Bakı, 5 dekabr (AzərTAc). Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatının, Ərzurum Əziziyyə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ərzurum Atatürk Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı “Müstəqilliyinin 20-ci ilində Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, “Bir ürəkdə iki can: Türkiyə - Azərbaycan” şüarı ilə keçirilən konfransda hər iki ölkə parlamentlərinin deputatları, taninmiş siyasətçilər, elm adamları, siyasi analitiklər, tələbələr, media mənsubları və digər təbəqələrin təmsilçiləri iştirak etmişlər.
Tədbir hər iki ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, Türkiyə və Azərbaycanın dövlət himnlərinin ifası ilə başlanmışdır.
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin rəhbəri, “Ekoavrasiya” dərgisinin baş redaktoru Hikmet Eren tədbiri giriş sözü ilə açaraq Azərbaycanın son iyirmi ildə əldə etdiyi uğurlardan danışmışdır. Natiq xüsusilə bu müddətdə Türkiyə ilə Azərbaycan arasında imzalanmış mühüm sazişləri diqqətə çatdıraraq bu gün iki dövlətin siyasi-iqtisadi və strateji əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.
Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatı sədrinin müavini Kutluhan Yazıcıoğlu belə bir tədbirin keçirilməsindən məmnun olduqlarını bildirərək, bu gün Azərbaycanın bölgədə söz sahibinə çevrilən bir dövlət səviyyəsinə yüksəldiyini bildirmişdir.
Əziziyyə bələdiyyəsinin sədri Fateh Cengez ötən əsrin əvvəllərində Ərzurumun müdafiəsində azərbaycanlıların böyük rolunu vurğulayaraq, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğal altında olduğunu və bu torpaqların gec-tez azad ediləcəyini söyləmişdir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, doktor Necdet Ünüvar ölkəsinin istiqlal savaşında qələbəsində Azərbaycanın maddi və mənəvi rolunun əhəmiyyətini xüsusi xatırlatmışdır. Necdet Ünüvar bu yaxınlarda Vanda baş vermiş dəhşətli zəlzələdən sonra Türkiyəyə yardım edən ilk ölkənin dost və qardaş Azərbaycan olduğunu diqqətə çatdırmışdır. O, 3 təyyarə dolu heyəti ilə zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək göstərən Azərbaycana təşəkkür etmişdir.
Ərzurum Texniki Universitetinin rektoru, professor Muammer Yaylalı Ərzurumda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunmasından qürur duyduğunu bildirərək bizim elə bir qardaşlığımız, elə bir bağlılığımız vardır ki, dünya durduqca davam edəcəkdir demişdir.
Qara Dəniz Ölkələri Parlament Assambleyasının sədri, TBMM-in deputatı İsmayil Safi Azərbaycanın beynəlxalq arenada söz sahibinə çevrildiyini diqqətə çatdıraraq ölkələrimizin beynəlxalq təşkilatlarda daim bir-birlərinə dəstək verdiklərini söyləmişdir.
TBMM-in deputatı Feramez Üstün Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünün Türkiyədə qeyd edilməsindən çox xoşbəxt olduğunu söyləmişdir. Demişdir ki, hələ 1990-cı il yanvarın 20-də universitetdə tələbə olarkən sovet ordusunun Azərbaycanda törətdiyi faciəyə qarşı etiraz aksiyaları keçirdiklərini bildirmişdir.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov çıxışında iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulayaraq bundan sonra əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
TBMM-in Ərzurumdan seçilmiş deputatı Muhyettin Axsaq isə bu bölgənin Türkiyə-Azərbaycan münasibətlərindəki yeri və rolu barədə fikirlərini bölüşmüşdür.
Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanın öz əzəli torpağı olan Dağlıq Qarabağın erməni işğalı altında qalmasını heç vaxt qəbul etməyəcəyini bildirmişdir. Deputatın “Ermənistan o torpaqları işğal etsə də, heç bir zaman Azərbaycanın bu əzəli və əbədi ərazisinə sahib ola bilməyəcək” sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, professor Nizami Cəfərov da qardaş ölkələrimiz arasında sosial-iqtisadi, mədəni və siyasi əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əminliyini söyləmişdir.
Türkiyə-Qazaxıstan parlament dostluq qrupunun rəhbəri, TBMM-in deputatı Haluk İpək isə Qarabağın işğalına son qoyulmayanadək Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını bildirmişdir.
Sonda hər iki ölkənin ictimai-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə TBMM-in deputatları, ziyalılar Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi “Bəxtiyar Vahabzadə” mükafatına; azərbaycanlı deputatlar Qənirə Paşayeva və Nizami Cəfərov isə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin “Türk dünyasına xidmət” mükafatına layiq görülmüşlər.
Konfrans öz işini bölmələr üzrə davam etdirmişdir. Bölmə iclaslarında Azərbaycan və Türkiyədən olan elm adamları, QHT rəhbərləri məruzələrlə çıxış etmişlər.
Dekabrın 3-də isə Ərzurumda Dünya Gənc Türk Yazarlar Birliyi və Əziziyyə bələdiyyəsi tərəfindən təşkil olunmuş Azərbaycan şairləri və ozanlar gecəsi böyük müvəffəqiyyətlə keçmişdir.