Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına təbriki (16 oktyabr 1994)
İlk kövrək addımlarını atan gənc Azərbaycan dövləti artıq necə ildir ki, öz müstəqilliyini bayram kimi qeyd edir. Ən çətin və ən ağır anlarda belə təmkin və qürurla dövlətçiliyimizin müdafiəsinə qalxmağı bacaran və onu qorumağı özünə borc və şərəf sayan doğma xalqımı - mərd və qeyrətli Vətən övladlarını Azərbaycanın bu əziz günündə ürəkdən təbrik edirəm.
Azərbaycan həm çətin, həm də şərəfli günlərini yaşayır. Tarix milli mənliyimizi və qürurumuzu yenidən sınağa çəkir. Bir tərəfdən Ermənistanın təcavüzünə məruz qalan respublikamız ərazisinin bir hissəsini itirmiş, doğma torpaqlarımızdan yüz minlərlə həmvətənimiz didərgin salınmışdır. Digər tərəfdən isə Azərbaycanın suverenliyinə qənim kəsilmiş daxili və xarici qüvvələr öz təxribatları, xəyanətkar əməlləri ilə xalqı sarsıtmağa, onu azadlıq və müstəqillik yolundan döndərməyə çalışırlar.
Lakin əminəm ki, taleyinə düşmüş ağrı-acılara, əzab-əziyyətə mətanətlə sinə görən, üz-üzə gəldiyi çətinlikləri cəsarətlə dəf edən xalqımızın polad iradəsini nə düşmən hədə-qorxusu, nə də nankor övladlarının bəd əməlləri sarsıda bilməz. Qurub-yaratmaq eşqi, qələbə əzmi ilə yaşayan və döyüşən insanların sarsılmaz inamı qarşısında heç bir qüvvə dura bilməz. Bunu hamı bilməlidir.
Qələbəmizin yaxınlaşması, müstəqilliyimizin reallaşması və xalqımızın bu tarixi sınaqdan şərəflə çıxması üçün milli birliyimiz, vətəndaş həmrəyliyi bu gün həmişəkindən daha vacibdir.
Əziz xalqım! Əzəmət və qüdrətinə, namus və qeyrətinə arxalandığım və güvəndiyim Azərbaycan övladları! Sizi bu bayram günündə bir daha ürəkdən təbrik edir, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi yolunda hamınıza cansağlığı, əzmkarlıq və dönməzlik arzulayıram.
Heydər Əliyеv,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 oktyabr 1994-cü il