Azərbaycanda növbəti parlament
seçkiləri keçiriləcəkdir. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın
ilk demokratik Konstitusiyasının qəbul olunması tarixi hadisədir. O
vaxt, eyni zamanda, müstəqil Azərbaycanın yeni Milli Məclisi seçildi.
Həmin Milli Məclis ötən beş ildə çox işlər gördü. İndi Azərbaycan hüquqi
dövlətdir, bizdə hər şey qanunla tənzimlənir. Amma bu qanunları
yaratmaq, işlətmək lazımdır. Biz bunları etmişik.
Bizim Milli
Məclisimiz çox qanunlar qəbul edibdir, işini uğurla başa çatdırır.
Azərbaycanın hakimiyyət, icra orqanları bu qanunların yerinə yetirilməsi
üçün çalışır və çoxlu nailiyyətlər əldə edibdir. Bu nailiyyətlər bundan
sonra daha da çox olacaqdır.
Mən inanıram ki, noyabrın 5-dəki
seçkilərdə xalq yenə də ədaləti, haqqı, əldə olunan nailiyyətləri
dəstəkləyəcəkdir, ayrı-ayrı təxribatçıların, yaxud müxalifətçilərin
yalan, böhtan sözlərinə uymayacaqdır. İndi demokratiyadır. Bütün
müxalifət partiyalarına imkan verilibdir ki, seçkiqabağı televiziyada
çıxış etsinlər – onlar onsuz da qəzetlərdə istədiklərini daim ya¬zırlar –
öz seçiciləri ilə görüşsünlər, danışsınlar. Ancaq nə müşahidə olunur?
Seçkilərə qoşulan partiyaların tam əksəriyyəti müxalifət mövqeyində
duranlardır. Onların hamısı iqtidarı tənqid edir. Tənqid bizə lazımdır,
amma təhrif, yalan, böhtan lazım deyildir. Bu, xalqımıza, millətimizə
lazım deyildir. Ancaq onlar bu yola düşüblər. Bunların sözünün əvvəli
də, axırı da ondan ibarətdir ki, Azərbaycanda demokratiya yox¬dur.
Əgər
demokratiya yoxdursa, müxalifət partiyaları nə üçün bu qədər qəzetlər
çıxarırlar və bu qəzetlərdə olmazın yalanlar, böhtanlar, iftiralar dərc
olunur? Əgər demokratiya yoxdursa, müxalifət partiyaları televiziyada,
radioda necə sərbəst çıxış edir, iqtidara qarşı böhtan yağdırırlar?
Bəli,
məhz Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olandan bir neçə vaxt
sonra bu partiyalar yavaş-yavaş canlandı və indi onlara bütün imkanlar
yaradılıbdır. Amma onlar da, hamı da düşünməlidir ki, bu imkanları kim,
hansı hakimiyyət, iqtidar yaradıbdır? Bunu bizim iqtidar yaradıbdır.
Bunu biz yaratmışıq.
Mən bu günlər televiziyada çıxış edənləri
müşahidə edirəm. Müxalifət partiyalarının televiziyada çıxış edən hər
bir nümayəndəsi xalqı, milləti müstəqillik aktının doqquz illiyi
müna-sibətilə təbrik edir. Çox gözəl. Bu onların haqlarıdır. Mən bundan
çox məmnunam. Amma onlardan soruşmaq lazım¬dır, bu doqquz illik müddətin
yeddi il beş ayı Azərbaycanın bugünkü iqtidarının üzərinə düşür. Əgər
Azərbaycan 1991-ci ilin sonunda müstəqilliyini əldə edibsə, ondan
sonrakı bir il altı ay müddətində ölkəmizdə hakimiyyətsizlik,
hərc-mərclik davam edib və nəhayət, 1992-ci ilin iyununda Xalq Cəbhəsi –
Müsavat hakimiyyətə gələndən sonra Azərbayca-nın dağıdılması daha da
sürətləndi. Bunlar da axırda gətirib vətəndaş müharibəsinə çıxartdı.
