Minsk, 8 dekabr (AzərTAc). Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün MDB-nin Minskdəki iqamətgahında Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunmuş sərgi açılmışdır.

Sərgidə birliyin əsas sənədləri, çap məhsulu və kitablar, MDB-nin fəxri nişan nümunələri, suvenirlər və hədiyyələr nümayiş etdirilir. Dörd stenddə birlik çərçivəsində əməkdaşlığın əsas istiqamətlərinə - iqtisadi, humanitar, hərbi və hüquqi əməkdaşlığa dair informasiya yerləşdirilmişdir.

Sərginin açılış mərasimində birliyin İcraiyyə Komitəsinin rəhbərliyi, MDB ölkələrinin səfirləri və daimi nümayəndələri, Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və missiyaların, o cümlədən Azərbaycan nümayəndəliyinin əməkdaşları, digər rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Minsk