Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa müraciəti (18 oktyabr 1996)
Əziz həmvətənlər, bacılar və qardaşlar!
Azərbaycan Respublikasının vətəndaşları!
Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqı dövlət müstəqilliyini əsrimizin əvvəlində əldə edibdir. 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaranıb, Azərbaycan müstəqil dövlət olubdur. Sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum olmuşdur. Ancaq sonrakı dövr Azərbaycan xalqının böyük inkişaf dövrü olmuşdur. Xalqımız maariflənmiş, Azərbaycan elmi, mədəniyyəti, təhsili yüksək sürətlə inkişaf etmiş, respublikamızda güclü iqtisadi potensial yaranmışdır.
1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.
Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının hamısının üzvüdür, iştirakçısıdır. Ötən beş il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf etmiş, möhkəmlənmişdir. Ancaq bu dövr ölkəmizin həyatında çox gərgin və mürəkkəb proseslər dövrü olmuşdur.
Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən artıq Ermənistan tərəfindən başlanmış hərbi təcavüz nəticəsində torpaqlarının silahla müdafiəsi ilə məşğul idi, Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulmuşdu, torpaqlarının bir hissəsi işğal olunmuşdu. Bu proses sonra da davam etmiş, biz Ermənistan silahlı qüvvələrinin Azərbaycana etdiyi hərbi təcavüzdən indi də xilas olmamışıq. Bununla yanaşı, Azərbaycanın daxilində də çox gərgin ictimai-siyasi proseslər getmiş, ayrı-ayrı silahlı dəstələr, ayrı-ayrı siyasi qruplar, dəstələr hakimiyyət uğrunda mübarizə aparmış, onlar respublikada daxili ictimai-siyasi vəziyyəti pozmuş, gərginləşdirmiş və şübhəsiz ki, bu, Ermənistanın Azərbaycana təcavüzünün güclənməsinə səbəb olmuşdur. Məhz bu səbəbdən də Azərbaycan Ermənistanın hərbi təcavüzünün qarşısının alınmasında çətinliklərlə üzləşmiş və torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Müstəqil Azərbaycan Respublikası ötən beş il ərzində böyük sınaqlardan keçmişdir. Müstəqilliyimizin möhkəmlənməsinə mane olan qüvvələr həm xaricdə, həm də daxildə mövcud olmuşdur. Onların qarşısını almaq, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək ən əsas vəzifə olmuşdur. Daxildə gedən proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə maneçilik törətmişdir. Hakimiyyət mübarizəsi, hakimiyyətin güclə dəyişdirilməsi halları Azərbaycandakı daxili vəziyyəti çox gərginləşdirmişdi. Xüsusən, 1993-cü ilin iyun ayında Azərbaycanda çox ağır bir vəziyyət yaranmış, respublikada vətəndaş müharibəsi baş vermiş, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında olmuşdur. Bunun qarşısı alınmış, ancaq ondan sonrakı dövrdə də Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etmiş və respublikamızda dövlət çevrilişinə iki dəfə cəhd göstərilmişdir.
Xalqımızın iradəsi və müstəqil Azərbaycan dövlətinə sadiqlik bütün bu sınaqlardan çıxmağa imkan yaratmışdır. Biz bütün bu çətinliklərin qarşısını ala bilmişik və Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanmışdır.
Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, ötən beş il ərzində, xüsusən son illərdə respublikamızın dövlət müstəqilliyi gündən-günə güclənmiş, Azərbaycan dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurmuş, sazişlər imzalamış, beynəlxalq təşkilatlarda öz sözünü, mövqeyini daim açıq-aydın bildirmişdir. Dövlət Müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edilmişdir.
Bu illərdə Azərbaycan xalqının böyük itkiləri olmuş, torpaqlarımızın müdafiəsində ölkəmizin suverenliyini, ərazi bütövlüyünün müdafiəsində insanlar qəhrəmancasına vuruşmuş, həlak olmuşlar. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü yolunda canlarını qurban vermiş insanların xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Eyni zamanda, ötən bu dövrdə Azərbaycan xalqının çox böyük nailiyyətləri vardır. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, müstəqilliyi qoruyub saxlamışıq və onu bu gün dönməz etmişik. Böyük nailiyyət ondan ibarətdir ki, keçən ilin noyabr ayında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu Konstitusiya respublikamızda hüquqi, demokratik, dünyəvi dövlətin bundan sonra da qurulması, inkişaf etdirilməsi üçün hüquqi əsaslar yaratmışdır. Keçən ilin noyabrında demokratik seçkilər, çoxpartiyalı sistem əsasında müstəqil Azərbaycan Respublikasının ilk parlamenti seçilmişdir.
Azərbaycan iqtisadi islahatlar aparır, respublikamızda bazar iqtisadiyyatı inkişaf etdirilir. Ölkəmiz öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq, dünya iqtisadi məkanında olmaq üçün lazımi tədbirlər görür. Dünyanın böyük şirkətlərinin, xüsusən, dünyanın böyük neft şirkətlərinin Azərbaycana marağı gündən-günə artır. Xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətli olan müqavilələr imzalanmışdır, iqtisadi əməkdaşlıq gündən-günə inkişaf edir.
Bütün bu tədbirlərin, həyata keçirilən iqtisadi islahatların hamısı Azərbaycanın iqtisadiyyatını tədricən dirçəldir və mən əminəm ki, bundan sonra onun inkişaf etməsinə imkan yaradacaqdır. Bunlar hamısı Azərbaycanın müstəqil dövlət kimi yaşaması, xalqımızın rifah halının yaxşılaşması üçün əsas zəmin yaradır.
Bu gün biz dövlət müstəqilliyimizin beşinci ildönümünü qeyd edərkən yaxşı dərk edirik ki, qarşıda çox böyük vəzifələr durur. Ən böyük vəzifə ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, ölkəmizin işğal olunmuş torpaqları azad edilsin, işğal olunmuş torpaqlardan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıtsınlar. Bu yolda aparılan işlər öz səmərəsini verir. Əminəm ki, biz tutduğumuz yolla, bu məsələnin sülhlə həll olunması yolu ilə bundan sonra da gedəcəyik və qarşıda qoyulan məqsədə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunacaqdır. Ölkəmizdə demokratik proseslər bundan sonra daha da sürətlə inkişaf etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyət formalaşır, demokratik hüquqi dövlət quruculuğu davam edir və mən əminəm ki, biz gələcəkdə bu sahədə də böyük nailiyyət əldə edəcəyik.
Ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, artıq Azərbaycanda, onun daxilində ictimai-siyasi sabitlik yaranıbdır. İnsanlarımız rahat yaşayır və onların rahat yaşaması üçün hər cür şərait yaranıbdır. Bu da müstəqilliyimizin bəhrəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
Bizim vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Biz bu yolla gedirik və bu yolla gedib yeni uğurlar əldə edəcəyik.
Mən bu bayram günü bütün Azərbaycan xalqına səadət, xoşbəxtlik arzu edirəm, xalqımızı bir daha birliyə, həmrəyliyə dəvət edirəm. Xalqımızı bir daha Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığımız mübarizəyə qoşulmağa dəvət edirəm. Xalqımızı bir daha Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunda iştirak etməyə dəvət edirəm. Xalqımızı bir daha Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək yolunda aparılan işlərdə fəal iştirak etməyə dəvət edirəm.
Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı və səadət arzulayıram.