Heydər Əliyevin Prezident Sarayında keçirdiyi görüşdə çıxışından (18 oktyabr 1995)
Hörmətli bacılar, qardaşlar, hörmətli həmvətənlər!
Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür. Dörd il bundan öncə 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunubdur və həmin gündən etibarən Azərbaycan hüquqi nöqteyi-nəzərdən bütün dünyaya öz dövlət müstəqilliyini elan edibdir. Azərbaycanın dövlət müstəqilliyi dünya birliyi tərəfindən qəbul olunub. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib və dünya birliyində özünün layiqli yerini tutubdur.
Azərbaycan xalqı əsrlər boyu milli azadlıq uğrunda mübarizə edib, çarpışıb, bu arzularla yaşayıb. Özünün müstəqil dövlətinin olmasını, dövlət müstəqilliyi əldə etməsini istəyibdir. Əsrimizin əvvəlində – 1918- ci ildə Azərbaycanda ilk dəfə dövlət müstəqilliyi elan olunub, ilk Azərbaycan Demokratik Respublikası yaranıbdır. Bu respublika Azərbaycanda xalqın, millətin milli təfəkkürünün oyanması, dirçəlməsi, inkişafı üçün yollar açıb, şərait yaradıbdır.
Sonra ilk Azərbaycan Demokratik Respublikası süqut edib, Azərbaycan xalqı yetmiş il müddətində Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olubdur. Lakin Azərbaycan Respublikası yaşayıbdır. Xalqımız tarixi zərurətdən irəli gələn şəraitdə, mühitdə və mövcud dövlət quruluşu, ictimai-siyasi quruluş çərçivəsində yaşayıb-yaradıb, daim irəli gedibdir. Azərbaycanda elm, təhsil, mədəniyyət misli görünməmiş səviyyələrə qalxıb, ölkədə böyük iqtisadi potensial yaranıbdır. Azərbaycan xalqının rifahı yaxşılaşıb, yüksəlibdir. Xalqımız öz nailiyyətlərini dünyaya nümayiş etdirmək üçün imkanlar əldə edibdir. Azərbaycan xalqı özünün adət və ənənələrindən, nəsillərdən nəsillərə ötürülmüş milli irsindən istifadə edərək, dünya mədəniyyətindən, inkişaf etmiş ölkələrin, xalqların mədəniyyətindən bəhrələnərək öz həyatını qurmağa çalışmışdır. Ancaq tam milli azadlıq hissləri xalqımızın qəlbində, şüurunda, düşüncəsində heç vaxt unudulmayıb, itməyibdir. Əksinə, mütəfəkkir insanlarımız xalqımızı daim bu ruhda tərbiyə etməyə çalışıblar. Dövlət müstəqilliyimizin əldə olunması hər bir vətənpərvər, şüurlu şəxsin qəlbində daim böyük bir arzu kimi yaşayıbdır.
Dünyada, keçmiş Sovetlər İttifaqında baş vermiş və sürətlə cərəyan etmiş ictimai-siyasi proseslər nəticəsində 1991-ci ildə Azərbaycan Respublikası, Azərbaycan xalqı öz dövlət müstəqilliyini elan etməyə imkan tapıb, buna nail olubdur. Azərbaycan müstəqil dövlət olubdur.
O gündən dörd il keçir. Dörd il qısa bir zamandır. Amma Azərbaycan xalqının həyatında bu dörd il çox böyük proseslər dövrü, çox ciddi mübarizələr, çox böyük dəyişikliklər dövrüdür. Güman edirəm ki, keçdiyimiz bu dörd il xalqımızın, müstəqil dövlətimizin tarixində ağır, çətin illər, eyni zamanda bütün bunlara baxmayaraq, xalqın milli mənliyinin dirçəlməsi, milli azadlıq, milli müstəqillik düşüncələrinin yüksəlməsi illəri kimi öz layiqli yerini tutacaqdır.
O illərin çətinliyi ən çox onunla əlaqədardır ki, biz Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzün qarşısını almağa çalışırıq. Bu hərbi təcavüz nəticəsində xalqımız itkilər verib, şəhidlər verib, ölkəmizə, respublikamıza böyük zərbələr dəyibdir. Şübhəsiz ki, bu zərbələr cəmiyyətimizdə, ölkəmizdə də çətinliklər yaradıbdır. Bunların öhdəsindən gəlmək, bu çətinliklər şəraitində xalqı yaşatmaq, irəliyə aparmaq, cəmiyyətdə vətəndaş həmrəyliyi, birliyi yaratmaq problemləri qarşımızda həmişə böyük vəzifə kimi durub və biz bunu həyata keçirməyə çalışmışıq, çalışırıq və bundan sonra da çalışacağıq.
