Berlində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümləri qeyd olunmuşdur (17 oktyabr 2011)
Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşəbbüsü və
təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin
20-ci ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci ildönümü,
eyni zamanda, Türk-Azərbaycan Birliyinin (TAB) tanıdılması münasibətilə
bayram tədbiri keçirilmişdir.
Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, əvvəlcə TAB-ın idarə heyətinin üzvləri Almaniyanın KİV
nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirərək, cəmiyyətin
yaranması tarixi və məqsədləri haqqında məlumat vermişlər.
DİDK-nın
dəstəyi, TAB-ın təşkilatçılığı ilə Almaniyadakı Azərbaycanlıların
Əlaqələndirmə Mərkəzi (AAƏM) ilə birgə keçirilən tədbirdə Azərbaycanın
Almaniyadakı səfiri Pərviz Şahbazov və Türkiyənin Berlindəki baş konsulu
Mustafa Polat iştirak etmişlər.
TAB-ın sədri, alman Bundestaqının
keçmiş üzvü professor Hakkı Keskin vurğulamışdır ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” idealından
çıxış edərək iki qardaş ölkənin tarixi bayramlarını Berlində cəmiyyət
tərəfindən qeyd edilməsi qərara alınmışdır. H.Keskin, həmçinin TAB-ın
yaradılmasının tarixi, zərurəti və məqsədləri haqqında qonaqlara məlumat
vermişdir.
P.Şahbazov Türkiyə Cümhuriyyətinin 88-ci və Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci
ildönümlərinin birlikdə qeyd edilməsinin mühüm bir hadisə olduğunu
demişdir. Diplomat 20 il ərzində Azərbaycanın qazandığı uğurlardan
danışmış və ölkəmizin hər zaman Türkiyədən dəstək aldığını
vurğulamışdır. Türkiyə-Azərbaycan əlaqələrinin nəinki türk dünyası,
eləcə də bütün dünya üçün nümunə olduğunu vurğulayan P.Şahbazov demişdir
ki, bu münasibətlər türk dünyasının birləşməsində mühüm rol oynayır.
M.Polat
isə müsəlman ölkələri arasında ilk dəfə olaraq Azərbaycanın hələ
1918-ci ildə ilk demokratik respublika yaratdığını qeyd etmiş,
Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini demişdir.
Bayram
tədbirində Azərbaycanın və Türkiyənin iş adamları, Azərbaycan
diasporunun üzvləri, türk icmasının nümayəndələri və s. iştirak
etmişlər.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
Bakı,
AzərTAc