1990-cı
ilin yanvar hadisələrindən sonra, ondan qabaq da Azərbaycanda
ictimai-siyasi sabitlik pozulmuşdu, hərc-mərclik idi. Dövlətin on
illərlə qazandığı sərvətlər dağıdılırdı və Azərbaycan bir neçə dəfə
fövqəladə vəziyyətdə, avtomatçıların qarşısında yaşayıbdır.
1990-cı
ilin 20 Yanvar hadisəsindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan
olundu. Bu fövqəladə vəziyyət 1991-ci ilin axırınadək davam etdi. Yalnız
müstəqillik elan olunan¬dan sonra Azərbaycanda, Bakıda fövqəladə
vəziyyət aradan götürüldü. Ancaq ondan sonra nə oldu? Xalq Cəbhəsi –
Müsavat hakimiyyətə gəldi, bir ilin içərisində Azərbaycanda daxili
sabitliyi daha da pozdu. Xatırlayın, əvvəllər fövqəladə vəziyyətin
əleyhinə çıxan adamlar 1993-cü ilin aprelində Kəlbəcər Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilən¬dən sonra, hakimiyyətdə
ola-ola, bütün Azərbaycanda fövqəladə vəziyyət rejimi yaratdılar. Həmin
fövqəladə vəziyyət rejimində də hakimiyyəti saxlaya bilmədilər. 1993-cü
ildə öl¬kə¬mizdə vətəndaş müharibəsi başlandı.
Ölkənin daxilində
müxtəlif proseslər ola bilər. Əgər dövlət, hakimiyyət güclüdürsə və
xalqın dəstəyinə malikdirsə, o hər bir şeyin qarşısını ala bilər.
1993-cü ilin iyununda nə üçün Azərbaycanda vətəndaş müharibəsi, siyasi
böhran başlandı, nəhayət, həmin hakimiyyət dağıldı? Ona görə ki, onlar
xalqın dəstəyini, inamını əldə edə bilmədilər. Əksinə, bir ilin
içərisində xalqı özlərindən diksindirdilər, uzaqlaşdırdılar və xalq belə
bir hakimiyyətə artıq dözə bilmirdi.
Hakimiyyət dağıldı.
Hakimiyyətdə olan şəxslər, yəni Azərbaycanın prezidenti, Baş naziri,
Milli Məclisin sədri, nazir¬lər qaçdılar, dağıldılar, gizləndilər.
Bəziləri ayrı-ayrı yerlərdə 2–3–4 il gizləndilər. Əgər siz doğrudan da
hakimiyyət adamısınızsa, doğrudan da xalq uğrunda mübarizə
aparırsınızsa, doğrudan da hakimiyyətə gələrək Azərbaycanı idarə etmək
istəyirdinizsə, niyə qaçırdınız, niyə gizlənirdiniz?
1995–1996-cı
ildən sonra, Azərbaycanda ictimai-siyasi sabitlik tamam bərqərar
olunandan sonra onlar yavaş-yavaş peyda oldular, deyə bilərəm ki,
gizləndikləri yuvalarından çıxdılar, indi sərbəstdirlər. Bu sərbəstliyi,
bu ictimai-siyasi sabitliyi kim yaradıb? Onu bugünkü iqtidar
yaradıbdır. Bugünkü iqtidar bunu yaradaraq, onlara imkan veribdir ki,
yenidən həyata qayıtsınlar, öz siyasi fəaliyyətlərini aparsınlar, bunu
da qiymətləndirsinlər. Ancaq bunun əvəzində onlar öz çı-xışlarında
deyirlər ki, yeddi il müddətində heç bir şey görülməyibdir. Bəs onda bu
müstəqillik dövründə nə görülübdür? Bəs onda bu müstəqillik münasibətilə
siz xalqı niyə təbrik edirsiniz?
Mən yenə də deyirəm, bu doqquz
ilin yeddi il beş ayı bugünkü iqtidarın rəhbərliyi altında gedibdir.
