Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına təbriki (17 oktyabr 1997)
Əziz vətəndaşlar, bacılar və qardaşlar!
Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqı bu yuzillikdə ilk dəfə dövlət müstəqilliyini əsrimizin əvvəllərində əldə etmiş və 1918-ci ildə öz demokratik dövlətini yaratmışdır. Lakin o zaman mövcud olan xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq təminatın olmaması üzündən bu dövlət qısa müddət fəaliyyət göstərərək süqut etmişdir. Xalqımız sonrakı dövrdə milli azadlığından, dövlət müstəqilliyindən məhrum olsa da, iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün zəruri olan digər əsasları yaratmışdır.
1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmiş, 18 oktyabrda respublika Ali Sovetinin qəbul etdiyi dövlət müstəqilliyi haqqında konstitusiya aktına dekabrın 30-da ümumxalq səsverməsi - referendum vasitəsilə huqüqi təminat yaradılmışdır.
Keçən altı ildə ölkəmiz öz müstəqilliyini bütün dünyada tanıtmış, beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmiş, dünya dövlətləri ilə bərabərhüquqlu əlaqələr yaratmışdır. Bu illərdə daxili və xarici qüvvələrin ciddi təxribat və maneələrinə baxmayaraq dövlət müstəqilliyimiz qətiyyətlə qorunmuş və onun yaşaması üçün vacib olan bütün tədbirlər görülmüşdür. Mən əminəm ki, əldə olunan uğurlar bundan sonra da inkişaf etdiriləcəkdir.
Bu gün qarşımızda duran ən mühüm vəzifə Ermənistan–Azərbaycan konfliktinin ləğv edilməsi, işğal edilmiş torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, didərgin düşmüş vətəndaşlarımızın öz yurdlarına qaytarılması, iqtisadi tərəqqiyə nail olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, siyasi və iqtisadi islahatların həyata keçirilməsi, demokratik proseslərin daha da dərinləşdirilməsidir.
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Bu bayram günü bütün Azərbaycan xalqına səadət, əmin-amanlıq arzulayıram. Xalqımızı müstəqilliyimizin əbədiliyi və dönməzliyi uğrunda apardığımız mübarizədə daha möhkəm əzm, iradə, qətiyyət nümayiş etdirməyə çağırıram.