Bakı, 5 noyabr, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ölkəmizin Kanadadakı səfirliyi Ottavada Karlton Universitetinin nəzdindəki Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutu ilə birgə elmi konfrans təşkil edib.

Azərbaycanın Kanadadakı səfirliyindən SalamNews-a verilən məlumata görə, konfransda ölkəmizlə bağlı siyasi və iqtisadi məsələlər, milli kimliyin inkişafı, tarix, dil və digər mövzular müzakirə edilib. Konfransda Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun direktoru, eyni zamanda, konfransın moderatoru professor Jeff Sahadeo və qurumun tədqiqatçısı, professor Robert Cutler, Massaçusets Universitetinin tarix departamentinin professoru, tanınmış alim Audrey Alstadt, Ottava Universitetinin professoru Mathieu Courville, Toronto Universitetinin nəzdindəki Avropa, Rusiya və Avrasiya tədqiqatları İnstitutunun tədqiqatçısı Melita Kuburas mühazirələrlə çıxış ediblər.

Tədbirdə Kanadanın dövlət qurumlarının əməkdaşları, ictimaiyyətinin nümayəndələri, Karlton və Ottava universitetlərinin tələbə və müəllim heyəti qatılıb.


SalamNews