Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı (20 mart 2001)
Bu il Azərbaycan xalqının həyatında əlamətdar tarixi hadisənin — Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 10 ili tamam olur. 1991-ci il oktyabrın 18-də «Azərbaycanın dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü — müstəqil inkişaf dövrü başlandı.
Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada 80-ci illərin ortalarından başlayaraq gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarix səhnəsindən çəkilməsinə və nəticə etibarilə müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxartdı. Bunun ardınca yeni müstəqil dövlətlərin, eləcə də Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu.
Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının da qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.
Təəssüf ki, 1991—1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı.
Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini inkar edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulurdu. XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, bir qarışıqlıq, «dövlət reketi» hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə gətirib çıxardı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı. Beləliklə, 1991—1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.
Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan—Azərbaycan müharibəsi ilə bağlı qəti addımlar atılmasından ibarət idi. Milli ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı. Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq bir müddət ərzində davam etmiş hərbi əməliyyatlar dayandırıldı, münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yarandı.
Müharibənii dayandırılması, ölkədaxili vəziyyətin nizamlanması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, regionda qonşu dövlətlərlə yaranmış gərginliyin aradan qaldırılması və münasibətlərin normal məcraya salınması Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirən amillərdən oldu.
Azərbaycan daxildə yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ona münasibətdə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə «Əsrin müqaviləsi» adlandırılan ilk neft kontraktlarını imzaladı. Ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.
Azərbaycanda başlanmış bu işlər dövlətçiliyimizin əleyhinə olan daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlər göstərildi. Azərbaycan dövlətinin qətiyyəti, bütün xalqın qızğın dəstəyi ilə bu təhlükəli cəhdlərin qarşısı alındı. Görülmüş tədbirlər nəticəsində Azərbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu. Azərbaycan dövləti keyfiyyətcə yeni bir mərhələyə daxil oldu, dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq üçün ictimai-siyasi sabitliyin va qanunçuluğun bərqərar edildiyi ölkəyə çevrildi. 1995-ci ilə qədər bəzi sahələrdə bir sıra müsbət dəyişikliklər əldə edilsə də, ölkədə bütün istiqamətlərdə geniş miqyaslı islahatların ardıcıl şəkildə həyata keçirilməsi məhz tam ictimai-siyasi sabitliyin təmin edilməsindən sonra mümkün oldu.
1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün, dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratdı. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu.
Ölkədə demokratik islahatlar kursu müəyyən edildi və bu istiqamətdə ardıcıl iş həyata keçirilməyə başlandı. Azərbaycanda demokratik dövlət yaradılması üçün yeni iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi zərurəti ön plana çəkildi. Bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda böyük iş aparıldı. Torpaq və aqrar islahatlar haqqında, özəlləşdirmə, sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən qurulması, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafı barədə, əhalinin sosial müdafiəsini təmin edən mühüm qanunvericilik aktları qəbul edildi. İqtisadi islahatların dərinləşməsində həlledici rol oynayan özəlləşdirmə prosesi sürətləndirildi. Bu sahədə görülmüş ardıcıl iş sayəsində kiçik özəlləşdirmə başa çatdırıldı, ölkədə ticarət, ictimai iaşə və bütün xidmət obyektləri, demək olar ki, artıq sahibkarların əlində cəmləşdi. Orta və iri sənaye müəssisələrinin özəlləşdirilməsi başlandı.
İstehsalda yaranmış geriləmə hallarının qarşısı bazar iqtisadiyyatına keçid istiqamətində görülən məqsədyönlü tədbirlər sayəsində alındı, ölkədə makro-iqtisadi sabitlik təmin olundu. Həyata keçirilən tədbirlər nəticəsində sənaye istehsalında artım meylləri yarandı. Sənayenin, demək olar ki, bütün sahələrində, o cümlədən neft və qaz, neft və neft kimyası, metallurgiya, maşınqayırma, tikinti materialları, yüngül və yeyinti sənayesi sahələrində, habelə sənayenin qeyri-dövlət sektorunda ciddi irəliləyiş əldə edildi.
Ölkədə torpaq islahatının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi digər sahələrlə müqayisədə kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan yaratdı. Bu sahədə əldə edilmiş müsbət dəyişiklikləri dəstəkləmək, meydana çıxan problemləri aradan qaldırmaq məqsədi ilə xüsusi qanun və fərmanlar qəbul edildi. Aqrar sektorun, torpaq vergisi istisna olmaqla, digər vergilərdən beş il müddətinə azad edilməsi, büdcəyə olan vergi borclarının silinməsi, yanacağın güzəştli satışı və digər tədbirlər kənd təsərrüfatı istehsalına əhəmiyyətli təsir göstərdi.