Ancaq xarici düşmənlərimizlə yanaşı, daxilimizdə xalqımıza xəyanət edən, onun bu ağır vəziyyətdən çıxmasına maneçilik törədən, düşmənlərin dəyirmanına su tökən qüvvələr də mövcud olubdur. Onların xalqımıza vurduğu zərər və zərbələr mənəvi məzmununa görə xarici düşmənlərin bizə vurduğu zərbələrdən heç də az deyildir. Ancaq xalqımızın müdrikliyi, iradəsi bütün bunların hamısından üstün olubdur. Bütün bu ağırlıqlara və çətinliklərə baxmayaraq xalqımız yaşayır, yaradır, düşmənlərə sinə gərir. Dövlət müstəqilliyimiz qorunur və ərazi bütövlüyümüzün bərpa olunması, işğal edilmiş torpaqlarımızın geri qaytarılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, təcavüz nəticəsində bəlalara düşmüş, doğma yurdundan qovulmuş vətəndaşlarımızın öz yerlərinə qayıtması məsələsi bizim fəaliyyətimizin mərkəzində durur və bunların həll olunması üçün çalışırıq. Məqsədimiz, amalımız əldə etdiyimiz tarixi nailiyyəti – dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır. Biz bu gün də, gələcəkdə də çalışacağıq ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun. Azərbaycan müstəqil bir dövlət kimi daim yaşasın, öz vətəndaşlarının milli azadlığını, onların hüquqlarını daim qorusun. Bu yolla gedirik və gedəcəyik.
Qarşımızda çox vəzifələr durur. Ancaq mən əminəm ki, xalqımızda olan güc, mənəvi potensial, tarixi ənənələrimiz bütün bu çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək və biz bu yolla uğurla gedəcəyik.
Dövlət müstəqilliyimizi möhkəmləndirmək, onu inkişaf etdirmək üçün ciddi tədbirlər görürük. Müstəqil Azərbaycan Respublikasında ilk dəfə demokratik parlament seçilməsi prosesindəyik. Demokratik parlament yaratmaq üçün seçkilər haqqında qanun qəbul olunub və xalqa təqdim edilibdir. Parlamentə – Milli Məclisə seçkilər prosesi başlanıb, biz indi onun ən mühüm, ən məsuliyyətli mərhələsini yaşayırıq. Əminəm ki, biz bu böyük və şərəfli missiyanı layiqincə yerinə yetirəcəyik və Azərbaycan Respublikasının ilk demokratik parlamenti – Milli Məclisi seçilib fəaliyyət göstərməyə başlayacaqdır.
Biz indi Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi prosesi ilə məşğuluq. Bu, tarixi bir hadisədir və dövlət müstəqilliyini təmin etmək üçün ən əsas atributdur. Hər bir müstəqil dövlətin özünə layiq konstitusiyası olmalıdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndən bəri və xüsusən son dövrlərdə bizim gördüyümüz tədbirlər əsasında ölkəmiz demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu yolu ilə gedir. Bu yolla getmək üçün bizə demokratik prinsiplərə söykənən, həmin prinsipləri özündə əks etdirən, insan hüquqlarının tamamilə qorunmasını təmin edən, Azərbaycanın müstəqilliyini təmin edən yeni konstitusiya lazımdır.
Belə bir konstitusiyanın layihəsi hazırlanıb ümumxalq müzakirəsinə verilibdir. Güman edirəm ki, xalqımız bu layihənin müzakirəsində fəal iştirak edəcək, onun təkmilləşdirilməsi üçün, Azərbaycan Respublikasının bu günü və gələcəyindən ötrü layiqli bir konstitusiya olması üçün səylərini göstərəcək və biz noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycanın yeni konstitusiyasını qəbul edəcəyik. Yəni, bu yaxın vaxtlarda iki böyük hadisə baş verəcək – Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın ilk demokratik konstitusiyası qəbul olunacaq, ölkəmizin ilk demokratik parlamenti – Milli Məclisi seçiləcək, fəaliyyətə başlayacaqdır.
Şübhəsiz ki, konstitusiya qəbul olunandan sonra onun əsasında çox qanunlar qəbul ediləcəkdir. Yəni, müstəqillik yolu ilə getməyimiz üçün çox işlər görüləcək və bundan ötrü də çoxlu qanunlar qəbul olunacaq, əməli tədbirlər həyata keçiriləcəkdir. Ancaq bunların hamısının əsasını yeni konstitusiya, onun zəminində Azərbaycanın dövlət orqanlarının formalaşması və Azərbaycanın yeni parlamentinin fəaliyyəti təşkil edəcəkdir. Əminəm ki, biz bunlara nail olacağıq.