Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ilə ABŞ-ın Los-Anceles şəhərində ziyafət təşkil olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən keçirilən ziyafətdə ABŞ Prezidenti Administrasiyasının təmsilçisi, Dövlət Departamentinin əməkdaşları, Kaliforniya ştat qanunverici orqanlarının nümayəndələri, Los-Anceles şəhər və vilayətinin əməkdaşları, xarici dövlətlərin Los-Ancelesdəki baş konsulları, Kaliforniyanın müxtəlif universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi, Koreya, Vyetnam və İran icmalarının üzvləri iştirak ediblər. Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycanın və ABŞ-ın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışan diplomat müstəqilliyinin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini qeyd edib. Bildirilib ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan bu böhrandan xilas ola bildi. Ulu Öndər qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail oldu, Azərbaycanın bütün istiqamətlərdə müasir inkişafının və tərəqqisinin təməlini qoydu. Baş konsul Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycanın sürətlə çağdaşlaşan, sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrildiyini bildirib.

Sonra söz ABŞ Prezidenti Administrasiyasının Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Canna Skota verilib. Prezident Barak Obama tərəfindən bu vəzifəyə 2009-cu ildə təyin olunan və ABŞ-da etiqadlararası dialoq və əməkdaşlıq məsələlərində xüsusi rol oynayan C.Skot qeyd edib ki, bu gün dünyanın müxtəlif bölgələrində dini zəmində baş verən qanlı toqquşmalar fonunda, yerləşdiyi çətin regionda Azərbaycan sülh, əmin-amanlıq və tolerantlıq adası kimi diqqət çəkir. O, bu il keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini, səfər müddətində Azərbaycanda yaradılmış etiqadlararası tolerantlıq, anlaşma və multikulturalizm mühiti ilə yaxından tanış olmaq imkanı əldə etdiyini bildirib. C.Skot Azərbaycanda dinlərarası münasibətlərin dözümlülükdən də üstün səviyyəyə qalxaraq, qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayıb.

Daha sonra Los Anceles və Orinc vilayətləri adından təbrik bəyannamələri təqdim olunub.

Çıxışlardan sonra tədbir Azərbaycan musiqisinin ölməz əsərlərinin canlı ifası ilə davam edib.

Tədbir Azərbaycan milli mətbəxindən müxtəlif yeməklərin də daxil olduğu ziyafətlə başa çatıb.