Ondan əvvəl, müstəqillik elan olunandan sonrakı bir il yarım ərzində bir
neçə hakimiyyət dəyişilib, hərc-mərclik olubdur və Azərbaycan
dağılırdı. Demək, bunları görməyən, yaxud görərək inkar edən adamlar,
heç təsəvvür etmək mümkün deyil ki, hansı psixologiyaya malikdirlər. Bir
daha deyirəm ki, bu doqquz ildə Azərbaycanın müstəqilliyini təmin edən,
yaşadan bugünkü iqtidardır.
Azərbaycanın dövlət müstəqilliyinin
elan olunması tarixi zərurətdən meydana gəlmiş bir hadisədir. Bu, o
illərdə, ondan əvvəlki bir neçə ildə SSRİ-də və bütün dünyada gedən
icti¬mai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu müstəqillik talenin
bi¬zə bəxş etdiyi nemətdir. Əgər SSRİ dağılmasaydı, heç bir qüvvə, heç
bir respublika heç bir müstəqillik əldə edə bilməzdi. Amma indi həmin
müxalifətdə olan adamlar döşlərinə vururlar ki, biz mübarizə etmişik,
Azərbaycanın müstəqilliyini əldə etmişik. Onda Türkmənistan, Özbəkistan,
Ukrayna, Belarus, Qazaxıstan öz müstəqilliklərini necə əldə ediblər?
Bəli,
SSRİ hökumətinin Dağlıq Qarabağ problemi ilə əlaqədar ədalətsiz
mövqeyinə görə xalq etiraz səsini qaldırdı. Bu etiraz səsini təkcə özü
yox, kütlələr bildirib, küçələrə, meydanlara çıxıbdır. Bəli, belə bir
xalq hərəkatı olubdur. Ancaq indi bəziləri döşünə döyür ki, biz milli
azadlıq hərəkatının liderləri olmuşuq və bunun nəticəsində Azərbaycanın
müstəqilliyinə nail olmuşuq. Bu cür yalan heç bir şeyə sığışmır.
Yenə
də deyirəm, bizim xoşbəxtliyimizdir ki, SSRİ dağıldı. Təbiidir ki, SSRİ
dağılanda bu ittifaqa daxil olan bütün müttəfiq respublikalar öz
müstəqilliklərini elan etdilər. Onu da bilməlisiniz ki, digər
respublikalar öz müstəqilliyini Azərbaycandan əvvəl – 1991-ci ilin
iyununda, iyulunda, sentyabrında elan etdilər. Azərbaycan isə 1991-ci il
oktyabrın 18-də müstəqillik haqqında akt qəbul etdi. Amma həqiqi
müstəqillik 1991-ci il dekabrın 30-da ümumi referendum keçiriləndən
sonra olubdur. Yəni biz o vaxt bu məsələdə də irəlidə deyildik. Əgər
müstəqillik uğrunda mübarizə aparılırdısa, burada da o biri
respublikalardan geri qalmışdıq. Bax, həqiqət budur. Gərək heç kəs bu
tarixi həqiqətləri unutmasın və heç kəs də təhrif etməsin.
Bizim
bugünkü nailiyyətimiz Azərbaycanda məhz son illər, yəni 1993-cü ilin
iyunundan indiyədək aparılan işlərin nəticəsidir və biz bundan sonra
daha da böyük nailiyyətlər əldə edəcəyik.
Mən bu fikirlərimi sizə
çatdıraraq, olimpiya oyunlarında əldə etdiyiniz qələbə münasibətilə sizi
təbrik edirəm. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Bir daha
deyirəm, sizin bu nailiyyətiniz Azərbaycanın dövlət müstəqilliyinin
bəhrəsidir və 1993-cü ildən başlayaraq Azərbaycan iqtidarının apardığı
doğru, düzgün daxili və xarici siyasətinin nəticəsidir.
Mən bütün
Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm və
Azərbaycana bir daha, bir daha əbədi müstəqillik arzulayıram. Sağ olun.