Gənc müstəqil dövlət, xüsusən Azərbaycan kimi xarici təcavüzə, böyük dağıntılara və itkilərə məruz qalmış ölkə müstəqilliyə nail olduqdan sonra iqtisadiyyatını öz daxili imkanları hesabına vaxtında inkişaf etdirə bilməzdi. Bu baxımdan Azərbaycana xarici investisiyanın cəlb olunması əsas məqsədlərdən biri idi. İqtisadi yüksəlişin həlledici şərti hesab olunan investisiya qoyuluşu sahəsində mühüm nailiyyətlər əldə olundu. Kapital qoyuluşunun artmasında ölkəmizə xarici kapital axını həlledici rol oynayır. Ölkə iqtisadiyyatına böyük həcmdə xarici investisiya yönəldilmişdir. Xarici investisiya qoyuluşunda «Əsrin müqaviləsi» və ondan sonrakı neft kontraktları mühüm rol oynayır. Azərbaycanda yalnız neft sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə də xarici investisiya qoyuluşu xeyli artmışdır. Hazırda Azərbaycanda adambaşına düşən xarici investisiyanın həcmi Müstəqil Dövlətlər Birliyi məkanında ən yüksək göstərici hesab olunur.
Azərbaycan dövlətinin neft strategiyasının işlənib hazırlanması və ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin əldə etdiyi nailiyyətlərin ən əsasıdır. Bu sahədə bir çox faydalı sazişlər imzalanıb, işlər görülmüşdür. Müstəqil neft strategiyasının həyata keçirilməsi vasitəsilə Azərbaycan dünyanın bir çox ölkələrinin diqqətini, marağını özünə cəlb etmişdir. Azərbaycanın neft strategiyası ölkəyə həm iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb, həm də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa imkan veribdir. Ümumiyyətlə, Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsi işinə xidmət edir.
Aparılan islahatların sosialyönümü və əhalinin sosial müdafiəsi tədbirləri dövlətin iqtisadi siyasətində mühüm yer tutur. Əmək haqqının artırılması barədə dövlət tədbirlərinin həyata keçirilməsi nəticəsində işçilərin orta aylıq nominal əmək haqqı xeyli artmışdır. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması hər vaxt dövlətin diqqət mərkəzində olmuşdur. Ölkənin sosial-iqtisadi imkanları yaxşılaşdıqca və büdcənin mədaxili artdıqca, müvafiq olaraq bu istiqamətdə tədbirlər həyata keçiriləcəkdir.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuş və yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılmışdır. Bu, iqtisadiyyatın daha yüksək templə inkişafının təmin edilməsi, ölkədə işsizliyin azaldılması, əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya edilməsi yolunda mühüm mərhələ olacaqdır.
Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. Ölkəmizdə bunun üçün zəruri olan təsisatlar və hüquqi baza artıq formalaşmışdır. Dövlət quruculuğu sahəsində aparılan islahatlar dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında gerçəkləşməsini təmin etdi. Respublikada müxtəlifyönlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyət göstərməsi, çoxsaylı mətbuat orqanlarının sərbəst çıxması, özəl televiziya və radio kanallarının öz verilişlərini efirə çıxarması və sairə kimi hallar Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, demokratiya ab-havasının hökm surməsinin konkret əyani nəticəsidir. Vicdan və söz azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əsas insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, tolerantlıq mühitinin bərqərar olması əsl vətəndaş cəmiyyətini formalaşdırmaq üçün atılmış mühüm addımlardır. Məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara, o cümlədən İnsan hüquqları üzrə Avropa Konvensiyasının tələblərinə uyğun yenidən qurulması məqsədi ilə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Sosial-iqtisadi sahələrdə, dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, Azərbaycan dövlətinin yeritdiyi məqsədyönlü siyasət sayəsində digər istiqamətlərdə də əldə edilmiş mühüm nailiyyətlər ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın silahlı qüvvələri qüdrətli bir orduya çevrilib və ölkəni hərbi təcavüzlərdən qoruyacaq qədər güclənib, inkişaf edibdir. Müstəqil respublikamızın nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi onun beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, dünya ölkələri içərisində öz layiqli yerini tuta bilməsinə əlverişli şərait yaratmışdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edən xarici siyasət dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmaq və inkişaf etdirmək istiqamətində ardıcıl şəkildə aparılır. Azərbaycan dövlətçiliyi möhkəmlənib, günü-gündən güclənməkdədir.
On il tarixi baxımdan böyük müddət deyildir. Azərbaycanda bu qısa müddət ərzində demokratik, hüquqi, dünyəvi dövlət qurulmuş, onun təsisatları yaradılmışdır. Azərbaycan iqtisadi islahatlar apararaq bazar iqtisadiyyatını inkişaf etdirir. Ölkəmiz artıq intensiv inkişaf dövrünü yaşayır.
Azərbaycanın dövlət müstəqilliyinin onillik yubileyinin ölkəmizin ictimai-siyasi həyatında böyük, əlamətdar hadisə olduğunu nəzərə alaraq və eləcə də Azərbaycan Respublikasının on il ərzində keçdiyi müstəqil inkişaf yolunda əldə etdiyi nailiyyətlərin təhlili və təbliğini gücləndirmək məqsədi ilə qarara alıram:
- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onillik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onillik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 mart 2001-ci il
№ 448